Fazil Mustafa: “Şeyxi yarğılamaq doğru deyil, çünki...”
Cəbhə xəttində gedən 4 günlük savaşda ölkənin dini camiəsinin passiv fəaliyyətləri müşahidə olundu. Xüsusilə bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fəaliyyəti demək olar ki, yox dərəcəsində oldu. Təsadüfi deyil ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə döyüşlər gedən 4 gün ərzində bir dəfə də olsun görünmədi.
Bütün bunlar ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Dini bayramlarda, yaxud hansısa bir tanınmış şəxsin vəfatı zamanı məscidlərdə ehsanlar verən QMİ 4 günlük döyüşlərdə şəhid olan hərbiçilərimiz üçün belə tədbirlər təşkil etmədi. Dini məkanlarda ehsanlar verildiyi deyilsə də, bunun hələ ki şahidi olmuruq. Halbuki cənab Paşazadənin belə günlərdə üzdə olduğunun dəfələrlə şahidi olmuşuq. Təkcə 1990-cı ilin 20 Yanvar faciəsini nümunə gətirmək kifayətdir.
QMİ sədrinin hazırda Türkiyədə tədbir çərçivəsində səfərdə olduğu bildirilir. Amma səfərin mətbuata yansımaması, Şeyxin döyüşlər başladığı gündən indiyə qədər ortalıqda görünməməsi suallar yaradır.
Deputat Fazil Mustafa Allahşükür Paşazadənin son günlərdəki hadisələrdə görünməməsinə belə əsas verdi: “Sosial şəbəkələrdən izlədiyim qədəri ilə Şeyx Türkiyədə səfərdə idi. Orada səfərdə olduğuna görə çox güman ki, son hadisələrdə görünmədi. Amma bütövlükdə bunu tələb kimi qoymaq da düzgün deyil. Belə məsələlərdə dövlətin siyasəti önəmlidir. Dövlət də şəhidlərin dəfnini bölgə-bölgə yüksək səviyyədə təşkil etdi. Mərasimlərdə icra başçıları, din xadimləri iştirak etdilər. Burada konkret bir şəxsdən söhbət getmir. Çünki bir şəxsin bütün bölgələr üzrə yas mərasimlərində iştirakı mümkünsüzdür. Ehsanların verilməsi hallarının bir neçə yerdə şahidi olmuşam. Mehriban xanımın iştirakı ilə ”Heydər məscidi"ndə belə bir ehsan verildi. Şeyx Bakıda olsaydı, əlbəttə ki, bu tədbirlərdə iştirak edəcəkdi. Onu yarğılamaq doğru deyil. Onun öz funksiyası var. Zaman-zaman o, müharibə ilə bağlı öz mesajlarını verib. Hamı üçün ayrıca ehsan verilməsi də doğru deyil. Çox güman ki, Qafqaz Müsəlmanları İdarəsi bu tipli tədbirlər keçirəcək. Müharibə tam yekunlaşsın, şəhidlərin siyahısı tam açıqlansın, ondan sonra belə məsələləri gündəmə gətirmək olar".
Deputat ölkəmizin dini camiəsinin son proseslərdə passiv olması fikirləri ilə də razılaşmır: “Qafqaz Müsəlmanları İdarəsi əslində bir QHT-dir. Bu qurumun dini camiənin bütövlükdə qurumu kimi təqdim edilməsi fərqli anlaşılır. Dindarlar öz duaları ilə fəaliyyətlərini aparırlar. Başqa nə etmək lazımdır, bunu müəyyənləşdirmək çətindir. Çünki bizdə kilsə yoxdur, onunla açıqlama verilsin. Hər bir dindar fərdi şəkildə üzərinə düşəni icra edir”.
İlahiyyatçı Bəhruz Camal QMİ-nin 4 günlük savaşla bağlı bəzi göstərişlərinin olduğunu söylədi: “Əksər məscidlərdə QMİ-nin tapşırığı ilə şəhidləri anma mərasimləri təşkil olundu. Dini camiənin bu məsələlərdə rolunun az olması fikirləri ilə razı deyiləm. Ölkəmizin 10-dan çox ilahiyyatçısı müharibə barədə fikirlərini bildirdilər. Xalqımızı son illərdə belə görməmişdim. Neçə şəhid Sumqayıta gətirildi. Bu birliyin burada da şahidi olduq. Səhnədə kifayət qədər din əhlindən olan şəxslər var idi. Son proseslərdə dindarların kənarda qalmaları fikirləri düzgün deyil. Hətta 4 günlük müharibədə dini camiədə indiyə qədər görmədiyim aktivlik var idi. Azərbaycan xalqı ayaqda idi. Sanki xalq nəyinsə həsrətində olmuş kimi görünürdü. İnsanlar gecə səhərə qədər yatmadılar. Döyüşləri hər kəs həyəcanla izləyirdi. Burada din əhli kənarda deyildi ki. QMİ-nin son günlərdəki fəaliyyətini biz də gördük. Əslinə qalsa, bu qurum Şeyxin olduğundan onun dilindən danışır. O idarənin müəyyən məsələləri həll etməyə çalışması şeyxin yanaşması deməkdir. Səfərdən qayıtdıqdan sonra çox güman ki, Şeyxin özü də bu məsələlər barədə konkret mövqe bildirəcək. Rəsmi şəkildə o, Qafqazın şeyxidir. Onu da qeyd edim ki, QMİ sədri tərəfindən məscidlərdə vətənpərvərlik ruhunda xütbələrin oxunması göstərişi verilib”.