Azərbaycan prezidenti APREL döyüşlərinin sirrini açdı - ERMƏNİ öz yalanlarına boğulur

Azərbaycan prezidenti aprel döyüşlərinin sirrini açdı - erməni öz yalanlarına boğulur

Rəsmi Bakıdan düşmənə öldürücü sözlər və savaş bəyanatı; Ölkə başçısı Serj Sərkisyanı ifşa elədi; İlham Əliyev: “Bir cümlədə 4 yalan danışan prezident görməmişəm”, “Rusiyadan heç bir xahiş etməmişik, müharibənin dayanmasında erməni tərəf israr edib”...

 

Qarabağ konflikti zonasında Azərbaycanın blits-hərbi uğuru ilə yekunlaşan 4 günlük müharibədən iki ay ötür. Aylar ötdükcə də belə görünür, Ermənistan və onun rəhbərliyi məğlubiyyət acısını daha ağrılı, daha xoflu şəkildə yaşamaqdadır. Bu da təbiidir, çünki müharibə hələ bitməyib və düşmən 22 ildə ilk dəfə Azərbaycan ordusunun gücünü, qüdrətini apreldəki “baş məşq” zamanı artıqlaması ilə öz dərisində hiss edib.
Bu üzdən Ermənistanda hakimiyyəti qəsb eləmiş “Qarabağ klanı”nın odioz başçısı Serj Sərksiyan təlaşda olmaqla bahəm, başını itirib. Bir yandan o, hakimiyyəti əldə saxlamaq üçün ictimai rəyi çaşdırmağa, “elə də böyük əhəmiyyətli ərazi itirilməyib” deməklə cəmiyyəti sakitləşdirməyə və çaşdırmağa çalışırsa, digər yandan Müdafiə Nazirliyinin yüksək çinli generalları işdən çıxarmaqla, onları həbsə saldırmaqla itkilərin həqiqətən ciddi olduğunu etiraf edir.
Sərkisyanı öz xalqı qarşısında faş edən başqa yalan isə 800 hektar söhbətidir. O, həm iddia edir ki, “çox da böyük torpaq əldən getməyib”, həm də bu torpaqların guya tezliklə qaytarılacağından dəm vurur, xalqına yalan vədlər verir. Bunu hansı hərbi, iqtisadi, insani resurslarla edəcək - erməni xalqına izah etmir. Ona görə ki, arqumentləri zəif, dişsiz və köhnədir, ona görə ki, düşmən ölkədəki acı gerçəklik onun hakimiyyətinə və komandasına qarşıdır.
***
Serj Sərkisyanın başqa qisim yalanlarını, daha dəqiqi, aprel döyüşlərinin sirrini Azərbaycan prezidenti İlham Əliyev dünən Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxış edərkən açıb. Ölkə başçısı öncə qeyd edib ki, Ermənistan 4 günlük müharibə haqda yalan məlumatları dünyaya ötürməyə nə qədər çalışsa da, buna nail ola bilməyib.
“Çox təəccüblüdür ki, Ermənistan rəhbərliyi bu situasiyada çalışır ki, dünyanı aldatsın. Həmçinin, ilk olaraq öz xalqını, daha sonra da dünya ictimaiyyətini aldatsın. İndi isə gülünc vəziyyətə düşüblər. Deyirdilər ki, guya onlar heç bir torpaq itirməyiblər. Gah da deyirdilər ki, onlar əksinə, Azərbaycan torpaqlarını zəbt ediblər. Yaxud qələbə qazandıqlarını bildirirdilər. Bundan başqa, deyirlər itirdikləri torpaqların onlar üçün əhəmiyyəti yoxdur, ancaq Azərbaycan həmin torpaqları geri qaytarsın. Əgər həmin torpaqların əhəmiyyəti yoxdursa, Azərbaycan niyə onları qaytarmalıdır?! Yəni özlərini tamamilə itiriblər” - dövlət başçısı vurğulayıb.
Prezident ardınca bildirib ki, erməni tərəfi gülünc ifadələrlə özünü ifşa edir: “Bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İttifaqının zirvə görüşündə ifadə etdi. Serj Sərkisyan dedi ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmaq barədə xahiş edib. Yalandır. Birincisi, aprel döyüşlərinin səbəbkarı Ermənistandır, status-kvonu saxlamaq istəyir, təxribatlara əl atırlar. Ermənistan Qarabağda, o cümlədən Qazax istiqamətində təxribatlar törədib. Ermənistan 1 il əvvəl də təxribata əl atmışdı, buna görə bir vertolyotlarını itirdilər. Apreldə də Azərbaycan ordusu layiqli cavab verdi, onları yerinə oturtdu.
İkincisi, təmas xəttində nəzarəti necə ələ alıblar ki, özləri 800 hektar ərazini itirdiklərini bildirirlər? Halbuki 800 hektar yox, 2000 hektardan çox ərazi azad edilib, bundan böyük ərazi Azərbaycan ordusunun nəzarəti altına keçib. Üçüncü yalan onunla bağlıdır ki, Dağlıq Qarabağ ordusu yoxdur. Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşıdır.
Dördüncü yalan odur ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmağı xahiş edib. Bu, ağ yalandan başqa bir şey deyil. Azərbaycan Rusiyadan hər hansı xahiş etməyib. Azərbaycan ordusu əks-həmlə ilə torpaqlarımızı azad edib, Ermənistan da itirilmiş torpaqları 2-3 gün ərzində qaytarmağa çalışıb. Sonra isə Ermənistan Rusiyaya xahişlə müraciət edib. Rusiya Baş Qərargahı bildirdi ki, Ermənistan döyüşlərin dayandırılmasını xahiş edir. Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada “Ginnesin rekordlar kitabı”na düşəcək. Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bir daha göstərdi".
Prezident bir daha ermənilərin bumeranq effekti verən aprel təxribatına diqqət yönəldərək deyib: “Çünki Ermənistan tərəfi sülh istəmir. Onlara məsələnin sülh yolu ilə həlli ilə bağlı təzyiqlərin artdığını görəndə və bəyan edəndə ki, status-kvo dəyişdirilsin, bu mənada da onlar işğal etdikləri torpaqdan çıxmalıdırlar. Nəticədə ermənilər yenə təxribatlara əl atırlar. Hətta aprel döyüşləri zamanı da onlar bizim mövqelərimizə hücumlar ediblər. Təmas xəttində deyil, başqa istiqamətdə də, daim kəndləri atəşə tutublar. 2014-cü ildə də təxribata əl ataraq bizim mövqelərimizə hərbi helikopterlə hücum etmişdilər”.
***
Beləcə, Azərbaycan prezidenti S.Sərkisyanı faktiki, kontur-arqumentlərlə ifşa edib. Şübhəsiz ki, apreldə müharibəni dayandırmaq barədə guya Azərbaycanın Moskvadan xahişdə bulanması iddiası da digər absurd iddialar kimi, rəsmi İrəvanın öz xalqını sakitləşdirmək, onu yalanlarla yemləmək siyasətinin tərkib hissəsidir. Yəni bunların hamısı müstəsna olaraq daxili auditoriyaya ünvanlanıb.
Amma uğursuz cəhdlərdir. Hər halda məntiq deyir ki, Azərbaycan uğurlu əks-hücumda idisə, işğalçı qat-qat ağır itkilərə uğramaqda idisə, niyə hücumu dayandırmalı idi ki? Demək, həqiqətən ermənilərin, Sərkisyanın qanının arasına Moskva girib. Amma nə vaxtadək belə olacaq, haçana kimi Rusiya işğalçı Ermənistanı labüd məğlubiyyətdən hifz edəcək - əsas sual da budur.
Bir şey inamla söyləmək olar ki, Kreml sonsuzadək bunu bacarmayacaq, nədən ki, regionda və dünyaya şərtlər yavaş-yavaş da olsa, Moskva və onun forpostunun ziyanına dəyişməkdədir. Azərbaycan Ordusunun işğalçı qüvvə üzərində son və qəti qələbəsi də məhz o zaman təmin edilmiş olacaq.

 






Fikirlər