Sərkisyan üçün kinder-sürpriz

Sərkisyan üçün kinder-sürprizErmənistan prezidenti Serj Sərkisyan ölkəsində baş verən dramatik hadisələrdən və erməni ordusunun dekabrın sonlarından başlayaraq təmas xəttində hər gün itki verməsindən sonra bu gün - yanvarın 26-da ilk dəfə publika qarşısında geniş çıxış edərək Azərbaycanın ünvanına “alov püskürüb”.

Ermənistan Müdafiə Nazirliyinin kollegiyasında çıxış edən Sərkisyan sifətinə qəzəbli ifadə verərək müharibə ilə, “preventiv zərbələrlə” hədələyib, “bütün variantların masası üzərində olduğunu” deyib. Xəbərdarlıq edib ki, Azərbaycan sürprizlərə hazır olmalıdır.

Sərkisyanın sifətindəki qəzəbli ifadəyə ayrıca toxunaraq qeyd etmək lazımdır ki, Ermənistan dövlətinə rəhbərlik edən bu şəxsin istər rəsmi danışıqlarda və sammitlərdə, istərsə də publika qarşısındakı çıxışlarında qəfildən qeyri-adekvat reaksiyalar göstərməsi halları dəfələrlə qeydə alınıb.

Məsələn, ötən ilin mayında Astanada Avrasiya İttifaqının təsis sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidentinin Ermənistanın bu ittifaqa üzvlüyünə dair şərtinin əks olunduğu məktubunu elan edəndə jurnalistlər Sərkisyanın sifətinin pərtlikdən qeyri-ixtiyari necə əyildiyini görmüşdülər.

Yaxud erməni mənbələrində yayılmış videokadrlarda Sərkisyanın Praqada erməni icması qarşısında çıxış edərkən iştirakçıların suallarına necə əsəbi, sifətində əcaib mimika ilə cavab verdiyi görünürdü.

Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov ixtisasca fransız dili müəllimidir, psixoloq deyil. Ancaq Sərkisyanı dəfələrlə prezidentlərin Qarabağ danışıqlarında üzbəüz dinləmək imkanı olan və onun hərəkətlərini, reaksiyalarını yaxından müşahidə edən N.Məmmədov da Ermənistan prezidentinin qeyri-adekvat reaksiyalarının insan psixikasında baş verən pozğunluqların əlaməti olduğu qənaətinə gəlmişdi.

İndi hiss olunurdu ki, Sərkisyan Müdafiə Nazirliyindəki çıxışa xüsusi hazırlaşıb. Sifətinə ya bilərəkdən qəzəbli ifadə verib və mümkün qədər çox hədələyici ton seçib. Ya da onun sifətinin cəbhədən hər gün əsgər tabutlarının gəlməsinin, üstəlik Ermənistanın təhlükəsizliyinin qarantı kimi təbliğ edilən 102-ci Rusiya hərbi bazasının əsgərinin Gümrüdə bir ailəni ucdantutma qıraraq erməni cəmiyyətində “xilaskar rus əsgəri” obrazını ciddi şəkildə sarsıtmasının təsiri altında eybəcər formada əyildiyini təxmin etmək olar.

Sərkisyan üçün kinder-sürpriz
Axı il Sərkisyan üçün heç də yaxşı başlamadı. Ermənistanın Avrasiya İttifaqına yanvarın 1-dən qüvvəyə minən üzvlüyü ölkəyə iqtisadi dirçəliş və rifah ümidləri yox, ucuzlaşan milli valyuta, Rusiya iqtisadiyyatında hökm sürən böhran fonunda daha da artan ümidsizlik gətirdi. Üstəlik 102-ci hərbi bazadan qaçan sıravi Permyakov ermənilərin yadına saldı ki, ruslara arxayın olmaq heç də həmişə etibarlı olmur. Rusiya isə Permyakovu ermənilərin mühakiməsinə verməkdən imtina edərək “Exo Moskva” radiostansiyasının şərhçisi Yuliya Latıninanın dediyi kimi, ayağını onun arxasınca “itin quyruğu” kimi sürünməyə məcbur olan erməni xalqına sildi.

O biri tərəfdən də təmas xəttində intensivləşən döyüşlər və erməni ordusunun itkiləri.

Sərkisyan nə deyir? Deyir ki, onun masasının üzərində “bütün variantlar” var və vəziyyət belə davam etsə, Ermənistan ordusu “preventiv zərbə” taktikasına əl atacaq. Özü də Azərbaycan qəfil zərbələrə, yəni sürprizlərə hazır olmalıdır.

Əli Xocalıda dinc, günahsız insanların qanına batmış bu keçmiş səhra komandirindən başqa ton gözləmək də sadəlövhlük olardı. Bu, həmin Sərkisyandır ki, Xocalıdakı qətliamda şəxsən iştirakı ilə öyünür və deyir: “Azərbaycanlılar hesab edirdilər ki, biz qadın və uşaqlara, mülki şəxslərə toxunmarıq. Ancaq Xocalıda sübut etdik ki, onlar yanılırlar”.

Prinsipcə Azərbaycan ərazilərinin 20 faizini işğal etməyə nail olan ölkənin rəhbəri kimi o, 90-cı illərin əvvəllərində əldə etdikləri hərbi nailiyyətlərlə öyünərək bu cür danışa bilər və bu, təəcüblü görünmür. Lakin Sərkisyan unudur ki, indi 90-cı illərin əvvəlləri deyil və müharibə, preventiv zərbə və hərbi sürpriz barədə dedikləri onun ölkəsinə çox baha başa gələ bilər.

Görəsən, Sərkisyan nəzərə alırmı ki, bu münaqişənin 25 ildir “dondurulmasından”, yüz minlərlə qaçqın-məcburi köçkün problemindən, nəhayət, təmas xəttində vaxtaşırı olaraq əsgərlərimizin həlak olmasından, əvəzində işğal altındakı torpaqların geri qayıtmamasından (çünki Sərkisyanın hədələdiyi müharibə yox, əraziləri işğal altında olan tərəf üçün taktiki baxımdan sərfəli olmayan mövqe döyüşləri gedir) boğaza yığılan Azərbaycan xalqı və dövləti məhz bu fürsəti-ermənilərin “preventiv zərbə”yə əl atmasını gözləyir?

İşğal amili baxımından vəziyyətin dözülməz olmasına baxmayaraq 25 ildir səbr edən Azərbaycan üçün Sərkisyanın “preventiv zərbəsi”indən yaxşı nə fürsət ola bilərdi? O zaman Azərbaycanı öz hərbi arsenalını bütün gücü ilə düşmənə yönəltməkdən nə saxlayardı?

Ola bilsin Ermənistan ordusu xaincəsinə pusqu quraraq hansısa korpus, yaxud briqada komandirinin taktiki səhvindən istifadə edib Azərbaycan ordusunun ön xətdəki nisbətən zəif müdafiə olunan hansısa blindajına qumbaraatan, yaxud minomyotdan atəş aça, nəticədə 3 hərbçimizi şəhid edə bilər. Ancaq bir-birindən yaxın məsafədə mövqe seçmiş qarşıduran tərəflər arasında gedən mövqe döyüşlərində belə hallar ola bilər. Bu, hələ müharibə demək deyil.

Əsl müharibə heç Sərkisyanın öyündüyü müharibə də deyil. İndiki müharibə zavod dəzgahının arxasından durub əlində “Kalaşnikov” dağlarda, dərələrdə pusqu quran çilingərlərin müharibəsi olmayacaq. Bu dəfə müharibə başlasa, dəqiq, uzaqvuran silahlar işə düşəcək. Azərbaycanın sərəncamında olan belə silahlar eyni anda işə düşsə, cəmi bir neçə dəqiqə ərzində Sərkisyanın “azad etdiyi” Qarabağda, Xankəndində daşı daş üstə qoymayacaq.

Bax, bu, Sərkisyan üçün əsl sürpriz olardı. Özü də bu, şokoladlı yumurtaların içindən çıxan sürprizlər qədər əyləncəli deyil...

Fərhad Məmmədov






Fikirlər