Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş baş komandanı, hökumətin ölkədə baş tutmamış hərbi çevrilişin lideri kimi təqdim etdiyi Akın Öztürk bəyanatla çıxış edərək qiyamın təşkilatçılarının adlarını açıqlayıb.
Virtualaz.org-un məlumatına görə, general bildirib ki, Ali Hərbi Şuranın üzvü kimi, qiyamın əvvəlindən axırına kimi Baş Qərargah rəisi Hulusi Akarın yanında olub və hərəkətlərini onunla koordinasiya edib.
“Mən demokratiyaya qarşı yönəlmiş cinayətin heç bir mərhələsində iştirak etməmişəm. Mən əlimdən gələn hər şeyi etmişəm ki, ölkəmiz yaranmış mövcud mürəkkəb vəziyyətdən minimal itki ilə çıxsın. Hərbi Hava Qüvvələrinin komandanı Abidin Unalın məsləhəti ilə mən qiyamçılarla danışıqlara getdim və onları etmək istədikləri hərəkətlərdən daşındırmağa çalışdım”, -deyə general bəyan edib.
Qeyd edək ki, yerli KİV bundan əvvəl Öztürkün ABŞ-da yaşayan və hakimiyyətin, son hərbi çevriliş cəhdinin təşkilatçısı elan etdiyi Fətullah Gülənlə əlaqələrinin ola biləcəyindən yazmışdı.