Bu gün AY TUTULUR: QURANdan heyrətamiz MESAJ

And olsun ki, Biz Quranı ondan ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (ondakı elmdən, ədəbdən faydalanan) varmı?” “Ay” surəsi, 17-ci ayə.

 

Bu gün (23.03.2016) Ay tutulması baş verəcəkdir. Elmi-ladun araşdırmalarımız göstərir ki, Günəş tutulmalarında olduğu kimi, Ay tutulmalarında da xüsusi bir qanunauyğunluq var və o özündə böyük bir hikməti əks etdirir.

 

İnternet saytlarından əldə etdiyim Ay tutulmalarının cədvəlini Ay (Hicri-qəməri) təqvimi ilə müqayisə etdikdə, Allahın elminin böyüklüyü qarşısında heyrətdən donub qaldım. Məlum oldu ki, bütün Ay tutulmaları bir qayda olaraq ayın 14-də (Ay təqvimi ilə) baş verir. 14 ədədinin hikmətlərini şərh etməzdən öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırıram (bax: aşağıdakı cədvələ).

 

Bu kodlaşdırılmış hadisələri təhlil edərkən, diqqətimi başqa bir məqam cəlb etdi. Sual yarandı ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günlər Ay tutulub?

 

Xatırladım ki, 14 ədədi Quranda  “İbrahim” surəsinin sıra nömrəsidir.

 

Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi.

 

Araşdırmalarımız göstərir ki, “İbrahim” surəsinin sıra nömrəsi olan 14 ədədi “Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırıram:

 

"Rəhimli Allah" surəsinin sıra nömrəsi və rəmzi olan 55 ədədi Quranda 41 dəfə keçir (kitabın cəmi 41 surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır).

 

Eyni zamanda, 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir (Quranın cəmi 55 surəsində 41-ci ayə var.)

 

Göründüyü kimi, Quranda 55 ədədi 41 dəfə, 41 ədədi isə 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxaq:

 

55 – 41 = 14

 

Göründüyü kimi, alınan 14 ədədi "İbrahim" surəsinin sıra nömrəsi olmaqla yanaşı, həm də onun Peyğəmbərliyinin riyazi sübutudur.

 

Quranda Qiyamətin rəmzi (əlaməti) kimi göstərilən Ay tutulmalarının da 14 ədədi altında baş verməsi əslində Yerdə xeyirlə şər arasında tarazlığı pozanlara (nəmrudlara, firoonlara) bir xəbərdarlıq mesajıdır.

 

Diqqətinizi bir maraqlı və hikmətli fakta cəlb edim ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi, fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçub.

 

Bu hadisəni şərh edən kahinlər və bilicilər şaha belə izah ediblər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir (çox keçmədi ki, verilmiş proqnoz özünü doğrultdu və Sasanilər dövləti süqut etdi).

 

Bugünkü Ay tutulmasında diqqət çəkən digər maraqlı məqam onun elm əsri olan XXI əsrin 5.561-ci günü baş verməsidir. Belə ki, Quranda həmin ədəd (5.561) altında məhz Ay tutulmasından (!) bəhs olunur ki, bu da Allah-təalanın kainatı necə heyrətamiz dəqiqlik və elmlə idarə etməsinin sübutudur:

 

"Ay tutulacağı, Günəşlə Ay birləşəcəyi zaman - məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradır?" - deyəcəkdir". Quranın 5.561-ci ayəsi (bax: "Qiyamət" surəsi, 10-cu ayə).

 

Bir daha xatırladım ki, 23 mart 2016-cı il tarixi (Ay tutulan gün) əsrin 5.561-ci gününə düşür. Burada Quranın 57-ci surənin 22-ci ayəsini xatırlatmaq yerinə düşərdi:

 

"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" 57:22.

 

Yuxarıda qeyd etdiyim kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur.

 

Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Hər gün yüzlərlə insan fitnə-fəsad törədənlərin partlatdığı bombanın qurbanına çevrilir, yaxud şərlənərək başına yüz cürə oyunlar açılır, bu və ya digər formada zülmə məruz qalır. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə və s. qəzalar da məhz bu qəzəbin təzahürüdür. Bunu sübut edən faktları əvvəlki məqalələrimizdə (və kitablarımızda) diqqətinizə çatdırmışıq.

 

"Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (ədalətli olmağı, insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb, pis-pis işlər törədərlər. Beləliklə, hökm icra olunar və onu yerlə yeksan edərik". Quran, 17:16

 

Qeyd: din böyükləri Ay (Günəş) tutulan vaxtı ibadət edərək, tövbə etmək və Allahdan bağışlanma diləməyi tövsiyyə etmişlər...

 

Moderator.az

 






Fikirlər