“Din təhlükədir, yoxsa, cəmiyyət təhlükədədir” - TƏQDİMAT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda filologiya üzrə elmlər doktoru İdris Abbasovun “Din təhlükədir, yoxsa, cəmiyyət təhlükədədir” adlı kitabının təqdimat mərasimi keçirilib.
“Din təhlükədir, yoxsa, cəmiyyət təhlükədədir” - TƏQDİMAT
Tədbiri giriş sözü ilə açan AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) elmi işlər üzrə direktor müavini Roida Rzayeva müəllifin çox aktual bir mövzuya həsr etdiyi əsərin dini-elmi məziyyətləri haqqında məlumat verərək kitabın fundamental bir mövzuya – dinin cəmiyyətdə rolu məsələsinə həsr edildiyini söyləyib: “Ümid edirəm ki, kitab sivilizasiyaların toqquşduğu müasir dünyamızda oxucunu həm etik-mənəvi, həm də intellektual cəhətdən zənginləşdirəcək, dini inanc kimi ciddi və həyati bir məsələdə düzgün seçim etməkdə ona kömək edəcək”.
Kitabın elmi redaktorlarından biri olan fəlsəfə və ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qafarov qeyd edib ki, İdris Abbasovun qələminin məhsulu olan bu kitab bütün dinlərin kompleks bir şəkildə ələ alınması baxımından diqqəti cəlb edir: “Din Allahın insan həyatına sözlü, yəni ayələrlə müdaxiləsidir. Bu müdaxilə ilə insanlar öz davranışlarına, əxlaqlarına nəzarət edirlər”.

Çıxış edən Bakı Dövlət Universitetinin dosenti Aqil Əliyev kitabda istinad olunan mənbələrin orijinallığından və dürüstlüyündən, mövzuların ardıcıllığından bəhs edərək, kitabın dinlər tarixinin tədrisi üçün qiymətli vəsait ola biləcəyini vurğulayıb.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi Şeyxülislamın müavini Qəmər Cavadlı, AMEA-nın direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Ali Bulut, FSHİ-nin Sosiologiya və sosial psixologiya şöbəsinin müdiri Rəfiqə Əzimova, fəlsəfə elmləri doktoru Aydın Əlizadə və digərləri kitab haqqında öz maraqlı mülahizələrini bildiriblər.
Tədbirin sonunda müəllif İdris Abbasov qonaqlara, dəyərli ziyalılara, İnstitut rəhbərliyinə minnətdarlıq edərək kitaba qoyulan “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir” adının çox mətləblərdən xəbər verdiyini vurğulayıb: “Ümidvaram ki, kitab dini maariflənmə istiqamətində bir çox ziddiyyətli məqamlara aydınlıq gətirəcək”.






Fikirlər