AZƏRBAYCAN ƏSGƏRİ Sarkisyanı müxalifət liderinin AYAĞINA GÖNDƏRDİ!!!

Düşmən ölkə acınacaqlı durumdadır; Ermənistan Qarabağ münaqişəsinin mərhələli həll planına qayıda bilər 
Ermənistan prezidenti Serj Sərkisyan aprelin 9-da ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanla görüşüb. Təcavüzkar ölkənin rəhbərinin atdığı addım dünya mediasının əsas xəbərlərindən birinə çevrilib. Görüş Petrosyanın təşəbbüsü ilə onun evində baş tutub.
“Bir saatadək davam edən söhbətdə istisna olaraq təmas xəttində son hadisələr, danışıqlar prosesinin perspektivləri və milli konsolidasiyanın vacibliyi müzakirə edilib”,- deyə Sərkisyanın mətbuat xidmətinin məlumatında bildirilir. 
Sərkisyan 1998-ci ildə o zaman milli təhlükəsizlik naziri olarkən özündən əvvəlki prezident Robert Köçəryanla birlikdə Ter-Petrosyanın devrilməsində iştirak edən əsas fiqurlardan biridir. Onun son anda hazırda müxalifət lideri olan Ter-Petrosyanla qəfil görüşü düşmən ölkənin 4 günlük savaşdan sonra nə qədər acınacaqlı durumda olduğunun bariz sübutudur. 
Dağlıq Qarabağın Petrosyanın prezidentliyi dövründə işğal olunduğu heç kəsə sirr deyil. Petrosyan torpaqlarımızın işğalında iştirakçı olmasına baxmayaraq, hakimiyyətinin sonlarına yaxın Dağlıq Qarabağ probleminin mərhələli şəkildə həllinə razılaşmışdı. Əksər ekspertlər məhz bu amilə görə onun hakimiyyətdən uzaqlaşdırıldığını keçən 18 illik zamanda daim söyləyiblər. 
Politoloqlar Sərkisyanın Ter-Petrosyanla görüşündən sonra Ermənistanın münaqişənin mərhələli şəkildə həllinə yenidən qayıtdığını düşünürlər. Azərbaycan ordusunun qətiyyəti, rəşadəti nəticəsində düşmən ölkə rəhbərinin müxalifət lideri ilə görüşməyə məcbur olduğu ortadadır.
Politoloq Şahin Cəfərli də hesab edir ki, Sərkisyanın son addımının ciddi səbəbləri var: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi hazırda yeni mərhələyə qədəm qoyub və danışıqlar intensivləşib. Aydındır ki, münaqişənin həlli üçün hər iki tərəf müəyyən güzəştlərə getməlidir. Azərbaycanın güzəştləri bağlı qapılar arxasındakı danışıqlarda öz şərtlərini müəyyən qədər yumşaltmaqdan ibarət ola bilər. Həll planının hansı tərəfin maraqlarına daha çox cavab verəcəyindən asılı olmayaraq, Ermənistanın güzəştləri isə Azərbaycanın addımlarından fərqli, gözlə görünən olacaq. Söhbət Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından gedir. Yəni Azərbaycan ordusunun hansısa əraziləri tərk etməsi nəzərdə tutulmur, Ermənistan ordusu isə Dağlıq Qarabağın ərazisindən daha böyük olan ətraf ərazilərdən çıxmalıdır”.
Ş.Cəfərli son proseslərdən sonra Ermənistanda daxili etirazların baş qaldırma ehtimallarının yüksək olduğundan Sərkisyanın bu addımı atdığını düşünür: “Bu proses zamanı Ermənistanda daxili etirazların baş qaldırması ehtimalı var və Sərkisyan rejimi bundan ehtiyatlanır. Levon Ter-Petrosyanla görüş bu baxımdan Serj Sərkisyanın özünü sığortalamaq cəhdidir. Sərkisyan bu məsələdə məsuliyyəti tamamilə öz üzərinə götürmək istəmir və məsuliyyəti müxalifətlə bölüşmək niyyətindədir. O, yəqin ki, danışıqların gedişi və masada olan təkliflər barədə Ter-Petrosyana məlumat verib və təcrübəli dövlət xadimi olan sabiq prezidentin fikirlərini öyrənib. Böyük ehtimalla, digər eks-prezident Robert Köçəryanla da görüş-məsləhətləşmə keçiriləcək”.
Politoloq erməni cəmiyyətinin maraqları baxımından bu görüşün düzgünlüyünü də vurğuladı: “Məsələyə Sərkisyanın və erməni cəmiyyətinin maraqları baxımından yanaşdıqda, bunun düzgün addım olduğunu görə bilərik. Sərkisyan bütün narazılıqları, qarşılıqlı nifrəti unudaraq müxalifət liderinin ayağına getdi. Ter-Petrosyan isə haqqı tapdanan, 1 mart 2008-ci il hadisələrində tərəfdarlarının qanı axıdılan lider olmasına rəğmən, Sərkisyanı qəbul etdi. Çünki Qarabağ məsələsi milli məsələdir. Həll prosesində cəmiyyətin dəstəyini almaq və ümummilli mövqe formalaşdırmaq zəruridir. Şübhə yoxdur ki, hazırda Sərkisyana Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmaqla bağlı beynəlxalq təzyiq var. Bu tələbləri istər yerinə yetirmək, istərsə də, rədd etmək üçün Sərkisyanın ciddi daxili dəstəyə ehtiyac duyur. O, indi bu dəstəyin axtarışındadır. Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin də qərar vermək ərəfəsində analoji addım atıb, masada olan təklifləri müxalifətlə, ictimaiyyətlə bölüşməsi və cəmiyyətin dəstəyini alması məqsədəuyğun olardı. Azərbaycan torpaqlarının taleyi barədə qərarı siyasi iqtidar təkbaşına verməməlidir. Bu, bütün xalqın orta qərarı ilə gerçəkləşməli olan məsələdir. Qarabağ məsələsində bütün cəmiyyətin konsolidasiyası və milli mövqe ortaya qoyulması zəruridir”.(musavat.com)






Fikirlər