TURİSTLƏR bizdən NİYƏ qaçır?
Bakıda son illərdə xeyli yeni hotellər tikilib. Həmçinin şəhərin xarici görünüşündə müsbətə doğru bir çox dəyişikliklər baş verib. Ancaq bütün bunlara baxmayaraq, turistlərin sayında artım müşahidə olunmur. Bu sahə ilə məşğul olanların fikrincə, əslində Bakı getdikcə turistlərin maraqlarından kənarda qalmağa başlayır. Bunun səbəbi isə müxtəlif cür izah edilir.Ekspertlər səbəbləri açıqlayır...
Rəsmi statistikaya görə, son 10 ildə ölkəyə gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Misal üçün, 2008-ci ildə Azərbaycana turist yollayışı ilə gələnlərin sayı 19,2 min təşkil etdiyi halda, 2014-cü ildə bu göstərici 10,6 minə düşüb. Bu rəqəmlərdən də göründüyü kimi bəhs etdiyimiz sahə üzrə iki dəfəyə yaxın azalma müşahidə olunur.
Eyni zamanda ölkədən xaricə turizm yollayışı ilə gedən turistlərin sayı isə ildən-ilə artıb. Elə yuxarıda qeyd etdiyimiz illərdə xaricə gedənlərin sayına diqqət etsək şahidi oluruq ki, 2008-ci ildə Azərbaycandan xaricə 40,3 min nəfər turizm yollayışı ilə səfər etmişdisə, 2014-cü ildə bu say 81,6 minə qalxıb. Burada isə təxminən iki dəfə artım var.
Məsələ ilə bağlı musavat.com-a danışan turizm üzrə ekspert Məmməd Əliyev bildirib ki, Bakıya turistləri cəlb etmək üçün ilk olaraq burada qiymətlərə nəzarət etmək lazımdır: “Digər ölkələrlə müqayisədə demək olar ki, Bakı turistlərin marağında deyil. Çünki hər şey bahadır. Ancaq son illərdə əvvəlki zamanlarla müqayisədə az da olsa turistlərin sayında artım müşahidə olunur. Lakin bu, nəzərəçarpacaq dərəcədə böyük rəqəmlərlə deyil. Bakıda keçirilən oyunların da turizmin inkişafına təsiri deyərdim ki, olmadı. Novruz bayramı ərəfəsində adətən Bakıya iranlılar çox gəlirlər. Digər ölkələrdən isə demək olar ki, gələn olmur. Hotellərə baxsaq, bunu açıq şəkildə görmək olar. Bütün hotellər boşdur. Əgər İstanbulda 3-5 ulduzlu hotellərə baxarsaq, orada çox az halda boş yer görmək olar. Turistlərin əksəriyyəti Azərbaycana gəlincə, buradan daha ucuz olan Gürcüstana getməyi üstün tuturlar”.
Ekspert Elxan Vəliyev isə Azərbaycanda turizmin inkişafı üçün hansı addımların atılmalı olduğunu bildirib: “İlk növbədə qeyd edək ki, əvvəlki illərlə müqayisədə ölkədə turizmlə bağlı müəyyən tədbirlər həyata keçirilib. Ölkə başçısının hökumətin müşavirələrində bu sahə ilə bağlı tapşırıqlarından sonra da müəyyən hərəkətlilik var. Görülən tədbirlərdə rentabellik də nəzərdən keçirilsə, daha yaxşı olardı. Nəzərə alsaq ki, turizm sektorundan gələn gəlirlər iqtisadiyyatımızda bank sektorundan sonra ikinci barometr rolunu oynayır, o zaman bu sahənin inkişafı üçün konkret olaraq ciddi addımlar atılmalıdır. İlk növbədə bu sahədə maarifləndirməyə diqqət etmək lazımdır. Bu, həm ölkə daxilində, həm də xaricdə aparılmalıdır. Ölkə daxilində fəaliyyət göstərən şirkətlər maarifləndirilmə ilə bağlı lazımi tədbirlər həyata keçirmirlər. Şirkətlər daha çox xaricə meyllənməli, rəqabəti daha çox xarici bazarda axtarmalıdır. Yəni gəlirlərin formalaşmasında gəlmə turizmi prioritet olaraq qəbul olunmalıdır. Bu kimi məqsədli şirkətlərə də müəyyən güzəştlər şamil edilməlidir. Çünki onların gətirəcəyi hər bir xaricinin ölkənin inkişafında böyük rolu olacaq. Eyni zamanda bu sahədə qeyri-hökumət təşkilatlarının azlığından istifadə edərək də müəyyən qurumlar öz mənafelərinə uyğun davranırlar. Nəticədə isə ölkədə 2-3 şirkət mənafeyinə uyğun şəkildə bazarda oyunlarını həyata keçirir. Koordinasiyada kifayət qədər boşluq var. Bu hal da ölkənin turizm sektorunun inkişaf etməsinə mənfi təsir göstərir”.
Ekspert bildirib ki, eyni zamanda ölkəmizdə artıq çoxdan gözlənilən “taks-fri” güzəşti tətbiq edilməlidir: ““Taks-fri” xarici müştəriyə ölkəni tərk edərkən aldığı əşyalara xərclədiyi əlavə dəyər vergisinin məbləğinin geri qaytarılmasıdır. Bu güzəştin də tətbiq edilməsi turizmin inkişafına şərait yaradar. Bundan başqa, viza rejimində də dəyişiklik etmək olar. Misal üçün, konkret ölkələr seçilməlidir. Müəyyən zaman kəsiyində viza rejimi yığışdırılarsa, ölkəyə turist axınını təşkil etmək olar. Bu istiqamət üzrə də artıq bir çox addımlar atılıb. Novruz bayramı ərəfəsində ölkəyə turistlər gəldilər. Onlar pul xırdalamağa yer tapmırdılar. Bütün bu kimi xırda məsələlər də turistlərin ölkəyə axınına təsir edən amillərdəndir. Bunun qarşısını almaq lazımdır".
E.Vəliyev həmçinin qeyd edib ki, hotellərin şirkətlərlə sıx əlaqədə olmaması ölkədə turizm sektorunun inkişafına mane olur: “Dünya təcrübəsinə əsaslansaq görərik ki, hotellərlə şirkətlər arasında sıx əlaqələr mövcuddur. Bizim ölkəmizdə bu hal arzuolunan səviyyədə deyil. Eyni zamanda turistlərin daha çox gənclər olduğunu nəzərə alarsaq, onlar üçün əyləncə məkanları da yaradılmalıdır. Həmin obyektlər xüsusi nəzarət altında saxlanılmalı və ancaq xarici qonaqlar üçün fəaliyyət göstərməlidir. Turistə ölkəmizdə pulunu xərcləməsi üçün şərait yaratmaq lazımdır”. (musavat)