“RUSİYA BİZƏ MƏRHƏLƏLİ ŞƏKİLDƏ HƏLL TƏKLİF EDİB” - Məmmədyarovdan maraqlı açıqlamalar
“Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir” “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, hər kəs aysberqin üst tərəfini görür: “Amma bunun aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”. Nazir Rusiyanın ATƏT-dəki nümayəndəliyinin Azərbaycanın ATƏT-dəki nümayəndəliyinə aprelin 12-də nota verməsi məsələsinə də aydınlıq gətirib: “1994-1995-ci illərdə atəşkəslə bağlı anlaşmalar var idi. Atəşkəs apreldə pozulanda Azərbaycan bəyan etdi ki, Ermənistanın hərəkəti bu anlaşmaları sual altında qoyur. Rusiya tərəfi və həmsədrlər də bizə bildirdilər ki, 1994-1995 atəşkəs anlaşmalarını tam dəstəkləyirlər. Bildiyiniz kimi, atəşkəsin yeni mərhələsi Moskvada razılaşdırılıb. Biz də düşünürük ki atəşkəsin gücləndirilməsi mühüm məsələdir. Müharibə yolu ilə məsələni həll etmək olmaz. Biz həmişə deyirik ki, sülh danışıqlarının tərəfdarıyıq. Amma nəticə olmalıdır. Bu, o demək deyil ki, daha 25 il danışıqlar aparmalıyıq. Biz deyirik ki, hansı yolla olur olsun, amma irəli gedək”.