Moderator.az saytında yayımlanan “İran mollaları priton kassiri funksiyasını yerinə yetirirlər” məqaləsi cəmiyyətdə böyük rezonans doğurmuşdur (linki burada: http://www.moderator.az/news/145261.html )
Son iki gündə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də bu olmuşdur. Aldığımız məlumata görə İranpərəst dindarlar yazıçı Paşa Yaquba yazını saytdan silmək üçün təzyiqlər göstərirlər.
Əməkdaşımız olayla bağlı yazıçı ilə əlaqə saxlamışdır. Onun məsələyə münasibətini diqqətinizə çatdırırıq.
-Paşa bəy, sosial şəbəkələrdəki müzakirələrdən də görünür ki, Sizə güclü təzyiqlər var.
-Mən həmin məqaləni paylaşarkən rəy yazmışdım ki, İran mollaları bu yazıdan sonra məni öldürməsələr yaxşıdır. Düzü heç bilməzdim ki, Azərbaycanda bu qədər İranpərəst və siğədən faydalanan “dindar”lar var. Onlar təzyiq göstərirlər ki, yazını saytdan sildirim. Amma, bu təzyiqlər faydasızdır, mən yazını sifarişlə yazmamışam ki, kiminsə sifarişiylə də sildirim. Bu məsələ cəmiyyətin böyük kəsimini, xüsusiylə də ziyalı kəsimini narahat etdiyindən mən buna münasibət bildirdim və doğru olanı yazdım. Siğənin haram və pozğunluq əlaməti olduğunu “Quran”dan dəlil gətirməklə sübut etdim. Quranda siğə deyilən bir şey yoxdur. Siğənin azərbaycanda bənzəri bəzi “din xadimlərinin” donuz piyindən hazırlanmış kolbasaya halallıq sertifikatı verməsidir. Tanıdığım bəzi adamlar üstünə “Halal” yazılmış kolbasanı yeyirlər. Soruşanda da deyirlər ki, bilirik donuz piyi var, amma bundan bizə günah gəlməz, günah bu kolbasaya halallıq sertifikatı verənlərə gəlir.
Məncə bu cür yanaşma heç də doğru yanaşma deyildir. İnsan özü bilirsə ki, yediyi qida haramdır, etdiyi əməl günahdır, onu yeməməlidir, etməməlidir. Bəlkə ona icazə verən din rəhbəri yolun azıbdır? Bizdəmi yolumuzu azmalıyıq? Bu onu göstərir ki, bir çox insanlar nəfislərini cilovlaya bilmirlər, günah etməyə sadəcə bir bəhanə axtarırlar. Siğə adıyla cinsi əlaqəyə icazə verənlər və donuz piyinə “Halal” deyənlər belə zəif iradəli adamların əllərinə bəhanə vermiş olurlar. Gərək özünə “din xadimi” deyən adamlar bu cür bəhanələri onların əlinə verməsinlər. Odur ki, Allah-təala buyurub ki, yəhudi, xristiyan və müsəlman alimlərinin bir çoxları insanların mallarını haqsızlıqla yeyir, özlərini də Allah yolundan döndərirlər. Bu ayəylə məhz belələrini nəzərdə tutur ki, bu gün harama, zinaya din adından icazə verərək çoxlu pul qazanırlar, həm də insanları düz yoldan azdıraraq günaha batırırlar.
-Belə bir sual yaranır ki, siğədən doğulan uşaq necə olacaq?
-“Quran”da buyrulur ki, kişiylə qadın nigaha girərkən ən azı iki nəfər şahid tutun. Bu ona görədir ki, gələcəkdə doğulacaq uşağın atası haqda cəmiyyətdə şəkki-şübhə yaranmasın. Allah həm də buyurur ki, uşaqları atalarının adıyla çağırın. Bütün bunlar zinakarlığın qarşısını almaq üçündür. Siğə edərkən isə, şahid tutulmur. Kim təminat verə bilər ki, həmin qadın başqa kişilərlə də eyni vaxta siğədə deyil?
-Oponentləriniz iddia edirlər ki, bəzi qadınlar üzərlərinə ailə məsuliyyəti götürmək istəmirlər, ona görə onlara da siğə olmaq sərf edir.
-Araşdırmalarımız göstərir ki, bir çox ayağısürüşkən qadınlar siğə adı altında eyni vaxtda bir neçə kişi ilə yaşayırlar. Məhz ailə məsuliyyətinə girmək istəməyənlər bu yolu seçirlər. Elə küçə qadınları da üstlərinə məsuliyyət götürməmək üçün bu yola düşürlər. Bilmək lazımdır ki, hər çirkin iş məsuliyyətsizlikdən doğur! Ona görə də Rəbbim Quranda biz insanları məsuliyyətli olmağa çağırır! İnsan olduğumuza görə hər işdə məsuliyyət daşımalıyıq! Qadın şpris deyil ki, bir dəfə istifadə edib atasan! Onu da bir ana doğub, o da bir insandı! Qeyrətiniz çatırsa onlarla nigah bağlayıb, onlara həyat yoldaşı, arxa-dayaq olun, təlabatlarını qarşılayın, Allaha da xoş getsin bəndəyə də. Buna cəsarətiniz çatmırsa qadınları din adı altında əxlaqsızlığa dəvət etməyin. “Allah belə buyurub” – deyib, Yaradana böhtan atmayın. Allah çirkin işi əmr etməz!
-Paşa bəy, Sizə həm də onu irad tuturlar ki, həm dünyada, həm də Azərbaycanda bu qədər mavilər, pritonlar, əxlaqsızlıq yuvaları olduğu halda onlardan yazmırsınız, amma, İran mollalarının siğə edərək pul almasını tənqid edirsiniz.
-Mən bunu inkar etmirəm, həqiqətən də küçələr doludur yolazmışlarla. Amma, onların bir fərqli cəhəti var ki, etdikləri pozğunluqları Allahın buyruğu kimi qələmə verib, fars mollaları kimi, Allaha, “Quran”a bötan atmırlar, sadəcə deyirlər dolana bilmirik, bu yola düşmüşük. Onlar düz yolda olmadıqlarını, çirkin iş gördüklərin etiraf edirlər. Onlara nəzarət hüquq mühafizə orqanlarının işidir.
İran mollalarını ona görə tənqid edirəm ki, onlar etdikləri belə çirkin işləri “Quran”a bağlamağa cəhd edirlər. Bununla da insanlarda dinə qarşı ikrah hissi yaradırlar. Normal düşüncəli adam görür ki, insanları bir-neçə saatlıq xəlvət yolla, gizlin siğə edib pul qazanan molla ilə priton kassiri arasında heç bir fərq yoxdur. Ona görə də insanlar dindən, mənəviyyatdan uzaqlaşırlar.
Bir də ki, insan öz anasına, bacına rəva görmədiyini başqalarının qız gəlininə rəva bilməməlidir. Bu nə dinə, nə də insanlığa uyğun deyildir!
Fikirlər