AZƏRBAYCAN TURİZMİ YENİ MƏRHƏLƏDƏ...

Turizm sektorunda atılan son addımlar bu sahədə Azərbaycanın əldə etdiyi gəlirlərin get-gedə artması ilə müşayiət olunur.
Ölkədə sabitlik, viza rejiminin asanlaşdırılması, qiymət siyasətində edilən dəyişiklik xarici turistlərin Azərbaycana marağını xeyli artırıb. Bunu Novruz tətilində Azərbaycana çoxsaylı əcnəbilərin gəlişi də təsdiqlədi.
Araşdırmalar göstərir ki, manatın devalvasiyasından sonra Azərbaycan qonşu ölkələrin turistləri üçün daha münasib olub. İrandan, Türkiyədən və digər qonşu ölkələrdən gələnlərin sayında artım qeydə alınıb. Bu ölkələrdən gələn turistlərə qiymət dollarla təqdim olunur və konvertasiya ilə Azərbaycan manatına çevirdikdə bu onlara sərf edir. Dollarla onlarda bu daha aşağı qiymətə başa gəldiyi üçün ötən illərlə müqayisədə ölkəmizə daha çox maraq var. Xarici ölkələrə gedənlərin sayı isə elə də çox deyil. Çünki devalvasiyadan sonra yerli turistlər xaricə getməkdən imtina edir. Otellərin sərfəli aksiyalar keçirməsi də yerlərin əvvəlcədən tutulmasına gətirib çıxarıb. Maraq doğuran digər məqam Rusiyadan gələnlərin sayında daha çox artımın qeydə alınmasıdır. Məlum olduğu kimi, Rusiya və Türkiyə arasında kəskinləşən münasibətlər iqtisadi sahəni də əhatə edir və bunun təsirləri Azərbaycana münasibətdə də özünü göstərir. Belə ki, ölkəmizdən Rusiyaya daha çox məhsul ixracına başlanıb və bu həcmin daha da artması gözlənir.
Ekspertlər hesab edir ki, turizm şirkətləri rus turistləri ölkəyə daha çox cəlb edə bilsələr, bu həm onların daha çox gəlir əldə etməsinə, həm də qeyri-neft sektorunun bu sahəsinin inkişafına böyük təkan verə bilər. Özü də nəzərə almaq lazımdır ki, ölkəmizin müasir və elitar turizm mərkəzinə çevrilməsi üçün bütün imkanlar var və bu imkanlardan istifadə edilərək Azərbaycan turizm baxımından inkişaf etmiş Avropa ölkələrinin səviyyəsinə çatdırıla bilər. "Kommersant" qəzeti isə yazır ki, artıq Rusiyada turistlərin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfər etməyə marağında artım qeydə alınıb. "Delfin" tur agentliyinin baş direktoru Sergey Romaşkin isə hətta Cənubi Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana turların rezervasiya sayında 50%-lik artım olduğunu qeyd edib.
MDB ölkələrinin populyarlığının artmasını "İnturist" Milli Turizm Şirkətinin satış direktoru Sergey Tolçin də qeyd edib. O, Azərbaycan turlarına olan tələbatın üç dəfə artdığını diqqətə çatdırıb. Cənubi Qafqaz ölkələrinə səyahətə olan tələbatın artımı müstəqil bronlaşdırma bazarında da qeydə alınıb. "DaTravel.com"un baş direktoru Vladislav Şevtsov deyib: "Biz, həmçinin, Bakı və Tiflisə artan marağa şahidlik edirik. Yanvardan aprelə qədər olan 3 aylıq müddətdə bu istiqamətlərdə satılan biletlərin sayı ötənilkilə müqayisədə 3 dəfə artıqdır". Hazırda xarici turistlərin üz tutduğu əsas məkanlardan biri "Şahdağ" Turizm Mərkəzidir. Bayram günlərində Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinə gələn turistlərin sayı xeyli artıb. Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də var. "Şahdağ" Turizm Mərkəzinin satış və marketinq şöbəsindən bildirilib ki, bayram günlərində mərkəzin xidmətlərindən gün ərzində orta hesabla minə yaxın turist faydalanır. Bu qış mövsümü açılandan bəri mərkəzi ümumilikdə 60 mindən çox turist ziyarət edib. Qəbələ də xeyli turist cəlb edə bilib. Bayram günlərində Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Latviya, İran, Gürcüstan, Ukraynadan olub. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 19-u beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Azərbaycanın digər bölgələrinə də üz tutan əcnəbilərin sayı artıb.
Qeyd edək ki, son illərdə turizm sektorunun infrastrukturunun inkişaf etdirilməsi ölkəyə gələn turistlərin sayının artmasına səbəb olub. Son beş ilin statistikası göstərir ki, ölkəyə gələn turistlərin sayında artım var. Amma o da faktdır ki, ölkəyə gələn turist sayının artmasına baxmayaraq, hələlik Azərbaycan ölkəyə gələn turistlərin sayına görə bir çox ölkələr, məsələn elə qonşu Gürcüstanla müqayisədə hələ lazımi nəticələr əldə edə bilməyib. Gürcüstana gedən turistlərin sayı Azərbaycana gələn turistlərin sayından təxminən iki dəfə çoxdur. Bu mənada turizm sektorunun inkişaf etdirilməsi və turizm sektoruna daha çox diqqətin ayrılması vacibdir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın turizmin inkişafı ilə bağlı kifayət qədər potensialı var. Ölkəmizin həm tarixi, həm iqlimi və coğrafiyası, həm də yerləşdiyi region imkan verir ki, Azərbaycan turizm sektorundan daha böyük miqdarda gəlir əldə etsin.
Nahid SALAYEV 






Fikirlər