AZƏRBAYCANLI siyasətçilərdən ANKARA terroruna — MÜNASİBƏT

Azərbaycanlı siyasətçilərdən Ankara terroruna — MÜNASİBƏTTürkiyədə baş verən qanlı terror aktı 30-a yaxın insanın canını aldı, 60-dan çox yaralı var.

Ankarada baş verən terror aktı zamanı yaralananlar arasında Türkiyə hərbi hava qüvvələrinin komandanlığının yüksək rütbəli generalı da olub. Türkiyəli hərbçilərə qarşı törədilən bu terror aktı müxtəlif suallar meydana çıxarıb. Bəziləri Rusiyanı ittiham edir, bir qisim isə bu terrorun arxasında Rusiya-Türkiyə münasibətlərini daha da gərginləşdirmək istəyən üçüncü qüvvənin olduğunu iddia edir.

Bundan əlavə Türkiyənin Suriyadakı kürd qruplaşması olan PYD-ni vurması və 15 minlik hərbi birləşmə ilə Suriyaya girmək istəməsi də Ankarada baş vermiş terror aktına səbəb kimi göstərilir.

Bunlarla bağlı millət vəkili, politoloq Elman Nəsirov, politoloq Zərdüşt Əlizadə, D18 Hərəkatının sədri Ruslan İzzətli, "Ana Vətən" Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı öz fikirlərini Ölkə.Az-la bölüşüblər:

Elman Nəsirov: "Ankarada baş verən son terror aktı bir həqiqəti təsdiqlədi ki, beynəlxalq terrorizmə qarşı hər yerdə və hər zaman prinsip ilə müharibə aparmaq lazımdır. Terrorçuları yaxşı və pis terrorçuya bölməklə heç zaman əsrin bəlası sayılan beynəlxalq terrorizmə qalib gəlmək mümkün olmayacaq. Bu hadisə həm də İŞİD beynəlxalq terror təşkilatına qarşı kollektiv mübarizə aparılmasının vacibliyini bir daha üzə çıxardı. Belə olan vəziyyətdə bütün sivil bəşəriyyət terror aktını pisləyir.

Bu terror aktını həyata keçirmək kimə lazımdır? Günahkar kimdir, terror aktını hansı təşkilat həyata keçirib, hansı güclər bunun arxasında dayanıb? Bunlar ən çox düşündürən suallardır. Ola bilsin ki, sabah beynəlxalq terror təşkilatlarından biri, İŞİD, PKK bəyan etsin ki, Ankara terror aktını biz həyata keçirmişik. Ancaq bu da cavab deyil. Çünki istisna deyil ki, həmin terror təşkilatı icraçıdır. Əsas məsələ terror aktını həyata keçirənin kim olduğu deyil, sifarişi verənin kim olduğudur. Hazırda konkret fikir söyləmək çətindir. Türkiyənin hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanları istintaq aparır. Belə olan vəziyyətdə müxtəlif spekulyasiyalar da baş alıb gedir.

Müəyyən siyasi dairələr, ekspertlər, politoloqlar Rusiyanı ittiham edir, bir başqaları isə bildirir ki, terror aktının arxasında Rusiya deyil, Rusiya ilə Türkiyənin münasibətlərinin kəskinləşməsindən istifadə edən üçüncü qüvvə var və onlar bunu edirlər ki, Rusiyanın üzərinə düşülsün. Bu tipli yanaşmalar var. Ancaq dəqiq fikir söyləmək çətindir. Hesab edirəm ki, baş vermiş hadisədə Rusiyanın əlini, izini axtarmaq düzgün olmaz. Bu birbaşa ittihamdır. Hər şey gərək əsaslı və sübuta yetirilən faktlar olsun. Bunda sonra bu və ya digər tərəfi ittiham etmək olar.

Mənim fikrimcə, bu terror aktında Rusiya ilə Türkiyənin münasibətlərinin daha da pisləşməsini istəyən üçüncü qüvvələrin əlinin olması ehtimalı böyükdür. Mənə elə gəlir ki, bu terror aktından sonra Rusiya ilə Türkiyə arasında az da olsa isinmə olacaq. Rusiya Türkiyədə baş verən terror aktını pislədi və Türkiyənin yanında olduğunu bildirdi".

Zərdüşt Əlizadə: "Şübhə yoxdur ki, baş verən terror hadisəsi Türkiyənin hərbçilərinə qarşı yönəlib. Minalanmış maşın hərbçilərin yanında partladılıb. Türkiyə hərbçiləri və Türkiyə dövləti hədəfdədir. Bu terror aktının Rusiya tərəfindən törədilməsinə heç bir sübut yoxdur. Kürdlərin tərəfindən törədilməsinə də heç bir sübut yoxdur. Əgər varsa da türk artilleriyası kürdlərin mövqelərini bombalayır. Onlar da cavab olaraq terror aktı törədiblər. Bütün terror hadisələrinin məqsədi gərginliyi artırmaq, qisas almaq, yıxıb-dağıtmaqdır. Ancaq terror hadisəsinin səbəbi başqadır.

Səbəb odur ki, Yaxın Şərqdə çox ədalətsizliklər baş verir. O cümlədən çox təəssüf ki, Türkiyə də bu ədalətsizliyə öz payını verir. Çalışmaq lazım idi ki, Suriyanın daxili işlərinə heç kəs qarışmasın. Ancaq Qərb, mürtəce ərəb rejimləri və Türkiyə çox fəal şəkildə Suriyanın daxili işlərinə qarışdılar. Hərbi yolla, informasiya müharibəsi aparmaqla Suriya kimi abad, gözəl bir dövləti dağıtdılar. Suriyanı viran qoydular, milyonlarla insan başını götürüb ölkəsindən qaçdı. İndi də Suriyada qanlı vətəndaş müharibəsi davam edir, bilinmir nə zaman qurtaracaq. Qədim bir dövləti, abidələri darmadağın etdilər. Nə istəyirdilər? Əgər demokratiya istəyirdilərsə, demokratiyanı vətəndaş müharibəsi vasitəsi ilə qurmaq mümkün deyil. Demokratiya tədricən, addım-addım, qarşılıqlı güzəştlə qurulur. İnqilabla demokratiya qurulmur. Türkiyənin başına gələn bu hadisəyə acımaq, təəssüf bildirmək, başsağlığı vermək lazımdır. Onu da demək lazımdır ki, Ərdoğan hakimiyyətinin son illərdəki siyasəti Türkiyənin ümumi təhlükəsizlik səviyyəsini mənfi həddə endirib".

Ruslan İzzətli: "Türkiyənin Yaxın Şərqdə aktivləşməsi, daha kəskin mövqe qoyması təbii ki, kimlərəsə xoş gəlmir və Türkiyəyə bunun bədəlini ödətmək istəyirlər. Bir nüansa diqqət edək, türk generalı bir neçə gün öncə çıxışında bildirmişdi ki, nə olmasından asılı olmayaraq türk ordusu Suriyaya girəcək. Həmin çıxışdan iki gün keçir və Türkiyənin Hava Qüvvələri Qərargahının yaxınlığında terror hadisəsi baş verir. Suriya məsələsində Türkiyə əsasən Rusiya ilə qarşı-qarşıya gəlib. Rusiya Türkiyənin başını daxili məsələlərə qarışdırmaq, terror aktları ilə xalqı Ərdoğana qaldırmaq üçün bu addımı ata bilər. Dünən bir xəbər də yayıldı ki, İsveçdə türk mədəniyyət evində də partlayış olub. Ankarada baş verən terror aktı zamanı 30-a yaxın insanın şəhid olması, 60-dan çox insanın yaralanması böyük bir faciədir. İstər Qərb, istərsə biz, bu məsələdə Türkiyənin yanında yer almalıyıq. Terror aktının təşkilatçısı kimi isə ilkin versiya Rusiyadır, ancaq bunun arxasında başqa güclər də ola bilər".

Fəzail Ağamalı: "Baş verən terror aktından sonra Türkiyənin hüquq-mühafizə orqanları iş aparırlar. Ümidvaram ki, terror aktının kimin tərəfindən törədildiyini və bu cinayətin necə baş verdiyi üzə çıxacaq. Baş vermiş terror aktı ilə bağlı dərin üzüntü keçirirəm. Partiyamız bununla bağlı bəyanat verəcək. Baş vermiş hadisə ilə əlaqədar sizin sayt vasitəsi ilə də qardaş türk xalqına dərin hüznlə başsağlığı verirəm. Onların dərdinə biz də şərikik. Ümid edirəm ki, terror aktının təşkilatçıları üzə çıxacaq və onları elə Türkiyə dövləti özü cəzalandıracaq".






Fikirlər