İ.İsmayılov: “Qorbaçovun arvadı zəng edirdi ki...”

İ.İsmayılov: “Qorbaçovun arvadı zəng edirdi ki...”Keçmiş baş prokurordan ilginc açıqlamalar

“25 ildir heç bir rəsmi şəxs bu suala cavab vermir və konkret sual da verilmir. Bakıya sovet ordusunu kim dəvət edib, kim rəsmi müraciət edib. Bu sualı həmin vaxt Azərbaycan Respublikasının baş prokuroru olmuş və hazırda Milli Məclisin deputatı olan İlyas İsmayılova ünvanlayıram. Cənab İlyas İsmayılov! 1990-cı ilin yanvar ayının 20-də Bakıda qırğın törədən sovet ordusunu Azərbaycana kim dəvət edib?”. Bunu sosial şəbəkədəki şəxsi profilində hüquqşünas Osman Kazımov yazıb. Mövzunun aktuallığını və illərdir cavabı verilməyən sualın cavabını almaq üçün "Yeni Müsavat"ın müxbiri Elşad Paşasoy qanlı yanvar hadisələri zamanı Azərbaycanın baş prokuroru işləmiş deputat İlyas İsmayılovla danışıb.

Virtualaz.org xeyli ilginc məqamların ortaya çıxdığı həmin müsahibəni oxucularına təqdim edir

- İlyas bəy, 1990-cı ilin 20 yanvarında Bakıda sovet ordusunu kim dəvət etmişdi?

- Mənim bu haqda heç bir məlumatım yoxdur. Bunu siyasi rəhbərlikdən soruşun.

- Heç olmasa Azərbaycandan dəvətlə bağlı gümanınız varmı?

- Mən gümanla danışmaq istəmirəm.

- Bəs Vəzirov, yaxud digər keçmiş Azərbaycan rəhbərliyinin bu hadisədəki məsuliyyəti barədə ən azı bir hüquqşünas kimi rəyə maliksinizmi?

- Buna fikir bildirməkdən ötrü əlinin altında konkret faktlar olmalıdır. Mən başqaları kimi deyə bilmərəm ki, “maa elə gəlir ki...” Hüquqşünas konkret fakta söykənməli və düşüncədən çıxış etməlidir. Ancaq əlbəttə, bu məsələdə çoxlarımız mənəvi məsuliyyət daşıyırıq. Mən qətiyyən heç nədən çəkinən adam deyiləm. Sadəcə olaraq məsuliyyətimi hiss edirəm. Hüquqşünas həmişə konkret fakta əsaslanıb qanunun mətnindən çıxış etməli, “maa elə gəlir” deməməlidir.

- Ancaq yəqin ki, o zaman bir hüquqşünas, yaxud da yüksək çinli məmur kimi özünüz üçün bu hadisələrdə ölkə rəhbərliyinin nə dərəcədə suçlu olması barədə araşdırma aparıbsınız...

- Yox. Mən daha nə araşdırma aparmalıydım? Allah uzaq eləsin, bizim başımız o faciələrdə elə qarışmışdı ki...Onsuz mənim bədxahlarım da əleyhimə fəaliyyət göstərirdilər. O zaman bizim 40-dan çox istintaq işimizdə çoxlu faktları qeyd etdik, təxirəsalınmaz tədbirlər həyata keçirildi, çox cinayətlərin üstünün örtülməsinə imkan vermədik. Bu faktları Hərbi Prokurorluğa göndərdik ki, istintaq aparsınlar. Mənim başım ancaq buna qarışmışdı.

- Mixayıl Qorbaçovun xatirələrində Bakıya qoşun yeritməsi ilə bağlı özünə bəraət qazandırmaq cəhdi var. Bu barədə nə deyə bilərsiniz?

- Mən hansısa kəskin fikir bildirməyi özümə yaraşdırmıram. Bu fəlakəti bizim başımıza Qorbaçov gətirib. Özünün ermənipərəst siyasətilə...Dağlıq Qarabağ problemi də bununla bağlıdır. Mənim bir yazım çıxdı, hörmətli Çapay Sultanovun kitabına yazdığım risenziyada da göstərmişəm. Dağlıq Qarabağda “Krunq”un rəhbəri Manuçarov haqqında cinayət işi qaldırmışdım, yaxşı da istintaq gedirdi. Onun dövlət əmlakını oğurlaması sübuta yetirilmişdi, üzünə duranlar da hamısı erməni idi. 13 nəfər adam da həbs olunmuşdu. Onlar hücum etdilər ki, Dağlıq Qarabağda cinayət işini Boqomolevin əlindən alıb yandırsınlar. Ancaq o, cinayət işini xilas etdi. Çox savadlı hüquqşünas idi. Sonra ermənilərin şikayəti əsasında bu işi bizdən aldılar. SSRİ Baş prokurorunun yanında mühüm işlər üzrə müstəntiq Konstantin Karlaviç Maydanyuka verdilər. O da işi çox yaxşı aparırdı. O vaxt SSRİ Baş prokuroru Aleksandr Suxorev mənə zəng etdi ki, “səhər Bakıya gəlirəm, məni qarşıla”. Onun istintaq üzrə müavini Aleksandr Katusev də Bakıdaydı. Dedim müavini burda olduğu halda görəsən niyə gəlir. Gəldi, onu o vaxt Prezident Aparatı yanında “Respublika” mehmanxanası var, orda yerləşdirdik. Söhbət əsnasında dedi ki, Manuçarovun qətimkan tədbirini dəyişmək olar. Manuçarovu Yerevanda həbs edib Şuşa türməsinə gətirmişdilər. Özündən demək kimi çıxmasın, onun həbs olunmasında da əsas rollardan biri mənə məxsus idi. Katusovdan çox xahiş etdim. Dedim necə ola bilər ki, bu cinayətkar Manuçarov gedib Yerevanda işləyir, ortada sübutlar da var. O da öz vəzifəsini yaxşı bilən prinsipial adam idi. Mehmanxanada qalırdı, bir dəfə evimə hökumət telefonuna zəng etdi ki, “gəl bura”. Getdim, dedi ki, Manuçarov artıq həbs olundu və Şuşa həbsxanasına gətirildi. Allah rəhmət eləsin, çox peşəkar hüquqşünas idi, sonra o özünü öldürdü, Həm də Azərbaycanpərəst bir insan idi.

- Onun burda çalışmasının səbəbi nə idi?

İlyas İsmayılov: “Mütəllibov məsələ qaldırmışdı ki, ya mən işləməliyəm, ya da İsmayılov”

- Onu Moskvadan göndərmişdilər ki, görsün bu işi düzgün aparırıq, ya yox. Müstəntiq də Baş prokurora sübutlarla məruzə etdi, Manuçarovdan başqa 13 nəfər də həbs olunmuşdu. Bu işdə əsas sübut növü kimi maddi sübutlar əldə olunmuşdu. Ermənilər çoxlu qızıl, daş-qaş, pullar, qiymətli əşyaları divarın içinə qoyub hörmüşdülər. Bunların hamısını biz tapıb götürmüşdük.

- Bu hadisə harda və nə zaman olmuşdu?

- Stepanakertdə - Xankəndində - 1989-cu ildə olmuşdu. Manuçarov “Krunq”un rəhbəri idi. Həm də daş karxanasının müdiri idi, pulun hesabına camaatı qaldırırdı...SSRİ Baş prokuroru müstəntiqə təklif etdi ki, Manuçarovun qətiimkan tədbirini dəyiş, yəni türmədən azad elə. Ancaq o, dedi mən dəyişə bilmərəm, bunun cinayəti sübuta yetirilib. Dedi onda heç olmasa onu Şuşadan Moskva təcridxanalarının birinə “etap” elə. Müstəntiq dedi onu da edə bilmərəm, çünki burda onunla bərabər 13 nəfər də həbs olunan cinayətkar var, mən gündəlik istintaq hərəkətləri aparmalıyam. 14 nəfəri də Moskvaya köçürtmək düzgün deyil, çünki cinayət burda olub. Elə bu arada kimsə Moskvadan Baş prokurora zəng etdi. Baş prokuror həmin adama çox gözəl cavablar verdi ki, cinayəti sübut olunub və müstəntiqin dediklərini çatdırdı. Zəng edən də başladı ki, “niyə ermənilərə qarşı repressiya aparırsınız” və s. Prokurorun dediklərindən narazı qaldı. Sonra Baş prokuror dedi ki, zəng edən Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü Yakovlev idi. Baş prokuror da müstəntiqin mövqeyini müdafiə etdi. Ancaq buna baxmayaraq, səhər hərbi vertolyot Şuşaya gəldi, Monuçarovu götürüb Moskvaya apardı. Hər hansı dustağın bir təcridxanadan başqasına aparılması üçün müstəntiqin “etap” olunma haqqında qərarı olmalıdır. O qərarı da prokuror təsdiqləməlidir. Bu qərarsız həmin təcridxana dustağı qəbul etməməlidir. Ancaq belə bir qərar olmadan Manuçarovu Moskvaya, Lefortovaya apardılar. Tez-tələsik də Ermənistana deputat seçdilər. Saxarov və Stravoytova da aparıb Manuçarovun deputat mandatını verdi, onu həbsdən çıxartdılar.

90-cı il idi. Onda məni Moskvaya işə keçirtdilər. Mən Moskvaya işə gedəndən sonra da bu işlə maraqlanırdım. Müstəntiqin də mənə münasibəti çox yaxşı idi. SSRİ Baş prokurorunun müavini və işi aparan müstəntiqin mənə dediyinə görə, Qorbaçovun arvadı Raisa Qorbaçeva zəng edirdi ki, “bu işi xətm edin”. Onlar da çox sağ olsunlar, xətm eləmədilər. Sonra bu işi SSRİ Ali Məhkəməsinə göndərdilər. Ali Məhkəmənin sədri işə baxmadı, Belorusiya Ali Məhkəməsinə göndərdilər. Belorusiya Ali Məhkəməsi də baxmayanda Brest Vilayət Məhkəməsinə göndərdilər. Brest məhkəməsi də ilk dəfə olaraq qərarla işi təkmil istintaqa göndərdi. SSRİ prokurorluğunda buna protest hazırlanırdı, SSRİ dağıldı. İndi siz görürsünüzmü bu işlərlə kimlər maraqlı idi. Belə olan halda Azərbaycanda hansısa günahkarı axtarmağın mənası yoxdur.

“Krunq”un rəhbəri Manuçarov həbs olundu və Şuşa həbsxanasına gətirildi”

Sizin o zaman Moskvaya vəzifəyə aparılmağınızda hansı niyyət var idi?

- Mütəllibov məsələ qaldırmışdı ki, ya mən işləməliyəm, ya da İsmayılov. Onlar da məni işdən çıxartmaq istəmirdilər. SSRİ Baş Prokurorunun müavini də gəlmişdi, Mütəllibovla görüşdü, dedi biz onu işdən çıxara bilmərik. Çünki bizim ən yaxşı prokurorlardan biridir. SSRİ Baş Prokurorluğu da bir az sərbəst hərəkət edən orqan idi. Sonra məni Moskvaya dəvət etdilər. SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin hüquq-mühafizə orqanları şöbəsinin müdiri vardı - ölübsə, Allah rəhmət eləsin, qalıbsa, ona da uzun ömür arzulayıram - Pavlov Aleksandr Sergeyeviç, məni çağırdılar. O, mənə dedi ki, siz təmiz adamsınız. Bu keyfiyyət isə çox yüksək qiymətləndirilir, Qafqazda xüsusilə. Dedi biz bilirik kimlər hakimiyyətə gəlib. Mən dedim məni istəmirlər, ancaq işləyirəm. Əgər çıxartmaq istəyirsinizsə, çıxarın. Dedi biz öyrənmişik sizin uşaqlarınız da

Rusiyada oxuyurlar. O vaxt böyük oğlum Leninqradda, kiçik oğlum da Moskva Universitetində oxuyurdu. Dedi nə var o gərginlikdə? Gəlin, burda sizin böyük perspektiviniz ola bilər, ev alın uşaqlara. Gördüm bu, mənə qayğı göstərir, bizimkilər də gözümü çıxartmaq istəyirlər və razılıq verdim. Beləcə, mən SSRİ Baş Prokurorunun islah əmək düşərgələrinə nəzarət edən idarədə şöbə rəisi oldum. Mənim 16 nəfər işçim vardı.

- Nə qədər işlədiniz?

- Burdan gedəndən SSRİ dağılana qədər. Burdan iyul ayında getdim.

- Ayaz Mütəllibovla sizin aranızda nə problem vardı?

- Vallah bilmirəm. Mənim ona münasibətim həmişə yaxşı olub. Bu barədə heç danışmaq istəmirəm.

- Bu günlərdə Amerika konqresmenlərinin 90-cı ildə Qorbaçova müraciəti ilə bağlı bir sənəd ortaya çıxdı. Con Kerri və digərlərinin də adı olan həmin müraciətdən xəbəriniz var idimi?

- Yox, mənim ondan xəbərim olmayıb. Ancaq Amerikada erməni lobbisi güclüdür də. Bu mənada elə bir şey etmiş olardılar.

- Bu gün Şuşa həbsxanasında günahsız azərbaycanlılar saxlanılır. Kəlbəcərli girovların azad olunması istiqamətində hüquqi yol varmı?

- Burda hüquq məsələsi işləmir. Nə hüquq? Separatçılar, terrorçular Azərbaycan ərazisinin bir hissəsini tutub, 20 ildən çoxdur bizim başımızı aldadırlar. ATƏT-i ortaya salıblar ki, guya münaqişəni dinc yolla həll edəcək. Mən birmənalı deyə bilərəm ki, ATƏT bu məsələni həll edə bilməz. Ona görə də ATƏT-in qərarları hüquqi xarakter daşımır, dövlətlər üçün öhdəlik yaratmır, tövsiyə xarakteri daşıyır. Erməni millətçiləri də tövsiyəni qəbul etmirlər. Biz torpağımızı özümüz azad etməliyik, bunu nə qədər demək olar? Niyə özümüzü aldadırıq?

- Yəni girovların da azadlığı torpaqların azadlığından keçir?

- Əlbəttə. Yaxud müəyyən qüvvələrin, Rusiyanın Ermənistana böyük təsiri var. Həmin qüvvələr ermənilərə girovları azad etmək üçün təsir göstərə bilərlər. Yaxud təcrübədə var, biz də onların hansısa adamlarını verib girovlarımızı qaytarırıq. Yəni burda qeyri-qanuni variantlar var. Yoxsa mən hüquqi yol görmürəm. Çünki Dağlıq Qarabağdakı rejim özü qeyri-qanuni qurumdur, separatçı, terrorçu rejimdir.

“Ermənilər çoxlu qızıl, daş-qaş, pullar, qiymətli əşyaları divarın içinə qoyub hörmüşdülər”

Rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndən sonra Milli Məclis 20 yanvar hadisələrinə siyasi qiymət verməyə başladı. O vaxt mən də çıxış etdim. Ancaq bəzi adamlar məni ittiham edirdilər ki, niyə İlyas İsmayılov hərbçilər haqqında cinayət işi qaldırıb istintaq aparmayıb və s. Mən də sənədlərlə sübut etdim ki, biz cinayət işi qaldırıb istintaq üçün Hərbi Prokurorluğa göndərdim. Çünki bizim hərbçilər haqqında istintaq aparmaq hüququmuz yox idi, Cinayət Prosesual qanunvericilik buna icazə vermirdi. Mən də qeyri-qanuni hərəkət edə bilməzdim. Etsəm də bunu qoymazdılar. Odur ki, hərbçilərin haqqında SSRİ Baş Prokurorluğu yanında Hərbi Prokurorluq var idi, onlar istintaq aparırdılar. Respublika daxilində nə etmək olardı? Mümkün olmayan şeyi tələb etməyin nə mənası var? Kimisə ləkələmək, gözdən salmaq üçün hər şey edə bilərlər, bu, aydın məsələdir. Ancaq hüquqi baxımdan respublikada biz hər şey etmişik. Cinayət işi də qaldırmışıq, hadisələri qeydiyyata almışıq. Lakin paralel istintaq aparmağa ixtiyarımız yox idi. Odur ki, sənədləri Zaqafqaziya dairəsi yanındakı hərbi prokurorluğa göndərmişdik. Onlar da istintaq aparırdılar. Bu mənada Bakı üzərinə düşəni edib. Mən prokuror kimi öz üzərimə düşəni bilirdim və həmişə məsuliyyətlə hərəkət etmişəm...






Fikirlər