İrəvanın müharibə XOFU, müstəqillik fiaskosu – Sərkisyan Qarabağa son dəfə gəlib...

İrəvanın müharibə xofu, müstəqillik fiaskosu – Sərkisyan Qarabağa son dəfə gəlib...

Ürkən və ürkütməyə çalışan işğalçı – aprelin daha bir dərsi; Ermənistan 25 ildə nəinki separatçı qurumu dünyaya tanıda bilmədi, üstəlik, öz müstəqilliyini də de-fakto itirdi; Xankəndindəki “ildönümün” ilk dəfə sönük keçirilməsinin əsas motivi – müharibə təlaşı, yaxınlıqdakı Azərbaycan Ordusunun zəhmi... 

 

Sentyabrın 2-də Dağlıq Qarabağdakı separatçı rejimin öz saxta müstəqilliyini elan eləməsinin 25-ci ildönümü idi. Maraqlıdır ki, ildönüm mərasimi bu dəfə təmtəraqsız, dar çərçivədə və xaricdən erməni lobbisinin pulu hesabına kirayələnmiş bəzi “ali qonaqlar”ın iştirakı ilə keçirilib.
Bunun bir səbəbi Azərbaycan tərəfinin beynəlxalq səviyyədə tədbirə qarşı apardığı uğurlu ön diplomatik hazırlıq işidirsə, başqa səbəb əlbəttə ki, düşmən ölkənin hakimiyyəti də daxil, siyasi-ictimai kəsimində aprel fiaskosundan sonra hökm sürən ruh düşkünlüyü, bədbin ovqat, daha dəqiqi, yeni müharibə xofudur.
***
Erməni mənbələrinin yazdığına görə, “yubiley” törəninin zəif keçirilməsi bilavasitə rəsmi İrəvanın iradəsi ilə olub. Məsələn, “Qraparak” qəzeti qeyd edir ki, tədbiri ehtiyatlı formada keçirmək qərarı “apreldəki 4 günlük müharibə və yüz erməni hərbçisinin ölümü” (əslində itkilər iki dəfə çoxdur - red.) ilə bağlıdır. 
“Əgər öncəki illər bayram tədbirlərində Xankəndində Ermənistandan hakimiyyətini təmsil edən böyük nümayəndə heyəti iştirak edirdisə, bu dəfə belə qərara alınıb ki, yalnız parlament fraksiyalarının rəhbərləri və ənənəvi olaraq prezident Serj Sərkisyan ora getsin”.
 
Image result for Xankəndi
Elə də olub. İşğal altındakı Dağlıq Qarabağ bölgəsinə bu dəfə nə Ermənistan parlamentinin spikeri, nə də ölkənin baş naziri gedib. Yalnız Serj Sərkisyan yollanıb. Bu, ən əvvəl Azərbaycanın mənəvi qələbəsidir ki, düşmən on illərdir özününkü saydığı, guya “azad etdiyi” ərazilərdə ciddi şəkildə təlaşlanmağa, həmin ərazilərin ona məxsus olmadığını nəhayət, dərk etməyə başlayıb; nə vaxtsa üstündə durduğu torpaqların sahibinin gələcəyini anlamağa başlayıb. Qiymətli irəliləyişdir.
Image result for Qarabağdakı qondarma rejim
O ki qaldı Xocalı canisi Serj Sərkisyanın öz ənənəsini pozmayıb Xankəndinə getməsinə, bunun da izahı yox deyil - məqsəd apreldən sonra səksəkə içində yaşayan separatçı rejimin rəhbərliyi və təbəələrinə moral (ruh) vermək, onların ovqatını qaldırmaqdır. Hərgah, bu dəqiqə Sərkisyanın özünə də ürək-dirək verən, “qorxma” deyən lazımdır.
Yəni məşhur deyimi bir azca dəyişsək, işğalçı tərəf həm qorxur, həm də guya Azərbaycanı qorxutmağa çalışır. Bu paradoksu apreldəki 4 günlük müharibənin düşmən üçün əsas dərsi də adlandırmaq olar. Hər necə olmasa, aprelə kimi işğalçı yalnız qorxutmağa çalışır, özü və ordusu haqda məğlubedilməzlik mifi yaratmağa səy edirdi. Bu mifin necə dağıldığını artıq bütün dünya əyani şəkildə və artıqlaması ilə gördü. Dünya onu da gördü ki, müharibə hələ bitməyib və konfliktin sırf “qalib” İrəvanın şərtləri əsasında həlli mümkün olmayacaq.      
Image result for Qarabağdakı qondarma rejim
***
Paradoks həm də ondadır ki, “Artsax”ın 25 illik müstəqilliyindən dəm vuran, illərdir bir əski parçasını onun bayrağı kimi reklam etməyə çalışan Ermənistanın özü indiyədək nə bu saxta qurumu tanımağa, nə də onu özünə rəsmən birləşdirməyə cürət edib. 
Ermənistan üçün acı gerçək, 25 ilin ağır yekunu həmçinin bundan ibarətdir ki, o, nəinki separatçı qurumun “müstəqilliyini” dünyaya tanıda bilib, üstəlik, öz müstəqilliyini de-fakto itirib - indi Ermənistan çar dönəmindəki kimi, Rusiyanın bir ucqar, həm də səfalət içində olan quberniyası kimi qəbul edilir. İşğalçı üçün miskin bir durum...
Image result for Qarabağdakı qondarma rejim
Bundan əlavə, 25 ildə Qarabağdakı qondarma rejim heç sülh danışıqlarının müstəqil tərəfi ola bilməyib. İllərdir İrəvan onu məhz bu statusda nizamlama prosesinə dürtməyə çalışsa da, nəticə yoxdur, olmayacaq. Niyə? Çünki hətta ermənipərəst mövqeyi ilə seçilən həmsədr dövlətlər də yaxşı bilir ki, Dağlıq Qarabağ konflikti Azərbaycanla uydurma “DQR” arasında, Azərbaycan xalqı ilə bir ovuc Qarabağ ermənisi arasında olan münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından doğan qanlı münaqişədir - bölgə üçün bütün ağır nəticələri ilə birgə.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələri, digər mötəbər beynəlxalq təşkilatların analoji qərar və qətnamələri də elə bunu deyir. Bu isə bir daha məsələdə beynəlxalq hüququn hələ ki öz qüvvəsini saxladığını, beynəlxalq hüququn, BMT Nizamnaməsinin Azərbaycana öz ərazilərini son anda hərb yolu ilə azad eləmək haqqı verdiyini təsdiq edir.
Erməni tərəfini ən çox narahat edən, təlaşlandıran da belə bir sərt reallıqdır ki, Bakı beynəlxalq hüquqa əsaslanaraq istənilən an öz torpaqlarında antiterror əməliyyatı aparmaq hüququna malikdir, hansı ki, bu ilin aprelində kiçik miqyasda da olsa özünü göstərib və Rusiyanın müdaxiləsi olmasaydı, Azərbaycan ordusu qısa zamanda ən azı bir rayonu işğalçılardan təmizləyəcəkdi...
 
***
Saxta “müstəqilliyin” ilk dəfə belə qorxaq şəkildə, dar çərçivədə qeyd edilməsinin, xaricdən az sayda qonağın çağırılmasının baş səbəbi zatən, bu - vəziyyətin həssaslığı, Azərbaycanı qıcıqlandırmamaq zərurəti, cəmi bir neçə kilometrliyindəki Azərbaycan Ordusunun zəhmi, qisas ovqatı...
Nə deyək, haqlı əndişədir. Çünki müharibə hələ bitməyib. Bu həqiqəti indi kim bilməsə də, ermənilər hamıdan yaxşı bilir və ciddiyə alır. Odur ki, bu, Serj Sərkisyanın Xankəndinə son “yubiley” səfəri də ola bilər. Qoy, sonuncu dəfə çilingər işlədiyi Azərbaycan şəhərinə - Xankəndinə tamaşa eləsin, arzularla yaşasın. Rus demiş, “Arzu etmək - ziyanlı məşğuliyyət deyil”...

 






Fikirlər