"Bu, erməni həyasızlığının ən yüksək mərtəbəsidir" — POLİTOLOQ

"Bu, erməni həyasızlığının ən yüksək mərtəbəsidir" — Politoloq

Serj Sarkisyan Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan sonra danışıqların başlayacağı barədə bəyanat verib.

Buna cavab olaraq Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Serj Sarkisyan o torpaqları yalnız "qulağının dibini görsə, görəcək".

Politoloq Qabil Hüseynli Serj Sarkisyanın bəyanatı ilə bağlı Ölkə.Az-a danışıb:

"Serj Sarkisyanın yanaşması çox anormaldır. Özləri Azərbaycan torpaqlarını işğal ediblər. Azərbaycan o torpaqlardan cuzi bir qismini işğaldan azad edib. O torpağı niyə görə qaytarmalıyıq? Bu erməni həyasızlığının ən yüksək mərtəbəsidir. Bəlkə Serj Sarkisyanın ürəyindən keçir digər torpaqları da onlara verək?

Ermənilər o qədər abır-həyalarını itiriblər ki, biz işğal altındakı torpağımızı azad etmişik, deyirlər, geri qaytarın, gəlin, danışaq. Geri qaytarmaq nədir? Serj Sarkisyan hələ qarşıdan gələn daha acılı günləri təsəvvür etməlidir. Xalq bu torpaqları niyə geriyə qaytarmalıdır? Bu torpaq axı Serjin dədə-babasının deyil. Ermənilərin yaşadığı indiki ərazilər də Azərbaycan torpaqlarıdır. Vaxtilə tarixi fürsətdən yararlanıb ələ keçiriblər.

Biz torpaqlarımızı azad edəcəyik. Təkcə Dağlıq Qarabağı və onun ətrafındakı işğal edilmiş torpaqları yox, işlər belə gedərsə, Ermənistan ərazisindəki torpaqlarımızı da işğaldan azad edəcəyik. Bunu bu gün və yaxud sabah edəcəyimizi demirik. Tarixi şərtlər o torpaqları bizdən alıb, ermənilərə verib. Tarix də o torpaqları bizə geri qaytarmaq üçün şərait yaradacaq. Tarixin qanuna uyğunluqları belə inkişaf edir. Tarixin inkişaf qanunauyğunluqlarını ermənilər yaratmır və bunu onlar özləri də başa düşmürlər. Tarixin inkişaf qanunauyğunluqlarını yaradan fövqəlqüvvə var. O qüvvə bir zaman ermənilərin xeyrinə işləyib, indi isə hər şey bizim xeyrimizədir. Biz öz torpaqlarımızı xırda-xırda, ola bilsin ildırım sürəti ilə geri qaytaracağıq. Bu məsələlərə qərar verən Serj Sarkisyan deyil.

Aprel döyüşləri xalqımıza güc, ürəyinə təpər verdi. Artıq insanlar qan töküb topraqlarımızı azad etməyə köklənib və bunu nəsilləri üçün şərəf hesab edirlər. Bu şərəfli missiyalar davam edəcək. Serj Sarkisyan nə qədər danışır-danışsın, bu məsələlərdə ona cavab vermək olmaz. Novruz Məmmədov arada onunla söz duelinə çıxa bilər".






Fikirlər