Əli Ömərov: “Onu qovdum, dedim ki, çıx otağımdan!” – “ÜZ-ÜZƏ”

Cəmi iki il baş prokuror olmasına baxmayaraq, ölkədə bu vəzifəni daşıyan ən məşhur adam hesab oluna bilər. Çünki, adətən keçmiş baş prokuror deyəndə, ilk olaraq o yada düşür.

 
“ÜZ-ÜZƏ” layihəsinin budəfəki qonağı keçmiş baş prokuror Əli Ömərovdur. Hazırda Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinə dönəm sədrliyi edən Ə. Ömərov 1993-95-ci illərdə baş prokuror vəzifəsini icra edib. Və həmi dövrdə baş verənlər, dövlət çevrilişinə cəhdlər, prezidentə qarşı sui-qəsdlər haqda yetərincə məlumatlıdır.

 

(Əvvəli burada)



“YAP-a Publika.az-ın jurnalistinin sualından sonra üzv oldum”

– Siz bir müddət öncə Yeni Azərbaycan Partiyasına (YAP) üzv oldunuz. Maraqlıdır, bu zərurət nədən yarandı?

- Vallah, açığı deyim ki, mən YAP-a “Publika.az”ın əməkdaşı Vasif Həsənlinin verdiyi sualdan sonra üzv oldum. Vasif Həsənli məndən müsahibə alan zaman sual verdi ki, əgər sizi YAP-a, Heydər Əliyevlə bağlı keçirilən tədbirlərə dəvət etsələr, gedərsinizmi? Suala cavabımda dedim ki, mən Heydər Əliyevin adı ilə bağlı bütün yerlərə gedərəm. Sonra sual verdi ki, bəs YAP-a üzv olmaq istərdinizmi? Mən də dedim ki, Heydər Əliyevin qurduğu partiyaya əlbəttə ki üzv olmaq istəyərəm.
Vasif Həsənli sual verdi ki, Əli müəllim, bəs indiyədək nə üçün YAP-a üzv olmamısınız? Dedim ki, mən orqan işçisi olduğum üçün heç bir siyasi partiyanın üzvü ola bilməzdim və buna görə də ərizə verməmişəm. (həmin xəbərlə buradan tanış ola bilərsiniz: http://publika.az/p/49863).
Bu çıxışım mətbuatda dərc olunandan az sonra, evimə zəng edib telefon nömrəsi qoyublar ki, Əli Ömərova deyərsiniz, bu nömrəyə zəng etsin. Mən də həmin nömrəyə zəng etdim, telefonda mənimlə danışan YAP-ın icra katibinin müavini Əli Əhmədovun katibəsi idi. O da mənə dedi ki, Əli Əhmədov sizinlə danışmaq istəyir. Sonra Əli Əhmədovla danışanda, mənə dedi ki, arzunuz varsa, sizi YAP üzvlüyünə qəbul edə bilərik. Razısınızmı? Dedim ki, bəli, istəyirəm, razıyam. Bununla da YAP-a üzv qəbul olundum. Sonradan məni YAP-ın Nəsimi rayon təşkilatına dəvət edərək, ora üzv etdilər və partiyanın biletini təqdim etdilər. Mən bu gün də YAP-ın üzvüyəm.
Həmin ərəfədə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov da açıqlama vermişdi ki, Əli Ömərovun xidmətləri böyükdür və o partiya üzvlüyünə layiqdir. Yəni, mənim YAP-a üzvlüyüm bu şəkildə olub.  

– Əli müəllim, nəvəniz varmı? 

- Bəli, nəvələrim də, övladlarım da var. Allah hər kəsə can sağlığı, xoşbəxtlik qismət etsin. 

– Övladlarınızdan sizin yolunuzu davam etdirəni var? 

- Bəli, övladlarımın da hamısı mənim yolumu davam etdirir. Hüquqşünasıdırlar. Ancaq övladlarım da işsizdir. Bu yaxınlarda böyük oğlum baş prokurora ərizə ilə müraciət etmişdi ki, mənə iş verin. Cavab gəlmişdi ki, hələlik vakant işimiz yoxdur. Halbuki, bu gün də məni tez-tez tənqid edirlər ki, Zakir Qaralovu prokurorluq sisteminə Əli Ömərov gətirib və sairə. Bəli, vaxtilə Zakir Qaralovu işdən azad etmişdilər, mən kadrlar idarəsinin o zamankı rəisi Şahmalı Məmmədova göstəriş verdim ki, onu işə bərpa edin. Mən vaxtilə bunu etmişəm, ancaq mənim oğluma adi iş verilmir.
Bundan başqa, mənim iş təcrübəm də 18 illiklə hesablanıb. Ona görə 18 illiyə görə pensiya alıram. Əgər mənim iş təcrübəm 25 illiklə hesablansaydı, indi kifayət qədər normal pensiya alacaqdım. Zaman belə davam etməyəcək. Yəqin ki, Zakir müəllim də o da nə vaxtsa peşmançılıq çəkəcək. Axı mən pislik etməmişəm, ancaq yaxşılıq etmişəm...

“Tələb edirdilər ki, həbs olunması barədə sanksiya verim”

– O dövrdə Mahir və Rövşən Cavadov qardaşları ilə aranızda ciddi problem yaşanırdı. Bunun əsas səbəbləri nə idi? 

- Bilirsiniz ki, Afiyəddin Cəlilov ilə Şəmsi Rəhimovun qətlə yetirilməsinin istintaqına şəxsən özüm nəzarət edirdim. Bu cinayətlərlə bağlı şahidi də şəxsən özüm dindirmişəm. Həmin şahid avtomobilin arxa nömrəsini də dəqiq demişdi. Şahid bildirdi ki, avtomobil böyük çalaya düşüb. Biz sonradan həmin çalanı da tapdıq. Həmin çaladan torpaq götürdük və avtomobilin də arxa nömrəsindən kimliyini tapdıq. Maşının düşdüyü çalanın torpağı ilə həmin maşının təkərindəki torpaq kimyəvi tərkibinə görə eynilik təşkil etmişdi. Bütün bunlar bir daha sübut etdi ki, Afiyəddin Cəlilov ilə Şəmsi Rəhimovu vuran adam həqiqətən də həmin avtomobillə ərazidən uzaqlaşıb. Biz həmin adamı da araşdırıb tapdıq. Həmin adam avtomobili aparıb dayanacaqda Fazil adında bir nəfərə tapşırmışdı, özü isə toya getmişdi. Məqsəd isə cinayətin izini itirmək idi. Amma biz həmin adamın toyda olan müddətini də müəyyən etdik. Hətta, Fazil də bizə ifadəsində bildirdi ki, həmin adam maşını saxlayan zaman tapşırıb ki, ondan maşının nə vaxtdan saxlanıldığını soruşsalar, vaxtını əvvələ desin və bununla da izi itirsin. Fazil Mahir Cavadovun mühafizəçisi idi. Mən onu həbs etmişdim. Sonradan eşitdim ki, onu azadlığa buraxıblar. Fazil sonradan Rusiyaya qaçıb getdi. İstintaq da sübut etdi ki, Afiyəddin Cəlilov ilə Şəmsi Rəhimovu öldürən həqiqətən də bu adamdır. O azadlığa buraxılanda və sonradan tapılıb gətiriləndə isə baş prokuror Eldar Həsənov idi. Gətirəndən sonra da etiraf etdi ki, cinayəti o törədib. Ona görə də məhkəmə onun haqqında hökm çıxardı. Yəni, burada heç bir bayağı hərəkət yox idi. Cavadovun adamlarını tutduğuma görə mənə əsassız olaraq hücum etdilər.

– 1995-ci ilin mart hadisələrində Rövşən Cavadovun yaxın adamları sırasında adı hallanan Fərman Dəmirqol adlı şəxslə hər hansı tanışlığınız olmuşdumu?  

- İstanbul Universitetinin Hüquq fakültəsində Konstitusiya hüququ müəllimi işləyən Fərman Dəmirqol Türkiyə kəşfiyyatının adamı idi. Mən istefaya gedəndən sonra bir dəfə Türkiyədə səfərdə idim. Həmin vaxtı kiçik oğlum Türkiyədə buz xokkeyi sürürdü, mən də oturmuşdum. Bu zaman Fərman Dəmirqol yanıma gəlib salam verdi və qəfil mənə belə sual verdi: “Əli müəllim, əgər Heydər Əliyev bilsə ki, siz mənimlə görüşürsünüz, o zaman aqibətiniz necə olacaq?” Mən də dedim ki, hər bir insanla görüşmək normal haldır, həm də güman etmirəm ki, mənim kiminləsə görüşməyim Heydər Əliyevi maraqlandıra.
Sonra ona sual verdim ki, bəs sən kimsən? Dedi ki, mən Fərman Dəmirqolam, Bak Dövlət Universitetində işləmişəm, Cavadov qardaşlarının işi ilə əlaqədar həbs olunmuşdum, sonra məni Süleyman Dəmirəlin xahişi ilə Türkiyəyə ekstradisiya ediblər. Mən həmin vaxtı dəqiq bildim ki, bu adamın həqiqətən də Cavadov qardaşları ilə əlaqələri olub. Buna qədər isə onu tanımırdım. 
Cavadov qardaşları Azərbaycanın Baş Prokurorluğunun binasına silahlı hücum etmişdilər, şəxsən mənə 70 güllə atmışdılar. Bu gülləbaran zamanı oturduğum xidməti kreslonun qarşındakı stolun üzərində və arxamda yerləşən şkafın içərisindəki xeyli sayda sənədlər məhv oldu. Ancaq həmin güllələr təsadüfən mənə dəymədi.
Rəhmətlik Turqut Özalın bir sözü var idi. O deyirdi ki, bir adamı Allah istəmədən heç kəs öldürə bilməz. Həmin vaxtı da taleyin qisməti idi ki, mənə güllə dəymədi. Həmin vaxtı mərhum prokuror Şükür Rzayev kənarda otururdu, onun ayağına güllə dəymişdi, ayağından yaralanmışdı. Ancaq mənə güllə dəyməmişdi.
O vaxtı Cavadov qardaşları mənə çox təzyiq etdilər ki, Heydər Əliyev haqqında sanksiya qərarı çıxarım. Ancaq mən bunu etmədim. Bu hadisədən 2 gün sonra isə öz ərizəmlə istefa verdim.

“İstefa ərizəmdə yazmışdım ki, tutduğum vəzifəni artıq apara bilmərəm”

– İstefanızın səbəbi nə idi? 

- Mən qanunpərəst adamam. O vaxtı bizim mövcud olan məcəllədə yazılırdı ki, əgər hər hansı yüksək vəzifəli şəxs zərərçəkən şəxsdirsə, o, tutduğu vəzifədən getməlidir. Mən də həmin iş üzrə zərərçəkən olduğum üçün öz istefa ərizəmdə yazmışdım ki, tutduğum vəzifəni artıq apara bilmərəm. Xahiş edirəm ki, məni öz ərizəmlə vəzifədən azad edəsiniz.

– Bəs siz sonradan vəzifəyə qayıtmaq üçün cəhd etdinizmi? 

- Əlbəttə ki, etdim. Sadəcə bəzi “qara qüvvələr” mənim vəzifəyə qayıtmağıma imkan vermədi.

“Bəzi adamlar Heydər Əliyevi aradan götürmək istəyirdi”

– Bildiyimiz qədər, Heydər Əliyevin həyatına sui-qəsd cəhdi etmiş  Hasan Tokunu da siz tutmuşdunuz? 

- Bəli, Hasan Tokunu da mən həbs etmişdim. O, Heydər Əliyevin həyatına sui-qəsdə cəhd etmişdi.
Bu məsələ ilə bağlı mən təkcə Hasan Tokunu deyil, Naxçıvandan Aydın adlı şəxsi, Fərəc Quliyev və onun qardaşını həbs etmişdim. Çünki bu adamlar bir yerdə Heydər Əliyevin həyatına sui-qəsd etmək üçün Milli Məclisdə ona atəş açmışdılar, ancaq xoşbəxtlikdən güllə ona dəyməmişdi. Bu hadisə 1993-cü ildə olmuşdu. Bunun istintaqı gedəndən sonra tam sübut olundu ki, sui-qəsd cəhdini yuxarıda adları çəkilən adamlar ediblər. O vaxtı Ali Məhkəmənin sədri olmuş Xanlar Hacıyev və baş prokuror vəzifəsi daşayan şəxs kimi mən, bu adamlara cəza verilməsini tələb etdik. Sonra məhkəmə bu adamlara həbs qərarı verdi və onlar gedib həbslərini çəkdilər.
Heydər Əliyevə sui-qəsd planı cəhdləri Hasan Tokunun göstərişi ilə həyata keçirilirdi. O vaxtı Türkiyədə iqtidarda olan bəzi şəxslər Azərbaycan Xalq Cəbhəsini dəstəklədiyi üçün, Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirdilər. Həmin dövrdə Türkiyədə hökumətdə olan vəzifəli şəxslərin Xalq Cəbhəsi nümayəndələri ilə əlaqələri var idi. Ona görə də Heydər Əliyevi aradan götürmək istəyirdilər.

“Gəlib yalandan deyirdi ki, guya Heydər Əliyevə zəng edir, ancaq telefonu götürən yoxdur”

Yadınıza gəlirsə, o vaxtı Milli Məclisdə Heydər Əliyevin Bakıya dəvət olunması məsələsi müzakirə olunanda, mən, Arif Rəhimzadə və digər bir nəfər çıxış edərək dedik ki, Heydər Əliyev mütləq Bakıya qayıtmalıdır. Ancaq hazırda Milli Məclisdə oturan bir nəfər gəlib dedi ki, guya Heydər Əliyevə zəng edir, ancaq telefonu götürən yoxdur. Mənə elə gəlir ki, o vaxtı Heydər Əliyev ya zəng olunmamışdı, ya da yalandan deyilmişdi ki, guya Heydər Əliyev telefona cavab vermir. O dövrdə Azərbaycan xalqından savayı, hakimiyyətdə olan adamların əksəriyyəti Heydər Əliyevi istəmirdi. Nə Ayaz Mütəllibovun, nə də Əbülfəz Elçibəyin tərəfdarları istəmirdi ki, Heydər Əliyev hakimiyyətə gəlsin.

“Bu adamların hələ də Prezidentə qarşı planları qalır”

– Azərbaycanda 2013-cü ilin prezident seçkiləri ərəfəsi Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Milli Şura yaradıldı. Həmin ərəfədə isə Hasan Toku Moskvada Rüstəm İbrahimbəyovla görüşmüşdü. Bütün bunları növbəti dövlət çevrilişi cəhdi hesab etmək olardımı? 

- Doğrusu, mənim bundan xəbərim olmayıb. Əgər doğrudan da 2013-cü ilin prezident seçkiləri ərəfəsində Hasan Toku Rüstəm İbrahimbəyovla görüşübsə, deməli, onların indi də Prezident İlham Əliyevə qarşı planları var. Çünki həmin Milli Şurada təmsil olunanlar da Xalq Cəbhəsindən çıxan adamlardır. Görünür, bu adamların hələ də Prezidentə qarşı planları qalır. Ümumiyyətlə, adətən hadisələrin bir-biri ilə əlaqəsi olur.

“Baş prokuror olaraq milli təhlükəsizlik nazirinə istədiyim işi həvalə edə və yaxud ondan geri götürə bilirdim”

– Ötən ilin oktyabr ayında gözlənilmədən Eldar Mahmudov milli təhlükəsizlik naziri, Əli Abbasov isə rabitə və yüksək texnologiyaları naziri vəzifəsindən azad olundular. Onlar başda olmaqla bir neçə yüksək rütbəli məmurların vəzifədən azad olunması birmənalı qarşılanmadı. Bu barədə nə düşünürsünüz? 

- Eldar Mahmudov və Əli Abbasov Prezidentin sərəncamı ilə vəzifədən azad olunublar. Ancaq bir məsələyə mən hələ də təəccüb edirəm ki, Eldar Mahmudov bu qədər törətdiyi əməlləri qarşısında hələ də azadlıqda qalır. Bilirsiniz, Sovet İttifaqı vaxtında hər hansı idarə müdirinin tabeçiliyində olan hər hansı şəxs cinayət törədərdisə, həmin müdir mütləq cəzalandırılmalı idi. Ancaq indi bu adamlar bu qədər quldurluq əməlləri ilə məşğul olublar, Eldar Mahmudov hələ də azadlıqda qalır. Eldar Mahmudov Azərbaycan xalqının başına olmayan müsibətlər gətirib, neçə-neçə günahsız insanların varın-dövlətini quldurluq yolu ilə əlindən alaraq, özünə milyardlar toplayıb. O, bu gün azadlıqda olmamalıdır.
Mənim baş prokuror olduğum vaxtı milli təhlükəsizlik komitəsinin sədri Nəriman İmranov kabinetimə gələn zaman katibəmdən soruşurdu ki, Əli müəllimin əhval-ruhiyyəsi yaxşıdırsa, qəbuluna girim. Hətta, bir dəfə 20 yanvar faciəsinin istintaqı zamanı Nəriman İmranov mənə dedi ki, Vaqif Hüseynov cinayət işinin açılmasına mane olur. Mən də qayıdıb ona dedim ki, bu gündən cinayət işinin istintaqını şəxsən sənə həvalə edirəm. Mən baş prokuror olaraq milli təhlükəsizlik nazirinə istədiyim işi həvalə edə və yaxud ondan geri götürə bilirdim. Yəni, istədiyim işi daxili işlər nazirindən alıb milli təhlükəsizlik nazirinə, yaxud da əksinə edə bilmək cəsarətim var idi. Çünki bunlar baş prokurorun bilavasitə səlahiyyətinə aid olan məsələdir. Baş prokuror qanunlara ali nəzarət edəndir. Onun heç kəsdən asılacağı olmamalıdır.

“Eldar Mahmudovu otağımdan qovdum”

– Baş prokuror olan dövrdə Eldar Mahmudovla tanışlığınız olubmu?  

- Mən baş prokuror işləyəndə bir dəfə Eldar Mahmudov qəbuluma gəlmişdi. Həmin vaxtı Eldar Mahmudov Daxili İşlər Nazirliyinin İdarəsində şöbə rəisi çalışırdı. Mənim əlimdə iş olduğu üçün, qapıda bir az gözləməli olmuşdu. Sonra qəbuluma girəndə, mənə özündən razı şəkildə dedi ki, Əli müəllim mən filankəsin tanışıyam və sairə. Məni qapıda niyə gözlədirsiniz? Mən də onun bu sözünü kəsib otaqdan qovdum. Dedim, çıx otaqdan! 
Mən baş prokuror olanda da belə işləmişəm, heç bir nazirdən çəkindiyim hal olmayıb, kiminsə göstərişlərinə əməl etməmişəm.       

“Eldar Həsənov qədirbilən adamdır”

– Keçmiş baş prokuror Eldar Həsənovla münasibətləriniz necə olub? 

-  Eldar Həsənov qədirbilən adamdır. Bu gün də məni axtarır, münasibət saxlayır, hələ də məni özünə böyük hesab edir. Mən Eldar Həsənov haqqında ancaq yaxşı sözlər deyə bilərəm. Çox təəssüf ki, bir müddət əvvəl mənimlə Eldar Həsənovun arasını vurmağa çalışırdılar. Amma bu mümkün olmadı.
Vaxtilə təmənnasız vəzifəyə qoyduğum və indi də yüksək vəzifələrdə çalışan keçmiş işçilərim bu gün telefonlarıma cavab vermirlər. Ancaq Eldar Həsənov mənimlə mütəmadi olaraq əlaqə saxlayır, hal-əhval edir, xeyirdə-yasda zəng edir. Mənim üçün insanın yaxşılığı budur. Yaxşılığı itirmək lazım deyil. Mən heç zaman yaxşılığı itirməmişəm.      






Fikirlər