Azərbaycana qarşı MÜHARİBƏ aparır - NARDARAN!



Nardaran yenə çalxalandı. Azərbaycandan çox İranın geridə qalmış məhəllələrini xatırladan bu kənddə illərlə yığılan, bəslənən nifrət, kin, mövhumatçılığın gətirdiyi qəzəb şişib partladı. İndi cəmiyyət bu “partlayışın” pis qoxusunu duyur, təşvişini yaşayır...

2000, 2002, 2006, 2015 - bu tarixlər Nardaranın Azərbaycana qarşı müharibə açdığı tarixlərdir. Azərbaycanın qartal görünüşlü xəritəsində gözün yerində olan Nardaran dövlətin və hakimiyyətin ona göstərdiyi qayğılı münasibətə qarşı gözlərini yumaraq reaksiya verdi. Adətlərini, ənənələrini, hətta ərköyünlüyünü də göz bəbəyi kimi qorumağa çalışan bu dövlətə qarşı fürsət düşdükcə nankorluq etdi. Müxtəlif illərdə 4 dəfə Nardaranla Azərbaycan arasında qarşıdurma oldu. Azərbaycanın heç bir yerində qarşıdurmaya hərisli, “partlamağa” hazır olan kütlə yoxdur. Çünki Nardaran istisna olmaqla Azərbaycanın heç bir inzibati ərazi vahidində mövcud qanunlardan və ictimai həyat normalarından fərqli durum yoxdur. Lənkəran, Masallı, Lerik də şiə məzhəbli insanların məkanıdır. Ancaq bu bölgələrin heç biri, özünü Azərbaycandan ayırmır, özlərini hamıdan çox dindar, hamıdan çox, prinsipial, hamıdan çox söz götürməyən hesab etmir... 

Meydan və şeytan 


Nardarana sözün bütün mənalarında MEYDAN verilmişdi. Meydanlarına ad da qoyublar - İmam Hüseyn meydanı. Din tarixində özünün ədəb-ərkanı, insanlığı, mərdliyi ilə seçilən Hüseynin adını daşıyan meydana çıxıb öz din, əqidə, dövlət, Vətən qardaşlarına qarşı dəyənək qaldırmaq, insanları itaətsizliyə səsləmək, öz başa düşülməyən, heç bir məntiqə sığmayan arzularını reallaşdırmaq üçün hətta silah işlətməyə belə çəkinməyənlər bu hərəkətləriylə İslam Peyğəmbərinin nəvəsinin ruhunu aşağılamırmı? 
Sərbəst toplaşmaq azadlığının ən ifrat həddi Nardarandadır. Qanunla hər hansı meydana toplaşmaq istəyən qrup öncədən müvafiq quruma müraciət etməlidir. Nardaranlılar kimsəyə xəbərdarlıq etmədən, istədiyi vaxt meydana toplaşır, cahillik, mövhumatlıq yağan bəyanatlar səsləndirirlər.



Həmkarlarımızdan biri danışır ki, 2002-ci ildə nardaranda yaşanan qanlı olaylar zamanı qəsəbədən reportaj hazırlamaq istəyib. Onu müşayət edən nardaranlılar hər tində yandırılmış polis maşınlarını göstərib bu hərəkətləri ilə fəxr edirmişlər. O dövrdən 13 il keçib, həmin nardaranlının oğlu polisləri kafir adlandırır. 

Azərbaycanın elə bir bölgəsi yoxdur ki, oranın sakini olan qadınlar əllərində dəyənək hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı “müharibə elan” etsinlər. 

Azərbaycanın elə bir bölgəsi yoxdur ki, oranın sakini olan uşaqlar polisə müharibə elan etməyi müqəddəs bilsin və bu yolda ölməyin şəhidlik zirvəsinə ucalmaq hesab etsinlər.



Dövlət içərisində “dövlətcik”

Uzun illərdir bu qəsəbənin sakinləri dövlətin qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli yaradıblar. Bu model nə islam, nə xristian, nə buddist qanunlarına, şərtlərinə uyğun gəlir. Nardaran Azərbaycanın yeganə inzibati ərazisidir ki, valideynlər qızları birmənalı olaraq məktəbə buraxmır - Azərbaycanın təhsil sistemini saya salmır. Məlumata görə, əksər oğlan uşaqları İrana bir neçə illik təhsil almağa göndərilir, qayıdanda sonra isə qumbaraları təsbeh kimi oynadırlar.

Yazını hazırlayanda Vikipediyadan Nardaranın tanınmış şəxslərinin kimlər olduğunu axtarırıq. Cəmi 5 nəfərin adı çıxır, onlardan yalnız müğənni Məmmədbağır Bağırzadəni tanıyırıq. 



İnsan elmi, istedadı, bacarığı ilə tanınar. İstedad Allahın lütfüdür. İndiki halda Allahla nardaranlı arasındasa böyük uçurum var. Bu uçurum özünü təkcə elimsizlikdə göstərmir. Bu həm də itaətsizlikdə, cinayətə meyillilikdə özünü büruzə verir. Heç Allaha sığınan adam da silah gəzdirər? Məgər Allah demirmi insanları MƏN qoruyuram? Məgər Allah demirmi, təkəbbür ən böyük günahdır? Məgər təkəbbür başqalarını bəyənməmək deyilmi? Nardaranlılar özlərindən başqa hamını kafir hesab edirlər. Bu xarakter Allahı inkar etməyə bərabərdir. Nardaranlının bacarığına gəldikdə, yalnız bunu deyə bilərik: oxumadıqları müqəddəs Qurandan yalandan sitatlar gətirmək. 

Nardaran qəsəbəsində Konstitusiyanın şərtlərindən demək olar heç birinə əməl olunmur. Sakinlər bələdiyyə seçkilərinin keçirilməsinə əngəl yaradırlar, icra nümayəndəliyinin varlığı ilə yoxluğu bilinmir, hüquq mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilir. Ən qəribəsi odur ki, nardaranlılar hələ bu günə qədər nə istədiklərini, niyə belə etdiklərini aydınlığı ilə ifadə edə bilməyiblər. Ola bilsin fikirlərin ifadə olunmasında onlara savadsızlıqları mane olur. Ya da ümumiyyətlə fikirləri yoxdur.


Cinayətlər ocağı 

Nardaranlıların bu günə kimi əsas qürurlandığı məsələ polisi kəndə buraxmamaqları olub. Təəssüf ki, hüquq-mühafizə orqanları bu kəndi həmişə unudub. Elə buna görə də, kənddə törədilən ən ağır cinayətlər belə gizlədilib. Bacısından şübhələndiyi üçün evini körpəsi qarışıq yandıran kim, torpaq üstə bir-birini güllələyən kim, “yolunu çayanları” baltalayan kim... Nardaranda gizlədilən, cinayətinə görə cəzalanmayan bilirsiniz nə qədər adam var? Xeyli! 

Nardarana polis girmir deyə, cinayətkar aləmin adamlarının söhbət yeri, narkobaronların at oynatdığı məkan olub. Nardarana polis girmir deyə, başqa qurumların nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilməyiblər. Onlar həmişə döyülüb, söyülüb və kənddən qovulublar. Məsələn, kənddə bir ticarət obyektinin vergi verdiyini kimsə deyə bilməz. Bir nəfər deyə bilməz ki, inşa etdiyi hər hansı tiklinin sənədi var.

İş o yerə çatıb ki, sakinlər zəbt etdiyi torpaqlarla yanaşı, dövlət və ya bələdiyyə torpaqlarının başqasına satılmasına da imkan vermirlər. Oradan pul verib torpaq alan şəxs mütləq müəyyən məbləğ qarşılığında kənd ağsaqqalarından “halallıq” almalıdır. 

İŞİD-in eyni 



Nardaran özünü sözün əsl mənasında anklav dövlət hesab edir. Dövlət institutlarının fəaliyyəti əvəzinə qəsəbədə anlaşılmaz “ağsaqqallar şurası hakimiyyəti” yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənir. Ağsaqqallar isə qan-qan deyir. Əslində, ağsaqqal qan yatırdandı, Nardaranda tamam fərqli “fəlsəfə” hökm sürür.

Bunlar azmış kimi, qəsəbənin küçələrində bir dənə də olsun Azərbaycan bayrağı yoxdur. Məsələ burasındadır ki, az qala hər evin divarlarından asılan qara rəngli, müxtəlif ölçülü, üstü ərəb, fars dillərində yazılarla bəzədilən bayraqların heç İslam dini ilə əlaqəsini tapmaq mümkün deyil. 



Nardaranda dini ayinlərin icrası yalnız şəriət qaydalarının hökm sürdüyü bəzi Şərq ölkələrinin mənzərəsini xatırladır. Hazırda həmin Şərq ölkələrində qan su yerinə axır, insanların bütün hüquq və azadlıqları həmin qana bulanıb. O ölkələrdə İslam dinini min yerə parçalayanlar qardaş qırğınını davam etdirir, İŞİD-in qılıncı ilə insanlar qarışqa kimi qırılır. İnsanlara münasibətdə həmin o “dindar” nardaranlılar İŞİD-çidən az fərqlənir. Onlardankı aqressiya, kin, nifrət heç də baş kəsən İŞİD cəlladlarından az deyil.



Gördük, nardaranlılar jurnalistlərə qarşı hücuma keçdilər. Hətta ağ saqqallı kişi maşının üstünə çıxıb, media nümayəndələrini təhqir etdi. Məlumata görə, Nardaranda ümumiyyətlə kənardan gələnlərə qarşı aqressiya var. Qəsəbənin bəzi sakinləri Nardarana gedən insanları təhdid edir, onların həyatına təhlükə yaradırlar. Qəsəbədə mülkü, bağı olan Azərbaycan vətəndaşları evlərinə gedə bilmirlər. Sanki onların mülkləri girov götürülüb.

Nardaranı nə gözləyir? 

Nəhayət Nardarandan bir nəfər çıxıb onlara başa salmalıdır ki, terror yuvasına çevrildikləri bəsdir. Azərbaycan qədim ənənəsi olan güclü dövlətdir və bu dövləti təkcə hüquq-mühafizə orqanları qorumur, bütöv bir cəmiyyət öz dövlətini arxasında dayanıb. Sadəcə dövlət son ana qədər qan tökülməsinə rəvac vermək istəmir. Bir neçə saatlıq əməliyyatla Nardaranda hökm sürən terrorçu düşüncəni darmadağın etmək mümkündür. Məsul şəxslərin açıqlamalarından görünür ki, Nardaran özünü Azərbaycanın başqa kənd, qəsəbə, rayonları kimi aparmasa, başlarına ağır dəmir əl endiriləcək.

Ona görə də Nardaranda özlərini “səlahiyyət sahibi” elan edənlərin dövlət orqanları ilə şərti, ultimativ davranışına son qoyulmalıdır;

Qəsəbədə qanunlar, hakimiyyət orqanlarının fəaliyyəti qeyd-şərtsiz bərpa olunmalıdır;
Nardaran Azərbaycan reallığına qaytarılmalı, bu reallığı qəbul etməyənlərə qarşı isə sərt tədbirlər görülməlidir.


Hələ ki, Nardaranın şansı var...

AzNews.az 






Fikirlər