16.02.2014. - Rəhim Qazıyevlə Əliağa Hüseynov arasında qalmaqal
AzerTaym.az saytı xəbər verir ki, sabiq müdafiə naziri moderator.az saytına bildirib ki, Əliağa Hüseynov keçmiş Oktyabr, indiki Yasamal rayonunun hərbi komissarı olan zaman ona zəng edərək ağlayıb.
“1992-ci ilin iyul-avqust ayları idi. Mənim hərbi rabitə sistemi olan “Uraqan” telefonuma zəng gəldi və bir nəfər telefonda hönkür-hönkür ağlayaraq “cənab nazir, məni tutub aparırlar, kömək eləyin” deyə fəryad edirdi. Soruşdum ki, kimdir bu. Dedi ki, cənab nazir, Oktyabr rayonunun hərbi komissarı Əliağa Hüseynovdur. Soruşdum ki, yekə kişisən, niyə ağlayırsan, bir başa sal, görüm, nə baş verib. Dedi ki, bəs qoluma qandal vurub aparırlar.
Dəli oldum. Soruşdum ki, bəs sən necə hərbi komissarsan, şəxsi silahın yoxdurmu, niyə sənə hücum edən şəxslərə silahınla cavab verməmisən. Yenə ağlayaraq birtəhər məni başa saldı ki, cənab nazir, Fəhmin Hacıyevin göndərdiyi adamlardır, məni qandallayıb aparırlar. Dedim, onlar kimdir ki, səni aparalar, sən axı neyləmisən onlara. Dedi ki, Fəhmin Hacıyev mənə zəng vuraraq 5 nəfər çağırışçının adını və soyadını verdi ki, onları birbaşa Daxili Qoşunlara göndər.
Əliağa Hüseynov bunu etmək imkanının olmadığını bildirib. Nə isə, dərhal köməkçilərimi göndərdim Oktyabr hərbi komissarlığına, Fəhminin göndərdiyi bu 3 nəfəri də Əliağa Hüseynovla birlikdə mənim xidməti otağıma gətirdilər. Mən həmin hərbçilərə dərhal raport yazdırdım, amma Əliağa Hüseynovun ağlamasını kəsmək üçün xeyli onu dilə tutmalı olduq. Özünə gələ bilmirdi və hönkür-hönkür ağlayırdı” - deyə R.Qazıyev bildirib.
Əliağa Hüseynovun Rəhim Qazıyevə cavabı gecikməyib. O, teleqraf.com-a deyib ki, sabiq müdafiə nazirinin dedikləri ağ yalandır: “Hərbi komissar müdafiə naziri ilə telefonla danışa bilir? Baş verənləri keçmiş hərbi prokuror Nizami Təhməzov yaxşı bilir. Mən Fəhmin Hacıyevin qanunsuz əməlləri ilə bağlı məsələ qaldırmışdım. Rəhim Qazıyev bunlardan danışsın. Mənim ağlamağımı harda görüb? Niyə ağlamalı idim ki?!
Bəli, Fəhmin Hacıyevin adamları gəlmişdilər yanıma. Mənə zor göstərirdilər ki, ali təhsilli gəncləri Daxili Qoşunlara göndərim. Mən imtina etdim. Onlar mənə zor göstərmək istədilər. Mən də onları tərksilah edib qollarını qandallatdım. Hərbi polisdə, prokurorluqda fakt üzrə cinayət işi açıldı. Fəhmin Hacıyev həbs olunmuşdu. Məhkəməsində mən də ifadə verirdim. Hakim dedi ki, Fəhmin Hacıyevin adamları sənə qarşı qanunsuzluq ediblərmi. Bildirdim ki, mən ölü adamların üzünə durmuram. Mən Fəhmin Hacıyev komandir olanda onunla vuruşmuşam. İndi o, mənim üçün heç kimdir, adi adamdır. Mən kişiyəm, belələlərindən deyiləm”.
Deputat daha sonra bildirib ki, Rəhim Qazıyevə o yox, respublika hərbi komissarı Şakir Nağıyev zəng edib: “Mən Rəhim Qazıyevə zəng edə bilməzdim. Bu, mümkün deyildi. O, yalan danışır. Bu adam “torpaqlar getsə, başıma güllə vuracam" deyib, sonra da sözünə əməl etməyib. Ondan nə gözləyəsən? Vədini yerinə yetirməyən adam başına şal bağlamalı, ləçək taxmalıdır. Şakir Nağıyev Rəhim Qazıyevə telefonda deyib ki, axı Daxili Qoşunların nə ixtiyarı var ki, hərbi komissara əmr versin. Fəhmin Hacıyevin əmrini yerinə yetirmədiyim üçün adamları məni həbs etmək istəyirdi. Onlara dedim ki, əgər məni həbs etsəniz, bütün hərbi komissarları bura yığacam. Mən də silahlı idim. Onları yerə uzanmağa məcbur etdim və qandallatdım. Rəhim Qazıyev də hərbi polisə göstəriş vermişdi ki, Fəhminin mənim üzərimə göndərdiyi adamları gətirsinlər. Sonra həmin adamlarla birlikdə Rəhim Qazıyevin yanına getdik. Rəhim Qazıyev ilk dəfə məni orada görüb. Mən düzünü deyəcəm. Orada Rəhim Qazıyev Fəhmin Hacıyevin adamlarını şillələdi, söydü. Fəhminin özünü də söymüşdü ki, sən kimsən ki, mənim polkovnikimi həbs etmək istəyirsən. Bunu etiraf etməliyəm. Amma mənim ağlamağım barədə onun dedikləri tamamilə yalandır. Nazir məni müdafiə edirdisə, niyə ağlamalı idim ki?!”
Rəhim Qazıyev isə “Azadlıq”a bildirib ki, dediklərində heç bir yalan yoxdur: “Mən nə demişəmsə, həqiqətdir. Burda zərrə qədər yalan yoxdur. Özü də bu məsələni nazirlikdə hamı bilir. Rəhmətlik Rövşən Əliyev o zaman hərbi komissar idi. Onun yanında olmuşdu”.
Sabiq müdafiə naziri Əliağa Hüseynovun “Vədini yerinə yetirməyən adam başına şal bağlamalı, ləçək taxmalıdır” fikrinə də sərt cavab verib: “O şalı polkovnik ola-ola iki serjantın qabağında hönkür-hönkür ağlayan bağlamalıdır”.