Həll modelini AZƏRBAYCAN ƏSGƏRİ deyəcək! - 4 aprel savaşının ƏSAS YEKUNU

Həll modelini Azərbaycan əsgəri deyəcək! - 4 aprel savaşının əsas yekunu

Blits-hərbi zəfərdən qəti qələbəyə doğru; “Lavrov sənədi”nin mahiyyəti üzə çıxır – oyun da, qarmaq da Azərbaycan üçün imiş; cəbhədə sarsıdıcı zərbə almış düşmən tərəfin öz şərtlərini sərtləşdirməsinin və sülhü atəşə tutmasının arxasındakı ilginc hədəf; Elmar Məmmədyarov “sirr pərdəsi”ni qaldırdı... 

 

Azərbaycan ordusundan layiqli cavab alan düşmən yaşayış məntəqələrimizin intensiv atəşə tutmasını dayandırıb. Ancaq ötən gecə nisbətən sakit keçsə də, yəqin ki, işğalçı tərəf ara-sıra öz mənfur varlığını büruzə verməyə çalışacaq. Amma çətin ki, belə “büruzə vermələr”lə Serj Sərkisyanın kriminal rejimi ölkə daxilində əvvəlki reytinqini bərpa edə bilsin. Azərbaycan ordusu bu reytinqə elə zərbə vurmayıb ki, asanca reanimasiya oluna bilsin.
Ermənistan rəhbərliyinin çaşqınlığı, ilk baxışda məntiqsiz görünən addımları da ilk növbədə hakimiyyətin xilasına yönəlib. 4 günlük savaşın yaratdığı yeni situasiyanın mühüm özəlliklərindən biri budur. Lakin Sərkisyan rejiminin yumşalmaq və Qarabağ məsələsində daha konstruktiv mövqe tutmaq əvəzinə, Azərbaycana qarşı təzə və absurd şərtlər irəli sürməsi həm də başqa mətləblərdən xəbər verir. Ancaq bu barədə sonra.
 
Hələlik onu qeyd edək ki, srağagün Ermənistan prezidenti danışıqlarının bərpası üçün üç şərt irəli sürüb: “Təmas xəttindəki insidentlərin araşdırılması üçün mexanizmin tətbiqi, ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı yeni təcavüzə və terrora getməyəcəyinə dair təminatı”. 
 
“Ünvanlı bəyanat” dedikdə Sərkisyan, əlbəttə ki, beynəlxalq birliyin atəşkəs pozuntusuna görə həmişə Azərbaycanı pisləmək istəməsini nəzərdə tutur.
Göründüyü kimi, şərtlərin hər üçü işğalçının Azərbaycan torpaqlarında özünü rahat və təhlükəsiz hiss etməsinə, əvvəlki status-kvonun saxlanmasının təmin olunmasına yönəlib. O status-kvo ki, ermənilərə hələ uzun illər boyu Azərbaycanın bir qarış torpağını da qaytarmadan ərazilərimizdə at oynatmağa imkan verir.
***
Təbii ki, Bakı heç vaxt bu məkrli və absurd şərtləri qəbul edib öz əl-qolunu bağlamaz. Əksinə, BMT qətnamələri imkan verir ki, o, təcavüzkara hər hansı güzəşt tanımasın, heç bir mexanizm-filanı yaxına buraxmadan işğalçını daima narahat eləsin, onu konstruktiv mövqe tutana və işğala son qoyana kimi vaxtaşırı cəzalandırsın - necə ki, bunu 22 illik fasilədən sonra ilk dəfə, 2-5 apreldə elədi.
Ermənistanı ən çox xoflandıran da odur ki, günün birində Azərbaycanın blits-hərbi zəfəri böyük hərb qələbəyə çevrilər və ermənilərin başlarından yekə şərtləri özlərinə qalar. Odur ki, işğal faktı dura-dura Azərbaycan bədnam nəzarət mexanizmləri ilə öz əl-qolunu niyə bağlasın ki? Bakı da neçə vaxtdır onu deyir ki, ermənilər özlərini rahat və təhlükəsiz hiss eləmək, qırılmaq istəmirlərsə, işğalçı qüvvələr Azərbaycandan rədd olub getsinlər. Bundan ədalətli şərt?!
Hələ harasıdır, separatçıların “KQB tulası” ayamasını daşıyan hazırkı başçısı, 2-5 savaşından sonra bərk qorxub rəngi qaçan (bunu erməni analitiklərindən biri yazmışdı) Bako Saakyan da şərtlə danışmağa, Sərkisyan kimi köhnə bayatıları oxumağa  başlayıb. Torpaqların Azərbaycana qaytarılmayacağını deyən “KQB tulası” görün hansı iştaha düşüb: “Hələlik biz Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə bağlı cavab almamışıq. Əgər cavab yenə ”yox" olarsa, o zaman aparılan müzakirələr faydasız olacaq. Biz tərəf olaraq danışıqlar prosesinə daxil olmaq istəyirik".
***
Qəti şübhə yox ki, nə Sərkisyan, nə də Saakyan özbaşına danışmır, eyni zamanda Moskvanın adından Bakıya şərt irəli sürürlər. Başqa sözlə, bu şərtlərin arxasından daha çox Rusiyanın iri “çiyinləri” görünür. Bəs şimal qonşumuzun hədəfi nədir bu mərhələdə?
 
Əslində yeni heç nə. Onu son olaraq Kremlin danışan dillərindən olan, Avrasiya Hərəkatının lideri Aleksandr Duqin srağagün 1 in.am erməni portalına müsahibəsində aydın şəkildə ortaya qoyub. Sitat:“Əgər Azərbaycan və Ermənistan Avrasiya Birliyinə inteqrasiya xəttini əsas tutarsa, o zaman Rusiya münaqişənin həlli ilə bağlı fəal iş apara və onun qaldırılması üçün hüquqi yollar təklif edə bilər. Ermənistan artıq Birliyə doğru inteqrasiya edir, gərək Azərbaycan da bunu etsin. Yalnız o halda nəsə edə bilərik”.
 
 
Duqin bu yerdə Kreml adından Azərbaycana hədə də ünvanlayıb: “Qarabağ Azərbaycanın ərazisidir. Bunu Rusiya daxil olmaqla bütün beynəlxalq ictimaiyyət qəbul edir. Lakin reallıq başqadır. Baxın, beynəlxalq ictimaiyyət Cənubi Osetiyanı və Abxaziyanı da Gürcüstanın tərkib hissəsi kimi tanıyırdı. Lakin regionda Rusiyasız hərəkət etmək acı nəticələr doğura bilər. Gürcüstanda 2008-ci ildə yaşananlar Qarabağ münaqişəsi tərəflərinin gözü önündə olub. Əgər Qarabağda müharibə başlayacaqsa, biz müdaxilə etməyə məcbur ola bilərik”.
Kəsəsi, Rusiya problemin “həllini” yalnız Avrasiya İttifaqı çərçivəsində, yəni Azərbaycanın bütünlüklə Qərbdən, Türkiyədən tam qopması halında, bir də imkan olarsa, bölgəyə sülhməramlılar adı ilə Rusiya hərbi kontingenti yerləşdirmək şərtilə görür. Yada salaq ki, XİN başçısı Sergey Lavrov da 7 aprel Bakı səfərindən sonra məhz buna açıq şəkildə işarə vurmuşdu. Yerdə qalanlar - Qarabağa dair təşəbbüskarlıq və fəallıq görüntüsü, indi aydın olur ki, Moskvanın sırf  öz hədəfinə hesablanmış növbəti siyasi oyunlarıdır.
***
“Qarabağ probleminin həlli üçün baza artıq mövcuddur. Bu - Madrid prinsipləridir. Qalır yalnız onu münaqişə tərəflərinin həyata keçirməsi”. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçin“Vestnik kavkaza” nəşrinə söylədiyi bu sözlər də eyni qəbildən olmaqla son qənaətimizi gücləndirir. Ən azı ona görə ki, bir daha Moskvanın öz vassalına təzyiq etməyə hazırlaşmadığını göstərir, çünki Lukaşeviçin dediyi münaqişə tərəflərindən biri - Ermənistan müstəqil iradə yiyəsi deyil ki, Azərbaycanla birgə həll prosesinə sərbəst qoşula bilsin.
Maraqlıdır ki, bu arada Azərbaycanlın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın son sülh təşəbbüskarlığı üzərindəki “sirr pərdəsi”ni bir azca qaldırıb. “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir”. Nazir bu sözləri maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər kəs aysberqin üst tərəfini görür. “Amma bunun aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bizə bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir” - Məmmədyarov vurğulayıb.
Erməni isə artıq qeyd olunduğu kimi, öz şərtlərini irəli sürür.
***
Qeyd olunan bu və ya digər gəlişmələr Qarabağa probleminin həllinin əslində savaşdan keçdiyinə şübhə yeri saxlamır. Belə nəticəyə gəlmək olar ki, konfliktin yekun həll modeli nə Madrid prinsipləri olacaq, nə də “Kazan formulu” və ya “Lavrov varianti”. Həll modelini Azərbaycan əsgəri diktə edəcək - gec, ya tez! Şərt deyil ki, Azərbaycan əsgəri gedib Xankəndində otursun. Dağlıq Qarabağ ətrafındakı 1-2 rayonun azad edilməsi də yetər. O günə İnşallah, çox qalmayıb.
Analitik xidmət






Fikirlər