Dünyada müsəlmanların sayı sürətlə artır

Dünyada müsəlmanların sayı sürətlə artır2050-ci ilədək dünya əhalisi arasında müsəlmanlarla xristianlar ilk dəfə olaraq sayca bərabərləşəcək.

Yeni tədqiqatın gəldiyi nəticəyə görə, 2050-ci ildə ateist, aqnostik və din ətrafında birləşməyənlər dünya əhalisinin çox kiçik bir hissəsini təşkil edəcəklər.
Tədqiqatı “Pew” Elmi-Tədqiqat Mərkəzi aparıb. Bildirilir ki, ABŞ və digər Qərb ölkələrində dinə bağlı olmayan insanların sayı artsa da dindar qruplar da getdikcə böyüməyə başlayır. 2050-ci ildə ümumi dünya əhalisinin sayı indiki 6,9 milyarddan 9,3 milyarda çatacaq.

Araşdırmanın gəldiyi nəticəyə görə, digər böyük dini icmalarla müqayisədə İslam dini daha sürətlə yayılacaq. Bildirilir ki, 2050-ci ildə dünya əhalisi arasında müsəlmanlar və xristianlar ilk dəfə olaraq sayca bərabərləşəcək. Müsəlman və xristian əhali artımının böyük hissəsi Afrikada qeydə alınacaq.
Avropa və ABŞ-da da müsəlmanların sayı artacaq. Məsələn, Avropada əhalinin 10 faizini müsəlmanlar təşkil edəcək. ABŞ-da isə müsəlmanlar hazırki 0,9 faiz göstəricini aşaraq 2,1 faiz olacaqlar. Bu isə ABŞ-dakı yəhudi əhalisindən daha çox deməkdir.

Böyük dini icmalar arasında yeganə buddizmin 2050-ci ildə genişlənəcəyi gözlənilmir. Buna da səbəb Çin və Yaponiya kimi ölkələrdə doğum faizinin aşağı olmasıdır (“Azadlıq” radiosu).






Fikirlər