Azərbaycanda İMANA gələnlərin artmasının səbəbləri...

Azərbaycan əhalisinin əksəriyyəti İslama bağlı olan müsəlman dövlət olsa da, cəmiyyətdə dinə münasibət birmənalı deyil. Xüsusən, cəmiyyətin mediada, sosial şəbəkələrdə aktiv olan bir kəsimində dinlə bağlı fərqli münasibətə rast gəlinir.
Lakin bunun əksinə olaraq, əhali arasında dinə meyl edənlər, ibadət edənlər də gündən-günə artmaqdadır. Xüsusən də, Ramazan ayında biz bunun şahidi oluruq. 
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu musavat.com-a açıqlamasında bildirdi ki, din əleyhinə fikirlər konkret faktlara söykənmədiyi üçün insanları dindən uzaqlaşdırmaq gücündə deyil: “Bu mövzu çoxtərəflidir. Əvvəlcə ona baxmaq lazımdır ki, ümumi ictimai rəydə din əleyhinə fikirlər olsa da, bunlar sistemli, mütəşəkkil bir proses deyil. Mediada və ya sosial şəbəkədə səs-küy doğursa da, əslində toplumun alt qatlarına gedib çatmır. Ümumi tendensiya olaraq, dinə böyük zərbəni Yaxın Şərqdəki terror fəaliyyətləri, din adından həyata keçirilən savaşlar, zorakılıqlar vurdu. Lakin buna baxmayaraq, əhalinin böyük bir qismi anlayır ki, din insanları zorakılığa təşviq etməz”.
K.Rövşənoğlunun fikrincə, insanların içində bir inanc ehtiyacı var və  onu da rahat şəkildə İslamda tapırlar: “90-cı illərdə insanlar sovet sistemindən yenicə çıxdığı üçün bu sahədə pərakəndəlik vardı. Müxtəlif inanc qrupları yayılırdı. Hətta xristianlığın ən az tanınan cərəyanları da Bakıda özünə tərəfdar qazanırdı. Ancaq artıq insanlarda o cür pərakəndəlik yoxdur. Daha çox İslama axın var, lakin təəssüf ki, burda da müəyyən problemlər qalmaqdadır. Müəyyən müddət dini sahədə olan qadağalar, gizli dini fəaliyyətlərə rəvac verdi və nəticədə Azərbaycanda qeyri-ənənəvi dini qruplar, o cümlədən zorakılıq təbliğ edən qruplar da gizli şəkildə yayıldı.  Yəni tendensiya ümumi olaraq kəmiyyət çoxalmasına gətirsə də, keyfiyyət məsələsində, o cümlədən, dini təhsilin zəif olması, gizli aparılması neqativ proseslərə də təsir etdi”.
İlahiyyatçı Bəhruz Camal isə dini insan psixologiyasının ehtiyacı kimi təqdim etdi: “İnsanın var olduğu gündən bəri dinlər də var olub. Hansısa bir zaman kəsiyində insanların inancsız olmasını təsəvvür etmək mümkün deyil. Çünki din, Allah, axirət və s. kimi məsələlərə inanc insanın fitri və sağlam psixoloji tələbidir. Baxmayaraq ki, bu məsələdə psixoloqlar da fərqli fikirlərə sahibdirlər, amma dünya psixologiya mərkəzlərinin dinsizliyi psixoloji problem kimi təqdim etdiyini bildikdə artıq dini insanın sağlam psixologiyasının inkişafına maneə kimi təqdim edən psixoloqların özlərinin psixi problemli olduğu məsələsi ortaya çıxır. Baxın, bəzi məsələlər və psixoloji hallar var ki, heç bir terapiya metodu onların həll olunmasında effektiv rol oynaya bilmir. İnsanlar yeganə rahatçılığı və həll yolunu dinə meyllənməkdə tapır. Din müxtəlif mexanizm və metodlardan istifadə edərək insanların həm fərdi, həm də sosial psixologiyasının terapiyasında mühüm rol oynayır. Dindən qaynaqlanan psixoloji sağlamlıq nümunələri olaraq dinin yaradılış, cahan və həyat məfhumlarına verdiyi aydın və möhkəm cavabları, ümid fenomenini, dinin aşıladığı hədəfmərkəzlilik və pozitiv düşüncə tərzinə köklənməni, dinin yaratdığı emosional və sosial dəstək şəbəkəsini, dərd, bəla və problemlərin müəyyənləşdirilməsi və onların əqlə söykənən izahını və sair başqa mexanizmləri misal göstərə bilərik. Son illərdə dinin ümumdünya səhiyyə təşkilatlarının və xüsusilə də psixoloji sağlamlıq üçün həll yolları axtaran mərkəzlərin maraq dairəsinə çevrilməsi heç kim üçün sual deyil”. 
B.Camal insanların ibadət edərək rahatlıq tapdığını və bunun elmi yolla da sübut olunduğunu diqqətə çatdırdı: “Son illər dinin insan psixikasına təsiri barədə geniş miqyasda tədqiqat aparmış iki kanadalı tədqiqatçı insanlar arasında apardıqları testlərin nəticəsi olaraq bildirmişlər ki, insanların əksəriyyəti din və Allah barədə fikirləşdikcə rahatlıq tapırlar və bunun vasitəsi ilə də həyatda qarşılaşdıqları problemlərlə rahat üz-üzə gələ bilirlər. Bu testlərdə iştirak edən insanlar öz dini inancları, Allaha və dinə aid olan sözlər yazıblar. Sonra tədqiqatçılar onların bu vəziyyətdəki beyin fəaliyyətini kompüter vasitəsi ilə qeydə alıb. Nəticədə insanların Allah və din barədə fikirləşdikləri zaman beynin bəzi hissələrinin daha aktiv fəaliyyət göstərməsi və bu yolla onlardakı təşviş, iztirab və qəmginliyin azalması, qəribə rahatlıq və şadlıqla əvəz olunması müşahidə olunub. Bu təcrübi gerçəklik barədə isə Quran belə buyurur: “Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq (aramlıq) tapır”. İnsanın əli hamıdan üzülüb tənha qaldıqda, özünün fizioloji və psixoloji problemlərinə həll tapa bilmədikdə, bu problemlərin həll olacağına və narahatçılıqlarının keçəcəyinə ümidi qalmadıqda, klassik dərmanların heç biri ona kömək etməyəcək. Onun bu yorucu əzabdan, stress və depressiyadan qurtulması üçün yeganə çıxış yolu iman və dini ideologiyadır”.






Fikirlər