Azərbaycanlıların ən çox getdiyi ölkə - ÖLKƏDƏN çıxan YÜZ MİLYONLAR
Bunu Azərbaycan turizm sektorunun il ərzində təxminən 300 milyon dollar itirməsi kimi dəyərləndirmək olar. Artıq bir neçə ildir ki, yay tətilini Batumidə keçirən Dilara Əmirlinin ANS PRESS-ə bildirdiyinə görə, bir azərbaycanlı turist Gürcüstanda orta hesabla 300 dollar pul xərcləyir: “Azərbaycanlılar Gürcüstanda adətən 1 həftə – 10 gün qalır. Adambaşına 300-330 dollar xərclənir. Buraya həm yol pulu, həm ev kirayəsi, həm də yemək pulu daxildir. Bunu bizdəki qiymətlərlə müqayisə eləmək belə mümkün deyil”.
Dilara xanım Gürcüstanda xərcin belə az çıxmasının səbəblərini izah edir: “Yeməklər çox ucuzdur. Restoranda 3 nəfərə 30 lari, yəni təxminən 10 dollar pul ödədik. Amma biz Şəkidə 5 nəfərə heç bir içki-filan olmadan 55 manat verdik, yaydakı məzənnə ilə 50 dollar idi. Yəni orda yeməklər 3 dəfə ucuzdur”.
Göorünür, elə bu səbəbdən də Azərbaycanın turizm sektoru xaricdən qonaq qəbul edə bilmir. Azərbaycana Gürcüstandakı kimi yollayışsız turist axını müşahidə edilmir. Gələn yollayışlı turistlərin sayı isə ildən ilə azalır və bu işdə ictimai iaşə sektorunun rolu az deyil.
Ölkəyə gələn turistlərin ölkələr üzrə təsnifatı göstərir ki, gələn turistlər Azərbaycan mətbəxi ilə yaxın tanış olan ölkələri təmsil edirlər – 2014-cü ildə gəlmiş 10 min 657 turistin 4 min 192-si rusiyalı, 4 min 174-ü isə türkiyəli olub. Azərbaycana gələn turistlər əsasən kabab və plov kimi ənənəvi yeməklərin dadına baxmağa gəlirlər. Buna görə də turist sayının ildən ilə azalması başqa amillərlə yanaşı restoran biznesindəki vəziyyətlə də bağlıdır. Azərbaycan restoranları əsasən ortadan yuxarı vəziyətli ailələr üçün xidmət göstərir.
Bu baxımdan postsovet ölkələrinin potensialı böyükdür. Gürcüstan hər il 5 milyona yaxın turist cəlb edir ki, bunun 1 milyona yaxın Rusiyadan gəlir. Azərbaycanın Rusiya ilə münasibətlərinin Gürcüstana baxanda xeyli isti olduğu, Azərbaycanda rus dilini bilənlərin sayının qat-qat yüksək olduğu nəzərə alınarsa, bu sahədə imkanlarımızın xeyli yüsək oluğunu anlamaq mümkündür. Bunun üçün, sadəcə, ictimai-iaşə və mehmanxana sektoru qiymətləri real səviyyəyə salmalıdır.