Fətullah Gülən RUS mətbuatında Ərdoğanı İTTİHAM etdi: "Təyyarəni VURMAQ DÜZ deyildi" - MÜSAHİBƏ

ABŞ-a son səfərim zamanı mən fürsəti əldən buraxmayaraq, tanınmış türk dini və ictimai lider, 1999-cu ildən Pensilvaniyada yaşayan Fətullah Gülənlə görüşdüm.

Onu da deyim ki, Ərdoğan tərəfdən çoxsaylı təqiblərə məruz qalmalarına baxmayaraq, Gülən tərəfdarlarının sayı kifayət qədər çox olaraq qalmaqda davam edir. Gülən hazırda dünyanın ən tanınmış liderlərindən biri hesab edilir. Türkiyədə və Türkiyə xaricində açdığı çoxsaylı məktəblər, universitetlər Gülənə dünyanın hər yerində böyük şöhrət gətirib. Ona görə də fürsətdən istifadə edərək məni maraqlandıran bir çox suallara cavab almaq üçün Fəthullah Gülən əfəndiyə müraciət etdim.

 – Xoca əfəndi, bir çox problemlərin mövcud olmasına baxmayaraq, beynəlxalq aləmdə müsəlman dövlətlərin təsiri artmaqda davam edir. İslam aləminin dünyada təsirli güc mərkəzinə çevrilməsi üçün nə etmək lazımdır? Nə üçün islam aləmi sünni və şiə məzhəblərinə bölünüblər və bir-birilərinə qarşı mübarizə aparırlar? Eyni zamanda sünnilər öz aralarında da bir-biriləri ilə haqq-hesab çəkirlər. Rusiyada isə sələfi missionerləri hənəfiliyə qarşı çıxır, onlarla açıq şəkildə düşmənçilik edirlər. Sizcə, islam aləmindəki bu ziddiyyətləri necə aradan qaldırmaq olar?

 – İslam aləminin sünni və şiə təriqətlərinə bölünməsi hələ çoxdan – xəlifə Ömərin idarəçiliyi dövründə başlayıb. Ömərin İranı və İraqı ələ keçirməsindən sonra sonuncular ona qarşı düşmənçiliyə başladılar və nəticədə bu qarşıdurma günümüzdə belə davam etməkdədir…

Sələfilərə gəlincə, onlar da bir neçə cərəyanlara bölünüblər. Bu cərəyanlardan birini İŞİD təşkil edir. İŞİD-çilər “Əl-Qaidə” sıralarından çıxan ən sərt sələfilərdir. Müəyyən qədər “Taliban”ı, “Boko Haram”ı və “Əl-Murabitun”u da bu kateqoriyaya aid etmək olar. Sonuncular haqqında çox az adam bilir, ancaq onların mövcudluğu şübhə doğurmur. Onların hamısı Müqəddəs Qurana və onun ən etibarlı mənbəyi olan Peyğəmbərimizin Sünnəsinə istinad edirlər. Belə demək mümkünsə, adıçəkilən cərəyanların hamısı “Kimi Allahsız hesab edirsinizsə, onu da öldürün” kəlamını öz fəaliyyətlərində önə çıxarırlar. Ancaq bu kəlam hansı şəraitdə və hansı məqamda deyilib və onun arxasında nələr gizlənir?… Bu kəlamın arxasında özünümüdafiə niyyətləri vardırmı?

Əgər sənin həyatını heç bir təhlükə gözləmirsə, onda müharibəyə başlamaqla, insanları öldürməklə Quranda deyilənlərin ümumi mahiyyətini inkar etmiş olacaqsan. Qurandan bəzi frazaları ümumi konteksdən ayrı götürməklə onlar Müqəddəs Kitab haqqında yanlış təsəvvür formalaşdırır, onu qəlpələrə parçalayırlar. Qəlpələr isə Quran haqqında yanlış təsəvvürlərin yayılmasına, müqəddəs kitabın mahiyyətinin təhrif edilməsinə gətirib çıxarır. Sələfilər Müqəddəs Qurani-Kərimdən bəzi frazaları götürərək onların əsasında fəaliyyət göstərirlər. Məsələn, Quranın 4-cü surəsinin “Qadınlar” adlanan 89-cu ayəsində belə deyilir: “Onları harada tapsanız tutun və öldürün”…

Ancaq hansı şəraitdə? Ümumiyyətlə, bu sözlərin mahiyyəti nədir? İslamı yaxşı anlamayanlar, onun mahiyyətini tam şəkildə dərk edə bilməyənlər məsələyə yuxarıdan aşağı baxır, problemə hörmətsiz yanaşır və nəticədə bu, dəhşətli faciələrə yol açır.

Şiəliyin problemi isə bu cərəyanın mahiyyətində “Ömərə düşmən olmayan, Əlini səmimi qəlbdən sevə bilməz” təsəvvürünün dayanması ilə bağlıdır. Amerikada fəaliyyət göstərən və şiələrin nəzarətində olan kanallarda açıq şəkildə belə deyilir: “Öməri necə düşmən hesab etməmək olar? Axı o, Fars dövlətini məhv edib”. Şiəlikdə məsələyə məhz bu cür də yanaşılır və onların dünyagörüşü də bu müstəvidə formalaşdırılır. Amma biz fərqli mövqedə dayana bilmərik. Axı biz Əlini də, Peyğəmbərimizin Əhli-beytini də sevirik. Biz sünnilərin, xüsusilə hənəfilərin inamı da bunun üzərində qurulub. Əbu Hənifə imam Zeydi müdafiə edib, ona dəstək verib. İmam Şafi isə belə deyib: “Əgər Əhli-beyti sevmək şiə olmaq deməksə, onda qoy göylər də şahid olsun ki, mən də şiəyəm”.

Mən bütün varlığımla İmam Şafinin bu sözlərinə şərik çıxıram. Əgər şiə olmaq Hz. Əlini, Fatiməni, Həsən və Hüseyni, Zeynalabidini, Cəfəri, Məhəmməd Hənəfini sevmək deməksə, onda qoy göylər də şahid olsun ki, mən də şiəyəm. Amma məsələnin, şiəliyin mahiyyətində bu deyil, Fars imperiyasını məhv edən Ömərə nifrət və düşmənçilik dayanır. Axı Fars imperiyasının əsas dini atəşpərəstlik idi…

Sələfilər isə Mədinədə Peyğəmbər Əfəndimizin məscidi ilə yanaşı olan qədim qəbiristanlığı yerlə yeksan etdilər. Onlar hətta Peyğəmbər əfəndimizin ən yaxın tərəfdaşlarının qəbirlərini belə yer üzündən sildilər. Sələfilər hətta Peyğəmbər Əfəndimizin Uhud döyüşündə dişinin vurularaq çıxarıldığı yerdə Osmanlı tərəfindən qoyulan xatirə lövhəsini belə məhv etdilər. Mən o vaxt Peyğəmbər Əfəndimizin anadan olduğu evə getmişdim. Ev onda muzey idi. İslam Əməkdaşlığı Təşkilatının baş katibi (hazırda keçmiş) olan Ekmələddin İhsanoğlu var. Onun sözlərinə görə, hazırda həmin evi yuyunma yerinə çeviriblər. Və yaxud, məsələn, bizdə Peyğəmbər Əfəndimizin saçı müqəddəs hesab edilir. Mən bu tükün biri üçün həyatımı verməyə hazıram. Ancaq bu saçı bütə çevirməyi, ona sitayişi, xrustal qaba qoyaraq hər istəyəni onu öpməyə məcbur etməyi anlaya bilmirəm…

Bizdə qəbri ziyarət etmək, ona qırmızı lent bağlamaq, şam yandırmaq adəti var. Ancaq bunu əldə əsas tutaraq, ona xoşagəlməz don geydirmək və bu əsasda Peyğəmbərin anadan olduğu evi dağıtmaq olmaz.

Müəyyən buna oxşar problemlər şiəlikdə də mövcuddur. Mən Sultan Yavuz Səlimi mühakimə etmək fikrində deyiləm. Amma o, həmişə üsyanları, o cümlədən Şahqulu qiyamını qılınc gücünə yatırdıb. Nəticədə qiyamçılar Çaldıran döyüşünə qədər gedib çıxdılar. Doğrudanmı, bu problemi başqa yollarla həll etmək, ora dinimizdən başı çıxanları göndərmək, orada mədrəsələr açmaq və bu yolla onları öz tərəfimizə çəkmək mümkün olmazdı? Öz işini sevmək başqasına nifrət etmək deyil və gərək digər məzhəblərə, dinlərə, millətlərə də hörmətlə yanaşasan, onları da düzgün anlayasan.

Buna paralel olaraq, mən hər bir müsəlman kimi bütün dinlərə, o cümlədən xristian dininə hörmətlə yanaşıram. Bu ənənə bizim Müqəddəs Quranımızdan irəli gəlir. Quranı-Kərimdə İsa Peyğəmbərin adı beş yerdə çəkilən surə var. Ancaq Müqəddəs Kitabımızda islamı ilk qəbul edən və peyğəmbərimizin həyat yoldaşı olan Xədicənin, Ayşənin, qızı Fatimənin adı çəkilmir. Əvəzində İsa Peyğəmbərin anası Məryəmin adı azından 10 dəfə çəkilir. Qurani-Kərim bütün peyğəmbərlərə hörmətlə yanaşır, onları Allahın elçisi olaraq qəbul edir. Bu əsasda da qarşılıqlı hörmət, anlaşma yolları tapmaq, bir-birinə dostluq əlləri uzatmaq, qardaş kimi qucaqlaşmaq mümkündür. Günümüzdəki münaqişələrin kökü qədimlərə gedib çıxır; onlar, məsələn, xaç yürüşləri özlərindən sonra ağır izlər qoyublar. Amma günümüzdə bu problemlərə yeni müstəvidən baxmaq, keçmişdə baş verənləri keçmişdə saxlamaq, qarşılıqlı anlaşmaya gəlmək lazımdır və eyni zamanda bu mümkündür. Bu məqsədlə cəmiyyətdə hörməti olan böyük alimləri bir araya gətirərək onların vasitəsi ilə ortaq məxrəcə gəlmək mümkündür. Əlbəttə, həmişə buna qarşı çıxan azlıq mövcud olacaq. Buna baxmayaraq, biz öz gücümüzlə müəyyən işlər görə, buna qarşı çıxanların müqavimətini azalda bilmərikmi? Mənim fikrimcə, belə bir yol mümkündür və biz bundan istifadə etməliyik. Ən azından qarşılıqlı şəkildə düşmənçiliyi körükləyən təbliğat maşınını neytrallaşdıra, onu müsbət tərəfə yönəldə və bu yolla qarşılıqlı anlaşmaya nail ola bilərik.

 – Xoca əfəndi, Siz Türkiyədəki demokratiyadan və onun necə inkişaf etdirilməsi yollarından yazırsınız. Amma buna paralel olaraq hazırda islam aləmində demokratiya ilə dinin uyğunlaşdırılması yolları barədə debatlar gedir. İslamla demokratiya arasında hər hansı problem mövcuddurmu? Bir çox müsəlmanlar sekularizmi islamın düşməni hesab edirlər. Amma əksər müsəlmanlar heç bir problem olmadan dünyəvi cəmiyyətlərdə yaşayırlar. Sizcə dünyəvi dövlətlərdə müsəlmanlar özlərini təhlükəsiz hesab edə bilərlərmi? İslamın modernləşdirilməsinə ehtiyac varmı? Xoca əfəndi, siz bəzi tədqiqatlarınızda və müsahibələrinizdə islamdakı bəzi məsələlərə yenidən baxılmasının mümkün ola biləcəyini söyləmisiniz. Allah ərəblərlə onların dilində danışıb və o vaxtın qanunları ilə qulu azad etmək savab iş hesab edilib. Amma bu gün İŞİD qadınlarla qullar kimi rəftar edir. Sizcə, orta əsrlərə xas olan bu hallar günümüzlə necə uyğun gəlir?

 

– Mən əvvəllər də öz nöqteyi-nəzərimdən çıxış edərək, dünyanın müxtəlif ölkələrində demokratiya barədə fərqli fikirlərin olduğunu söyləmişəm. Əgər demokratiya haqqın, ədalətin müdafiəsi deməkdirsə, onda bu, hamı üçün qəbulediləndir. Bu baxımdan islamla demokratiya arasında heç bir ziddiyyət yoxdur. Əgər siz islamın ilk dövrlərində xəlifələrin ölkəni necə haqq-ədalətlə idarə etdiyini, seçkilərin yalnız ədalətlə keçirildiyini araşdırsanız, onda müasir demokratiyanın o dövrdən çox şeylər götürə biləcəyinin şahidi olacaqsınız. Demokratiyanın adının Qərbdən gəldiyi üçün ona qarşı çıxmaq düz olmazdı. Belə yanaşma, zənnimcə islama səhv yanaşmadan, onu yanlış anlamaqdan irəli gəlir. Dünyəvi dövlət ədalətlə idarə olunmalı, insan haqları ən yüksək səviyyədə qorunmalı, Allaha, insana hörmət önə çəkilməlidir. İnsan Allah tərəfindən ancaq hörmətə layiq olmaq üçün yaradılıb. Əgər belə olmasaydı, Allah mələklərə Adəm və Həvva qarşısında səcdə etməyi əmr etməzdi. Yalnız şeytan Allahın bu əmrini yerinə yetirmədi. İnsan Allahın yaratdığı ən gözəl varlıqdır. İnsan Allah eşqi ilə yaşayanda, özünün nə üçün bu dünyaya göndərildiyini dərindən biləndə və Allahın qanun-qaydalarına uyğun şəkildə yaşayanda mələklərdən də yüksək zirvəyə ucala bilər. Sekularizmə gəlincə, o, dünyanın müxtəlif bölgələrində fərqli şəkillərdə özünü nümayiş etdirir. Məsələn, Fransada latisizm (dünyəvilik, dinsizlik) şəklində ortaya çıxır və dinə təzyiq vasitəsi rolunu sərt şəkildə oynayır. Amma mənə elə gəlir ki, latisizm dinlə yanaşı mövcud ola bilər. Belə ki, hər kəs cəmiyyətə zərər verməmək şərti ilə öz inancı sərhədləri daxilində azaddır. Cəmiyyət hər insanın seçiminə hörmət etməli, onunla sülh şəratində yaşamağı bacarmalıdır. Sekularizm və lasitizmə yeni müstəvidən yanaşmaq, onlarda islahatlar həyata keçirmək mümkündür və biz buna hazırıq. Belə ki, qarşılıqlı hörmət və anlaşma şəklində yaşamaq mümkündür. Biz mətbuat azadlığına da hörmət edirik. Ancaq bir şərtlə ki, mətbuat insanları təhqir etməsin, mənəvi dəyərlərə hörmət etsinlər, düzgün tənqid etməyi və bundan cəmiyyətin inkişafı üçün istifadə etməyi bacarsınlar. Günümüzdə insanları əsir alaraq, onları qula çevirmək və sonra da onları azad etmək Allah qatında ən böyük günahdır. Müharibə vaxtı şəhid olmaq dinimizdə müqəddəs hesab edilir. Əgər insan haqq, ədalət, Allah yolunda aparılan dini, müqəddəs müharibədə şəhid olursa, onda o, şəhid hesab edilir. Ancaq hansısa uydurma səbəbə görə o, özünü canlı bombaya çevirib partladırsa, onda şəhid hesab edilmir, əslində Allah qarşısında ən böyük günah işlətmiş olur. Belələri, yəni dinlə əlaqəsi olmayan canlı bombalar, tam əminliklə deyirəm ki, birbaşa cəhənnəmə gedir.

 

– Mən sizin terrora qarşı çıxmağınızı yüksək qiymətləndirirəm. Siz deyirsiniz ki, islam günahsız insanların öldürülməsinə, terrora qarşıdır. Belə olduğu halda, nə üçün terroru dəstəkləyən insanlar mövcuddurlar? Terrorla mübarizə üçün hansı strategiyanı önə çıxarmaq lazımdır? Bu baxımdan Siz hazırda Türkiyə ilə Rusiya arasında təyyarənin vurulmasına görə əmələ gələn gərginliyi necə dəyərləndirərdiniz?

 

– Sualınıza cavab verməzdən öncə, onu deyim ki, terror yalnız İslam deyil, bütün dinlərin mənsubları arasında var. Müxtəlif vaxtlarda İŞİD, Əl-Qaidə kimi terrorçu qruplar meydana çıxır. Elə dövlətlər də var ki, onlar öz niyyətlərinə çatmaq üçün terroru əsas vasitələrinə çeviriblər. Təbii ki, İslam aləmində də terroru dövlət səviyyəsinə qaldıran dövlətlər mövcuddur. Mən bu baxımdan utana-utana da olsa, öz ölkəmi xatırlatmaq istəyirəm. Əlbəttə, bu mənim öz şəxsi fikirlərimdir. Əgər hökumət öz vətəndaşlarına təzyiqlər edirsə, onların azadlıqlarını tapdalayırsa, əgər öz şəxsi maraqları naminə demokratik dəyərləri ayaqlar altına atırsa, qanunları özlərinin istəklərinə uyğun dəyişirsə, onda bunu terrorun nümayiş etdirilməsi kimi qəbul edirəm. İslam aləmində terrorun ortaya çıxması, ilk növbədə, bəzi müsəlmanların öz dinlərini bilməməsi və ya səhv anlaması ilə əlaqədardır. Əgər müsəlmanlar Müqəddəs Kitabımızda deyilənlərə uyğun şəkildə yaşasaydılar, onda onlar hamını heyran edən demokratik idarəetmə, yüksək inkişaf modeli yarada bilərdilər. İslamın müxtəlif dövrlərində günümüzdəki demokratik dəyərlərin, sivil inkişafın belə həsəd apara biləcəyi idarəetmə modeli olub. Amma bu gün biz islamda hamını heyran edən sivil inkişaf modelini görmürük. Ona görə də bundan çıxış üçün müxtəlif yollar axtarılır. Ola bilsin ki, insanların arasına yeridilən hansısa xüsusi xidmət orqanlarının əməkdaşları kütlədən öz məqsədləri üçün istifadə edirlər. Yəni onlar müxtəlif yollarla dinimizdən az xəbərdar olan və ya dinimizi onlara yanlış şəkildə anladan xarici emissarların vasitəsi ilə terror fəaliyyətinə cəlb edilirlər. İŞİD, “Boko Haram”, “Əl-Qaidə”, “Taliban” da ola bilsin ki, müxtəlif pozucu güclər tərəfindən öz məqsədləri naminə istifadə edilir. Məsələn, götürək elə “Taliban”ı… Onlar tərəfindən insanlardan canlı bombalar kimi istifadə edilməsi, görünməmiş vəhşiliklərə əl atılması dinimizdə qəbuledilməz bir vəhşətdir. Buna da səbəb insanların Quranın qanun-qaydaları əsasında yaşamamalarıdır. Ən çox da gənclər belə səhvlərin qurbanlarına çevrilirlər. Onlar belə hesab edirlər ki, bu yolla islamı qoruyurlar. Əslində onların hərəkətləri islama beynəlxalq aləmdə böyük zərbələr vurur. Terrorla mübarizədə uğur qazanmağın yolu insanların hərtərəfli şəkildə maarifləndirilməsindən, onlara dinin mahiyyətini olduğu kimi anlatmaqdan asılıdır. Bu məqsədlə terrora qarşı birgə hərəkət etmək, onu doğuran səbəbləri aradan qaldırmaq lazımdır.

Əgər Amerika və Rusiya terrora qarşı mübarizədə birgə hərəkət etsələr, onda İŞİD və “Əl-Qaidə” ilə mübarizədə uğur əldə etmək mümkün olacaq. Onu da deyim ki, Rusiyada kommunizm ağalıq etdiyi dövrlərdə iki ölkə arasında qarşılıqlı antipatiya, düşmənçilik mövcud idi. Ancaq hazırda Türkiyə və Rusiyada hakimiyyətə seçkilər, demokratik mexanizmlərdən istifadə etmək yolu ilə gəliblər. Ona görə də Türkiyə və Rusiya qonşu dövlətlər kimi bir-birilərinə hörmət etməlidirlər. Türkiyə NATO-nun üzvü olsa da, ABŞ-la əlaqələrə xələl gətirməmək şərti ilə Rusiya ilə münaqişəyə girməməlidir. Əlbəttə, son hadisələr, o cümlədən təyyarəni vurmaq düz deyildi. Bu işdə kimin günahkar olub-olmamasından asılı olmayaraq, problemi ağılla, məsələyə daha məntiqi baxımdan yanaşmaqla qarşılıqlı hörmət şəklində həll etmək lazımdır. Rusiya böyük ölkədir. Mənə elə gəlir ki, Türkiyə Rusiya ilə dostluq, mehriban qonşuluq çərçivəsində yaşamalıdır. Türkiyənin gələcəyi də məhz bu amildən asılıdır. Rusiya ilə münaqişəyə girmək çox ağır ola və Türkiyəni zəiflədə bilər. Rusiyaya alternativ variantlar da təklif edilə və onlar buna istinad edə bilərlər. Onda Türkiyə həlli mümkün olmayan problemlər burulğanına düşə bilər. Hazırda hər şey Türkiyəni idarə edən adamların iradəsindən asılıdır… Mən dua edirəm ki, Uca Allah onlara uzaqgörənlik, müdriklik nəsib etsin. Öz növbəsində, Putin və rus xalqı, rus elitası bunu yüksək qiymətləndirsin və hər şey əvvəlki vəziyyətinə qayıtsın.






Fikirlər