ATƏT sədri Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları əsas götürməlidir...
"Qarabağla bağlı Rusiyanın vasitəçiliyi ilə razılaşdırılmış addımlar həyata keçirilməlidir"
"Təmas xəttində baş verənlər göstərir ki, Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll olunmalıdır"
"Moskva Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 1994-cü və 1995-ci ildə imzalanmış atəşkəs haqqında razılaşmaya ciddi şəkildə əməl edilməsinə tərəfdardır". APA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla geniş tərkibli görüşdə çıxışı zamanı deyib.
O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda hansı dövrün olduğunu anladıqlarını deyib: "Biz və şəxsən Rusiya prezidenti Vladimir Putin zorakılıq hallarının artmasının qarşısının alınması üçün səylər göstərib. İndi əsas məsələ 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs barədə razılaşmasına ciddi şəkildə əməl etmək və atəşkəsin yenidən pozulmasına imkan verməməkdir. Həmin sənədlərdə müddətsiz atəşkəs rejiminin möhkəmlənməsi əks olunub".
Rusiya xarici işlər naziri bildirib ki, ATƏT xəttilə qeyd olunan etimad tədbirləri və gərginliyin azaldılması barədə qərarlar sonadək icra olunmalıdır: "Siyasi həll məsələsinə gəldikdə isə, əlimizdən gələn hər şeyi etməyə hazırıq. Zorakılıq və insidentlərin baş verməməsi üçün hər şey etmək lazımdır".
Lavrov bildirib ki, təmas xəttində zorakılıq hallarının artması bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil və olmamalıdır.
O təmas xəttində baş verən hadisələr zamanı ölən və yaralananların ailələrinə başsağlığı verib: "Təmas xəttində baş verənlər göstərir ki, münaqişə diplomatik yolla həll olunmalıdır. Hazırkı mərhələdə 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs barədə razılaşmaya ciddi əməl etməyi prioritet hesab edirik. Həmin sənədlər müddətsizdir və hər kəs tərəfindən hörmətlə yanaşılmalıdır.
Rusiya Minsk Qrupu həmsədrləri üçlüyünə daxil olan ölkə kimi əlindən gələn hər şeyi edəcək. Biz indiki mərhələdə hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən 2011-ci ildə Rusiya prezidentinin təşəbbüsü ilə dəstəklənmiş qarşılıqlı etimad, təhlükəsizliyin təmin olunması, insidentlərin araşdırılması tədbirləri vacibdir".
"Son illər Rusiyanın vasitəçiliyi ilə bir sıra addımlar razılaşdırılıb ki, bunları həyata keçirmək lazımdır" - deyə Rusiyanın xarici işlər naziri bildirib.
O deyib ki, həmin addımlara insidentlərin araşdırılması və digər etimad tədbirləri daxildir: "ATƏT praktik planda necə hərəkət etməyin vacibliyi ilə bağlı çoxdan yol xəritəsi hazırlayıb. Biz hesab edirik ki, ATƏT məkanında müxtəlif münaqişələrin həllinə maraq göstərən Almaniya sədrliyi fikrini buna kökləməlidir, ATƏT-in sədri səlahiyyətlərini burada nümayiş etdirməlidir.
Berlinin bu sahədə öz məsuliyyətini anlaması üçün hər cür kömək etməyə hazırıq".
Kazan sənədi ilə bağlı jurnalistin sualına S.Lavrov belə cavab verib: "Danışıqların bilavasitə iştirakçısı kimi deyə bilərəm ki, Ermənistan Kazan sənədini rədd etməyib".
Xeyli maraqlı mətləblərdir, deyilmi...
Nahid SALAYEV