04.03.2014. - “Ərdoğanın taleyi 30 mart seçkilərində həll olunacaq” Zərdüşt Əlizadə: “Qalsınmı, getsinmi məsələsində son söz türk xalqına məxsusdur
Türkiyədəki məlum olayları şərh edən əksər ekspertlər hesab edir ki, baş verənlər Ərdoğanın nəinki siyasi səhnədən getməsi, hətta məsuliyyətə cəlb edilməsi ilə nəticələnə bilər.
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Ərdoğanın aqibəti ilə bağlı yekun qərarı Türkiyə xalqı verəcək və bu səbəbdən də sözügedən məsələ ilə bağlı qəti fikir yürütmək doğru deyil:
“Şübhəsiz ki, baş verən bu olaylar Ərdoğan hakimiyyətinə öz mənfi təsirini göstərəcək. Lakin bu təsir nə dərəcədədir, bu, Ərdoğan hakimiyyətinə hansı miqyasda təsir edəcək – bunu 30 mart bələdiyyə seçkiləri göstərəcək. Lakin bu da bir həqiqətdir ki, baş verənlərdən sonra Ərdoğanın mövqeyi xeyli zəiflədi. Ərdoğanın rüşvət qalmaqalına qoşulması onun nüfuzuna zərbə vurdu. Və yəqin ki, Ərdoğan öz əməlinin cəzasını çəkəcək”.
Politoloqun sözlərinə görə, Ərdoğanın hakimiyyətdə qalacağı və ya gedəcəyi ilə bağlı yekun qərarı Türkiuyə xalqı verəcək: “Bunca baş verənlərdən sonra Ərdoğanın hakimiyyətdə qalacağını və ya gedəcəyini əminliklə söyləmək olmaz. Çünki bu, Türkiyə xalqından, onun verəcəyi qərardan asılıdır. Türkiyə xalqı nə desə, o da olacaq. Türkiyə Azəbaycan deyil ki, orada seçkilər saxtalaşdırılsın. Ordunun siyasətə qarışması dövrü də geridə qalıb. Hər şey xalqın iradəsindən asılıdır. Əgər Ərdoğan 30 mart seçkilərində uğur qazan bilməsə, o zaman ola bilsin ki, partiyanın özü onu vəzifədən kənarlaşdıracaq”.