Fazil Mustafa: “İslamı Azərbaycan cəmiyyətinə maarifçilik yolu ilə çatdırmağı bacarmasaq, radikalizm güclənəcək”...
Böyük Quruluş Partiyasının sədri, millət vəkili, fəlsəfə doktoru Fazil Mustafa “Dini radikalizmin gender bərabərliyinə etdiyi mənfi təsirlərin azaldılması” mövzusunda müxbirimizin suallarını cavablandırıb.
(Tanıtım: Fazil Mustafanın fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Müdafiə mövzusu din fəlsəfəsindən olub. “Azərbaycan türklərinin dini fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt” mövzusunda dissertasiya müdafiə edib. Din fəlsəfəsinə aid bir neçə kitabın müəllifidir. “Azərbaycan türkünün iman davası”, “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü” kitablarının, həmçinin dinlə bağlı çox sayda məqalə və elmi çalışmaların müəllifidir.)
- Gender kişi və qadın hüquqlarının bərabərliyi deməkdir. Yəni kişi və qadınlar arasında cəmiyyətdəki öhdəliklərin və imkanların bərabərliyidir. İslamda bu, varmı? Hansı şəkildədir?
- İslamda qadın və kişi arasında bərabərlik ilk dəfə din gələndən sonra, Quran ayələri, peyğəmbər tərəfindən cəmiyyətə çatdırılandan sonra göründü. Qədim ərəb adət-ənənələrindən fərqli olaraq qadın şəxsiyyəti və sosial statusu hüquqi müəyynəlik qazandı. Qurani-Kərimin ayrıca surələrində, onun bir sıra ayələrində konkret olaraq bunun dəqiq çərçivəsi cızıldı. Ayrıca qadınlarla bağlı ən-Nisa surəsi nazil oldu. Ən-Nur surəsində xeyli ayələr qadınların hüquqi vəziyyətini izah etdi. Bunlar hamısı bütövlükdə qadına yeni bir obraz, yeni bir şəxsiyyət qazandırdı, qadın hüquqları sabitləşməsinə gətirib çıxardı. Birinci növbədə qadının hüquqları nikahla, daimi, qalıcı bir əqd əsasında tənzimlənməyə başladı. Nikahdan başqa da qadının mülkiyyət hüququ tanınmağa başladı. Boşandıqdan sonra qadının miras hüququ tanındı, halbuki İslamaqədərki dövrdə qadınlar ən çox bundan əziyyət çəkirdilər. Nikahın müqəddəs elan olunması, tərəflər arasında müqaviləyə əsaslanması və nikah pozulduqda isə nikahdan sonra qadının hüquqlarının qorunması institutunu İslam gətirdi.
“İslam qadına kişi ilə bərabərlik gətirdi”
|
Qadın demək olar ki, fiziki göstəricilərinə görə, kişi ilə bərabər, tam şəkildə götürülməsə də, hüquq olaraq bərabər götürülməyə başladı. Bəzən göstərirlər ki, iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər tutulur, bunu diskriminasiya kimi qiymətləndirənlər tapılır. Amma belə deyil. Qadının bütövlükdə cəmiyyət həyatına qatılma imkanları nəzərə alınır. Yəni qadın bütövlükdə cəmiyyət həyatına övlad böyütdüyünə görə, yaxud da müəyyən fiziki vəziyyətinə görə, bir çox hallarda fəal qatılmaq imkanı əldə etmir. Ona görə də bunlar nəzərə alınır.
Amma bütövlükdə qadının ictimai həyatda rolu, onun hüquqlarının tanınması istiqamətində İslam ilk dəfə olaraq ənənəvi tayfa qaydalarından fərqli yol izlədi, yeni hüquqlar ortaya qoydu və qadının şərti boşanma imkanını tanıdı. Yəni nikah müqaviləyə əsaslanırsa, o zaman qadın öz boşanma haqqını burada qeyd edərək gələcəkdə qarşılaşdığı vəziyyətdən çıxış yolu əldə edə bilər. Digər tərəfdən ailənin dolanışığının məsuliyyətini daşıdığına görə kişiyə boşanma hüququ öncəliklə tanınsa da, qadın aldığı mehri geri vermək şərti ilə hakim qərarı ilə boşana bilər. Təsadüfi deyildir ki, Baqara surəsənin 141-ci ayəsinə görə boşanan qadınlara ödəmənin edilməsi imanlı insanların vəzifəsi olaraq görülmüşdür. Əvvəlki adətlərdə təkcə kişinin boşanma hüququ vardı, kişi bu prosesin başlanmasını müəyyən edirdi.
- Qafqazda İslamın gəlişindən sonra qadınların hüquqlarında məhdudlaşdırmalar oldumu? Və əgər ərəblərdə qadın çox hüquqsuz idisə, Həzrəti Xədicə necə peyğəmbərə evlənmək təklif etmişdi?
- O zaman ərəblərdə qız uşaqlarının diri-diri torpağa basdırılması ənənəsi vardı. Bu, gələcəyin qadınının qətliamı idi. Onun yaşamaq hüququ şəxsi sitəklərə bağlı idi. İslamın gəlişi ilə bu, ləğv olundu. İkinci, qadınların hər hansı bir şəkildə qorunma imkanları məhdud idi. Məsələn, Həzrəti Xədicə dul qalandan sonra Məhəmmədə evlilik təklif etdi. Onu müəyyən dərəcədə himayəsində olan işçi kimi qəbul edirdi. Sonradan onunla ailə həyatı qurması yenə də müəyyən dərəcədə bir kişi himayəsinin olmasını gərəkdirirdi. Çünki toplumda tam müstəqil şəkildə özünün iqtisadi hüquqlarını həyata keçirmədə çətinliklər yaşayırdı.
Təbii ki, o dövrdə müşriklərin ailələrində nüfuzlu qadınlar vardı, müəyyən proseslərə təsir edən, hətta müsəlmanlarla başabaş mübarizə aparmağa, motivləşdirici işlər görməyə hazır qadınlar vardı. Amma bunlar bütövlükdə hüquq baxımından tənzimlənən statuslar sayılmazdı. Həmin dövrdə bizdə İslam yox idi, bir hissədə xristianlığın bir qolu var idi, bir hissəsində başqa dinlərin təzahürləri vardı, Zərdüşt inancı ilə bağlı dini hərəkatlar mövcud idi. Özünə görə hansısa şahın xanımı ya kənizi daxili mühitdə hansısa aparıcı rol ala bilirdi. Amma söhbət mülkiyyət, vərəsəlik, boşanma hüququndan gedirsə, bu zaman qadın tam hüquqsuz vəziyyətdə idi. Avropada, ABŞ-da vəziyyət də bu gün şişirdildiyi kimi deyil. Jorj Sandın əsərləri ilə tanış olmaq yetərlidir ki, qadının hüquqsüzluğunu taplosunu dəqiq müşahidə edəsən. O, kişi adı ilə qadın hüquqlarını qoruyan əsərləri əbəs yerə yazmırdı. İslam gələndə bunu sırf qalıcı bir hüquqa bağladı.
Qadın mülkiyyət hüququ əldə etməyə başladı, miras hüququndan faydalanmağa başladı. Qadının hər hansı bir şəkildə əvvəlki vaxtlarda miras hüququ yox idi, İslam bunu təsbit etdi. Miras hüququ əldə edəndən sonra qadın daha çox müstəqil olmağa başladı, iqtisadi azadlığı tanınandan sonra daha çox müstəqillik əldə etdi. Qadının geyimi ilə bağlı bəzən çox iradlar bildirilir ki, İslam gələndən sonra qadının qapatdı və müəyyən dərəcədə hüquqlarının məhdudlaşdırdı.
Bu, əslində qadını qorumaq məqsədi ilə nəzərdə tutulan bir addım idi. Çünki müəyyən dərəcədə açıq formada geyinən qadınların daha çox təcavüzə uğramaq, təzyiqə məruz qalmaq təhlükəsi vardı. Ona görə də örtülmə məsələsi də bununla bağlı idi. Amma unudulmamalıdır ki, İslamın əsas prinsiplərindən biri “Dində zorakılıq yoxdur!” ehkamından qaynaqlanırsa, bunu zorla tətbiqinin İslamla əlaqəsi olmadığını özlüyündən göstərir. Bəzən də İslamla bağlı söhbət düşəndə qadının döyülməsi məsələsinin Quranda nəzərdə tutulduğuna işarə edilir. İslamda qadına şiddət yoxdur. İslam qadının bütövlükdə hüququnu təmin edən bir model olaraq gəldi və qadına şəxsiyyət qazandırdı.
“İslam qadına, birinci növbətə yerini bildirdi”
|
- Məhəmməd peyğəmbərə peyğəmbərlik verilməmişdən əvvəl Həzrəti Xədicə ilə evlənmişdi və qadının da mirası var idi. Bunu necə izah etmək olar?
- Onun ərindən qalan var-dövləti var idi. Ərindən qalan var-dövlət onun tərəfindən idarə olunurdu. Artıq başqa bir seçim olmadığına görə, ərinin nə mülkü var idisə, Həzrəti Xədicəyə qalmışdı. Bir çox hallarda ailə üzvləri, bacı-qardaşlar miras uğrunda dartışırdılar, valideyn öldükdən sonra kim güclü idisə, o daha çox miras sahibi olurdu. Daha çox kişi cinsinə mənsub adamlar miras sahibi olurdular. Amma İslam bunu müəyyən qaydaya saldı. Artıq hər kəs mirasdan lazımi səviyyədə faydalanmaq imkanı əldə etdi. Qadınlara da şərtli boşanma hüququnun verilməsi müəyyən dərəcədə qadının imkanlarını genişləndirdi. Yəni harada fiziki təzyiqə məruz qalırdısa, oradan qadının xilas olma, qurtulma imkanı əldə olundu. Bu, indiki dövr üçün adi görünə bilər, amma o dövr üçün böyük bir inqilabi reform, dəyişiklik idi.
- İslam onu sındırdımı?
- İslam onu əslində sındırmadı. İslam qadına birinci növbədə yerini bildirdi. Yerini göstərdi ki, bu hüquq sənindir, bu hüquqdan necə istifadə etməyi artıq özünün öhdəsinə buraxdı. Dinin təməl prinsiplərnə dinə uyğun olmayan məhdudlaşdırmaya qadın sonralar məruz qaldı. Qadının hüquqsuzluğu bilavasitə İslam dini ilə bağlı deyildi. İslam dininin tətbiqi ilə bağlı idi. Müəyyən dərəcədə hədislərin özündə hətta istinad edirdilər ki, peyğəmbərimiz tərəfindən deyilir ki, guya cəhənnəmin böyük əksəriyyəti qadınlardan ibarət olacaq. Bu, absurd bir şeydir. Peyğəmbərin bunu deməsi mümkün deyil. Cəhənnəmin kimlərdən ibarət olmasını öncədən söyləmək belə məntiqə uymur. Uydurmalar kifayət qədər çox idi. Təsəvvür edin ki, peyğəmbərin yanında olan adamlarla bağlı hədislər çox azdır. Ona görə bu məsələlərdə ziddiyyətlər mövcuddur. Amma bütünlükdə peyğəmbərin özünün sünnətinə görə, qadına münasibət əsas götürülür İslamda. İslam peyğəmbərinin Həzrəti Xədicəyə olan münasibəti, ona olan sevgisi, onunla olan davranışı, öz qadın kölələrinəə olan davranışı, onları azad etmə istiqamətində atdığı addımlar, qadına heç vaxt şiddət tətbiq etməməsi, bunlar hamısı əslində İslamın təmiz uyğulanmasının və tətbiqinin bir mənzərəsidir.
“İslamda müvəqqəti nikah yoxdur, İslamda nikah müqəddəsdir”
|
- Siz daimi nikahdan danışdınız, amma İslamda müvəqqəti nikah da var. Onu necə izah edirsiniz?
- İslamda müvəqqəti nikah yoxdur, bu, qondarma şeydir. Əxlaqsızlığın müəyyən dərəcədə əsaslandırılması üçün seçilən bir üsuldur. Daha çox İslamın İran modelində ayğın olan bir addımdır. Muta nikahı deyirlər, siğə adı ilə daha çox tanınır. Bu, keçici nikah olaraq qəbul olunur. İslamda nikah müqəddəsləşdirildi, kəbin göylərdə, Allah qatında şahidlərin iştirakı ilə kəsilib. Qadının kişiyə vəfası və İslamda ən ağır cəzalardan biri zina olduğuna görə, bu, həm kişiyə, həm qadına tətbiq olundu.
- Amma zinaya görə qadınla kişiyə tətbiq olunan cəzalar ayrıdır. Niyə?
- Cəzalar ayrıdır, çünki fiziki imkanlarına görə ədalətli bir formada tətbiqi nəzərdə tutulur. Mahiyyətcə zina bir tənbeh tədbirindən başqa həm də müəyyən dərəcədə cəmiyyətdə yayılmaması üçün, əxlaq modelinin qorunub saxlanması üçün vacib tətbiq olunan qaydalardan biridir.
“Məcazi mənada deyilən ifadələr real mənada tətbiq olunanda vəhşət kimi görünməyə başlayır”
|
- Qadının daşlanması tənbehdrmi?
- Daşlanma yoxdur İslamda, tətbiq olunmayıb. İslamda Nəsiminin dərisinin soyulması məsələsi kimi bir şey yoxdur, dəri soyulma deyə bir fətva yoxdur. İndi müəyyən alimlər onu müzakirə edirlər ki, oğurluğa görə əlin kəsilməsi kimi bir qayda yoxdur. Amma keçmişdə də, indilərdə də kəsilir. Bu, məcazi mənada səslənən fikrin tətbiqidir. Oğurlayan əlin kəsilməsi, onu bir daha oğurlamaması üçün tədbir görülməsi nəzərdə tutulur. Çox vaxt məcazi mənada deyilən ifadələr real mənada tətbiq olunanda vəhşət kimi görünməyə başlayır. Necə ki, bu gün İŞİD-in və başqalarının etdikləri, qadınların satılması, onlara işgəncə verilməsi kimi məsələlər də belədir. Qadını nə haqla bazara çıxarıb satırsan? Namaz qılmayanın öldürülməsi, yaxud cəmiyyətdən təcrid olunması deyilən bir şey də yoxdur İslamda qətiyyən yoxdur və bunlar zorakılıqdan, qabalıqdan başqa bir şey deyildir.
- İslamla bağlı olan İŞİD kimi təşkilatlarda, onlara qoşulan insanlarda vəhşət, qəddarlıq nə ilə bağlıdır bəs? Cənnətəmi düşmək istəyirlər? Məsələn, xəbərlərdə oxuyuruq ki, İŞİD başqa millətdən olan insanları yandırır. Bu, nədən irəli gəlir? İŞİD birbaşa olaraq ərəb toplumundan ibarət deyil. Dünyanın hər yerindən oraya yığılır. Həmin qaydalar bizdə də ola bilərmi?
- Bu anormallıqlar, vəhşiliklər yalnız İŞİD-lə bağlı deyil ki? Taliban da Budda abidələrini uçurdu. Məktəbə gedən qızların xeyli hissəsini öldürürlər. Uşaqlarını məktəbə qoymamaq üçün valideynlərinə terror təşkil edirlər. Somalidə başqa bir sözdə İslam qruplaşması artezian qazan, susuz insanlara su verənlərə hücum edirlər. Kənardan gələnləri, xeyirxah insanları öldürürlər ki, niyə bizim müsəlmanlara su verirsiniz? Bu, mahiyyətcə İslamla əlaqəsi olmayan siyasi hərəkatlardır. Siyasi hərəkatların arxasında bəlli bir xarici güclərdən başqa, həm də bir cahillik elementləri durur. Təhsilsiz İslam yoxdur.
Quran kitabında nə deyilir? “Ey Məhəmməd, öyrən və öyrət!” Yaxud Quranın ilk endirilmiş ayəsi nə deyir? “ Rəbbinin adı ilə oxu!”. Oxu - həm də anlayaraq oxumaqdan söhbət gedir. Hər bir şey anlamaq üzərində qurulub. Bizdə isə anlamaq üzərində qurulmur. Azərbaycan toplumunda da elədir. Şeyx Nəsrullahın necə ölü diriltdiyi məmləkətdə olduğumuzu unutmamalıyıq. Ya Molla İbrahimxəlil Kimyagərin misi qızıla çevirmə ideyasını gerçəkləşdirdiyi cəmiyyət olduğumuzu unutmayaq. Hansı toplumda bu hərəkətləri etsələr, hökmən gülüb keçərlər.
Bu, bir cahilliklə bağlı olan məsələdir. Təhsilsiz bir cəmiyyətin problemi, müəyyən dərəcədə İslamı yanlış anlaması, İslamda olan ayələrin məcazi mənasına məhəl qoymadan, əsas mahiyyətinə məhəl qoymadan özünün istədiyi kimi yorumlayaraq belə addımı atması ilə bağlıdır. İndi siz diqqət edin, İslam dünyasında peyğəmbərdən böyük şəxsiyyət olmayıb. Amma o da hamı kimi vəfat edib, bir miras da qoyub ki, məndən sonra ən üstün olan ən təqvalı olandır. Bu qədər imtiyazlı məşədilər, kərbalayılər, hacılar, seyidlər, mollalar, axundlar, müctəhidlər haradan çıxıb ortaya? Peyğəmbər nəslindən gəldiyini iddia edib, onun adı ilə spekulyasiya edən minlərlə insan haradan çıxıb? Həclə bağlı məsələdə də diqqət edirsinizsə, səmimi dindarlarla yanaşı bu qədər saxtakar hacıxanımlar, yalançı hacılar haradan çıxıb? Bunlar hamısı İslamı hərfən uyğulayan, hərfən anlayan və ancaq Quranı bu başdan o başa oxuyub mənasını başa düşmədən bitirən insan tipləridir. Amma real insan tipi üçün Quranın hər bir ayəsində bir hikmət var, insana bir klavuz var, bir yol var. Burada insanın bir əxlaq modeli var, yaşam əxlaqlı forması var. Bu yaşam formasını “Quranda bu cürdür, Allahın verdiyi hökm var və ona əməl edən məhkum insan var” kimi anlamaqdan başqa hansı izah ola bilər? Amma bir çox hallarda insanlar Allahın yerinə özləri hökm verirlər.
Quranda nə qədər haram deyilən şeylər var? Çox az, cüzi. Amma indi araşdırsan, bu qədər haram sayılan silsilədən dəhşətə gələrsən. Demək istədiyim odur ki, bunlar tətbiqatda İslamın siyasiləşməsindən doğan bir təzahürlərdir. Qadına da bunlar tətbiq olunanda oxumamış, cahil, nadan bir vəziyyətdə qalırıq. Halbuki məsələn, dövrün ən aydın xanımları kimlər olublar? Həzrəti Xədicə, həzrəti Aişə olub. Həzrəti Aişəyə siz Azərbaycan toplumunda tarixən formalaşan münasibəti bilirsinizmi? Azərbaycan toplumunda niyə Həzrəti Aişəni bir sıra nadanlar bilgisizlikdən söyürlər? Çünki bu qədər nadan sürüsü hələ də anlaya bilmirlər ki, peyğəmbərin xanımı bu qədər savadlı, bu qədər prosesləri dəqiq izləyən, hətta lazım olanda sərkərdə kimi döyüşə qatılan bir şəxsiyyətdir. Amma onu aşağılayan bir cəmiyyətdə İslam doğru anlaşıla bilərmi? Möminlərin anası deyilən adama bu qədər həqarət yağdırılan yerdə hansı İslamdan danışmaq olar? İŞİD də eyni zehniyyətdir. Hansı ölkədə - İranda, Səudiyyə Ərəbistanında, Suriyada olması fərq etmir. Nadanın, cahilin, müşriyin, münafiqin zehniyyəti hər yerdə eynidir. Ona görə İslam yanlış tətbiq olunanda bir qorxu dininə çevrilir. Əxlaq dini artıq arxada qalır, qorxu dininə çevrilir. Budur problem.
- Sizcə, Azərbaycanda dini radikalizmlə bağlı vəziyyət hazırda nə yerdədir?
- Azərbaycanda əslində dini radikalizm çox geniş yayılmayıb. Kənardan gələn müəyyən təhlükələr var ki, bu təhlükələr gələcək üçün belə bir simptomun, belə bir radikal əhval-ruhiyyənin artması təhlükəsindən xəbər verir. Azərbaycanda əslində fundamentalist yanaşma daha çox İrandan gələn din anlayışı ilə bağlıdır.
Dinin mahiyyəti kənarda qalır, uydurulmuş mərasim tərəfi daha çox gündəmə gəlir. Mərasimlərin də dində heç bir qaynağı yoxdur. Dinin əsas tələblərindən biri də budur ki, insanlar, bir-birinizin üzərinə əsassız hücum etməyin, bir-birinizin haqqına girməyin. Hansısa bir şəkildə əlbəttə qisas haqqı tanınır, ancaq həm də bağışlanma haqqı da zərərçəkənə tanınır.
Amma ayrı-ayrı toplumların kültüründən gələn, qarışan mərasim faktoru İslamın əsas mahiyyətindən insanları uzaqlaşdırır. İnsanlar özlərini hakim yerinə qoyurlar, tarixdə baş vermiş hadisənin müəyyən dərəcədə qisasını almaq onun hakimliyini etmək, kiminsə cənnətə, cəhənnəmə düşəcəyini müəyyən etmək funksiyasını öz üzərlərinə götürürlər. Bu, artıq dini zədələməyə başlayır. İnsanlar elə bilirlər ki, bu, İslamdadır. Məsələn, baş yarmaq, qan tökmək, bunlar heç biri İslam dinində olmayan şeylərdir. Radikalizm bütövlükdə o zaman olur ki, maarifçilik olmur.
O zaman müəyyən məhdudiyyətlər, qadağalar həddindən artıq çox olur. Azərbaycanda baş örtüyü ilə bağlı problemi müşahidə edirik. Bu, yanlış bir nəticəyə gətirir. Adam başlayır daha çox ona bağlanmağa. Qız uşağıdırsa, artıq dərsə getmirsə, dövlət orqanında işə alınmırsa, savadsız olur. Cahillər sürüsünə qoşulmağa başlayır. Halbuki bunu cəmiyyətə inteqrasiya etdirərək daha hazırlıqlı insana çevirmək lazımdır. Çünki bizim cəmiyyətin insanıdır, gələcəyin anasıdır, qadınıdır.
“Bu, artıq İslam dini deyil, uydurulmuş bir dindir"
|
- Daha çox savadlı, rusdilli, ingilis dilli adamlar da dini radikalizmə meyllənirlər. Bunun səbəbi nədir?
- Onlar cəmiyyətdə ədalət duyğusu axtarmaq istəyənlərdir. Məsələn, rusdulli insanların sərt radikal cinahda yer almasını mən də müşahidə edirəm. Bu bir az da cəmiyyətdə ədalət düzəni ilə bağlı məsələlərdir. Bu düzən onu razı salmayanda, o, hansısa bir yolla ədalətsizliyin ortadan qaldırılmasını istəyir və daha çox dinə meyllənməyə başlayır. Bu, başqa yerlərdə də müşahidə olunur. Eyni şey Norveç cəmiyyətində, İsveçrədə ola bilmir.
Orada müəyyən dərəcədə insanların sosial təminatı, gəlir bölgüsü ilə bağlı problemləri yoxdur. Bizim kimi cəmiyyətlərdə bu problem kimi qaldığına görə, bəzi insanlar İslam vasitəsi ilə ədalətin bərpa olunmasına inanırlar. Amma Quranda belə bir yanaşma metodu var: “Həddinizi aşmayın”. Heç bir şeydə aşırılıq, həddi aşmaq xoş qarşılanmır. Hətta ibadətdə belə həddi aşmaq doğru deyil. Məsələn, yarım saata ibadətə gedib normal işlə məşğul ola bilərsənsə, əvəzində üç-dörd saat məşğul olursansa, əslində sənin dünya həyatında görə biləcəyin işlərdən yayınırsan. Bu da müsbət qarşılanmır. Çünki insanın bəlli borcları var. Övlad qarşısında, vətən qarşısında, cəmiyyət qarşısında borcun var. Bəzən anlayış olaraq cihadı götürürlər, onlar kimə qarşı savaşırlar? Quranda nə deyir: “Sizinlə savaşanlarla savaşın”.
Sizinlə savaşan kimdir? Bu gün Suriyaya gedən anormal düşüncədə olan xeyli insanlarımız var. Nəyin uğrunda savaşa gedirlər? Sizinlə vuruşan ermənilərdir, Qarabağda sizinlə savaşırlar. Siz savaşırsınızsa, erməniyə qarşı savaşmalısınız. Suriyadakı səninlə savaşmır ki. Sən haradan müəyyən etmisən ki, orada kim haqlıdır, kim haqsız? Öz vətənində vətəndaşlıq borcun var sənin. Müsəlmansan, vətəninin hansısa bölgəsini erməni işğal edib, din qardaşların köçkün düşüb. Başqa rayondan sənin yaşadığın rayona köçkünlər gəliblər. Səninlə eyni inancı daşıyan insanların sıxıntısı var. Bu sıxıntını ermənilər yaradıb.
Eyni zamanda, onların gəlişi sənin iqtisadi vəziyyətinə də təsir edib. Ermənilərin təcavüzü, işğalı bu qardaş-bacılarımıza mənəvi, iqtisadi, psixoloji təsirlər göstərib. Sən onların qisasını qoyub necə ola bilir gedib başqa ölkədə döyüşürsən?! Bunun doğru izahı veriləndə, insanlar baxırlar ki, İslam dini heç vaxt insanları radikallaşdıra bilməz. İnsana xoşgörü ilə yanaşmaya meylləndirir. Elə bir şeylər var ki, orada hər hansı bir şəkildə başqa cür izah yoxdur. İslam psixi pozuntu verə bilməz insana, İslam zəkanı aydınlaşdırır. İnsan özünün yaradan qarşısında borc məsuliyyətini hiss edir. Borc məsuliyyətindən yayınmağı heç vaxt düşünmür. Başqasına göstərmək üçün nəyisə etmək caiz sayılmır. Birinə etdiyin yaxşılığın hansısa şəkildə görüntüsü vacib sayılmır. İnsana ayrı bir kimlik verir ki, təkəbbürlü olma, var-dövlətinlə öyünməyi qoy bir tərəfə, keçici bir şeydir. Hər bir şeyin zəkatını verməlisən.
İslam radikal insan yetişdirə bilməz. İslamda kimsə başqasının haqqına girirsə, bu, artıq cəhənnəmlikdir, bu, psixi xəstəlik daşıyıcısıdır. İslam dünyasında bu psixi xəstələrin sayı həddən artıq çoxdur!!! O da nədən irəli gılir? Təhsilin olmadığı cəmiyyətdə aydınları edam edirlər, asırlar, öldürürlər. Düşünən ziyalılar ortaya çıxıb həqiqəti söyləməkdə çətinlik çəkirlər. Orta kimə qalır? Yalançı dinbaz sinfinə. İslamda molla sinfi yoxdur. İslamda vasitəçi yoxdur ümumiyyətlə. Qəbir üstündə Quran oxumağa görə pul almaq yoxdur, Quran oxumaq savabdır. Amma bu mollalığı bir sinfə çevirəndə, imtiyaz verəndə, bu, başlayır məclisdə artıq pul sövdələşməsinə. “Niyə az oldu mənim pulum?”,- deyə dava edir. Mollaların qəbristanlıqda savaşınının videosini seyr etdinizmi? Bunlar elə-belə səbəbsiz deyil. Bu, artıq İslam dini deyil. Bu, tamamilə başqa, uydurulmuş bir dindir. Endirilmiş bir din deyil, Allahın dini deyil. Və bunun üzərində insanlar bir daha düşünməlidirlər.
- Yəni indiki İslam Allahın dini deyil?
- Bizim yaşadığımız İslam Allahın dininə dəxli olan İslam deyil. Çox fərqli bir şeydir. Biz Quranı həmişə büküb saxlamışıq. Müqəddəs bir şey kimi şkafın üstündə saxlamışıq, oxumamışıq ki. İndi də bəhanə edirik ki, molla filankəs belə hərəkət edir, ona görə dinə pis baxıram, filankəs belə dedi, ona görə belə başa düşdüm. Bunlar bəhanədir. Bu da insanların xeyirli, əxlaqlı, dürüst olmasını, həm də özünü pərdələmək üçün ona qarşı bir uydurduğu bəhanələrdir. Kitab var, tərcümə var, otur oxu, deyilən mənaya əməl et, bundan sonra sənin başqa bir problemin olmaz ki. Ona görə radikalizm sırf psixi xəstəlikdən və cahillikdən irəli gələn məsələdir. Cahillik o demək deyil ki, ali təhsili yoxdur. İnstitut qurtarmış, ali təhsil almış adamlar da cahil olur. Ölkədə 90 faiz diplom alıb, amma hamısı dərs oxumayıb ki?!
- Dindar qadınlar arasında radikalizmə meyllənənlər var. Azərbaycan qadını radikal əfqan qadınına, ərəb qadınına çevrilə bilərmi?
- Bu çevrilmə bir qədər çətindir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, bir də modelin, institutların müəyyən mənada tarixi ənənəsi olmasına görə radikalizmə yönəlmə risqi azdır. İyirminci əsrdə neft bumundan sonra Azərbaycanda məktəb sistemi, modern institutlar, modern təsisatlar kifayət qədər inkişaf etdi. Azərbaycan qadını Sovet dövründə də daha müasir bir düşüncə, dünyagörüşü əxz etdi. Bu gün dediyiniz kimi, radikalizmə yönələn hissənin içində təhsilsiz insanların sayı daha çoxdur. Bunlar həm də işsizlik, sosial problemlərlə bağlıdır. Bəzən iş tapmaq, himayə tapmaq üçün mütləq bu addımı atırlar. Məsələn, bu yaxınlarda olduğum Özbəkistanda başörtüsü görmədim. Dövlət rəsmi səviyyədə buna izin vermir. Amma Özbəkistanda kifayət qədər imanlı və modern insan gördüm. Bu, o deməkdir ki, cəmiyyətdə bu virtual olan görüntülər, məsələlər çox da təyinedici məsələlər deyil. Əsas odur ki, maarifçilik istiqamətində addımlar atılsın. İndi Ramazan ayıdır. Tutaq ki, televiziyada qadınların hüquqları ilə bağlı məsələlər gündəmə gətirilsin. Bu məsələlər müzakirə olunsun, baxılsın. Bunlar bütövlükdə olmadığına görə, insanlar informasiya alma imkanına sahib deyillər. İnformasiya imkanı almayınca da gedir eşitdiyi adamdan dini öyrənir, Qurandan öyrənmir. Hər kəs öz çevrəsində olan birindən - biri molladan öyrənir, elə bilir, ehsanla qarın doyurmaq dinin vacib əməlidir. Biri radikal görüşlü insandan öyrənir dini, öz vətəninin namusu, şərəfi qalır o tərəfdə, gedir Suriyada mənasız yerə həyatını itirir.
“Oxumuş insanın İslamdan hər hansı bir şəkildə zərərli çıxması mümkün deyil”
|
- Dindar insanların intihara sürüklənməsi nə ilə bağlıdır? Məsələn, xəbərlərdən oxuyuruq, ata öz oğlunu göndərir ki, get döyüş Suriyada, ya özünü partlat.
- Siz diqqət edirsinizsə, narkomaniyanın ən çox yayıldığı yerlər Əfqanıstandır. Dini tələblərin ən sərt olduğu yer də Əfqanıstandır, Pakistandır. Bunlar bir az təhsilin önünü açsa, imkan yaratsa, bu insanların böyük əksəriyyəti oxusa, vəziyyət fərqli olar. Oxumuş insanın İslamdan hər hansı bir şəkildə zərərli çıxması mümkün deyil. Ancaq savadsız insan özünü o İslamın içində əlahiddə bir rol almış kimi hiss edir. Məsələn, namaz qılırsa, elə bilir ki, Allah qatında başqalarından daha üstün vəziyyətə gəlmiş insandır. Başqasına həqarətlə baxmağa başlayır. Biri uzun saqqal saxlayırsa, elə bilir, artıq başqası aşağı kateqoriyadan olan insandır. İslamı sanki irqi üstünlük alətinə çevrirlər. Öz statuslarını bir əlahiddəlik kimi göstərməyə çalışırlar. Halbuki İslamla tanış olan adam daha mütəvazi, daha təvazökar insana çevrilməlidir prinsipcə. Biz bunu Azərbaycan cəmiyyətinə maarifçilik yolu ilə çatdırmağı bacarmasaq, ölkəmizdə radikalizm güclənəcək. Bu, təhlükəyə çevrilə bilər. Ona görə televiziya imkanlarından istifadə etmək lazımdır. Elmi dartışmalara gətirmək lazımdır məsələni. Bilgin din adamlarının müzakirəsini təşkil etmək lazımdır. Bunlar olmadıqda, sadəcə qadağa üzərində, müəyyən məhdudlaşdırıcı hərəkətlərlə dinin tərs istiqamətdə anlaşılmasının qarşısını almaq olmaz. İslam modeli insanın yeni bir şəxsiyyət formasını üzə çıxarır. Təəssüf ki, insan özü bu şəxsiyyət olmaqdan imtina edərək aşırı yollara üz tutur. Daha sərt, özündən tələb etmədiyini başqasından daha sərt şəkildə tələb etməyə başlayır.
Röya RƏFİYEVA
Yazı “Demokratiya və Qadın Təşəbbüsləri” İctimai Birliyinin “Dini radikalizmin gender bərabərliyinə etdiyi mənfi təsirlərin azaldılması” mövzusunda həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.