25.04.2014. - Diplomatlarımızın rüsvayçı korrupsiya faktları
Təcrübə göstərir ki, Hesablama Palatasının təqdim etdiyi audit hesabatında mənimsənilmə faktlarının bir hissəsi təqdim edilir. Milli Məclisə təqdim edilən sənədə əsasən də demək olar, bu sahədə baş verən korrupsiya hallarının qarısının alınmasında Hesablama Palatasının gücü çox zəifdir.
Özbaşınalıq: səfirlərimiz cərimələrini büdcə hesabına ödəyirlərmiş
HP-nın ötən il Xarici İşlər Nazirliyi aparatının saxlanılması üçün ayrılan vəsaitlərin auditi zamanı 110 min manatdan çox pulun mənimsənilməsi faktı aşkarlanıb. Müəyyən edilib ki, XİN aparatında çalışan bəzi dövlət qulluqçularına vaxtından əvvəl ixtisas dərəcəsi verilib və buna müvafiq olaraq əməkhaqqı hesablanıb. Xarici ezamiyyətə göndərilən diplomatik əməkdaşlara artıq yol xərci, işçilərin məzuniyyət günləri üçün şişirdilmiş kompensasiyaların hesabalandığı göstərilir. Həmçinin naziriliyin balansında əlavə xidməti avtomobillər saxlanıldığı və bu nəqliyyat vasitələrinə sərf edilən yanacağın həcminin çox göstərildiyi müəyyən edilib. Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı 15,3 min manat mənimsənildiyi göstərilir.
Azərbaycanın İsveç Krallığındakı səfiliyində də ciddi korrupsiya faktları aşkarlanıb. Belə ki, səfirliyin saxlanılması üçün təsdiq olunan smetadan artıq xərclərə yol verilib, dövlət rüsumu əlavə telefon danışıqlarına, abunə və internet xidmətlərinə yönəldilib.
Səfirliyin mühasibinin haqq-hesab ayı başa çatmamış vəzifədən geri çağrılmasına baxmayaraq, ona yanvar ayında əməkhaqqı tam həcmdə ödənilib. Dövlət vəsaitləri hesabına səfirlikdə çalışanlar öz mənzillərinə mebel avadanlıqları aldıqları aşkar edilib. Avtomobillər üçün yanacaq sərfi şişirdilib, ziyafət tədbirlərinin keçirilməsi ilə bağlı xərclər smetası hazırlanmayıb. Bununla dövlət büdcəsinə təqribən 400 min manata yaxın ziyan dəyib.
Bundan əlavə, Hesablama Palatası Azərbaycanın Çindəki səfirliyində 2010-2013-ci illəri əhatə edən dövrün auditin aparıb. Bu müddət ərzində müəyyən edilib ki, hər ayın sonunda dövlət büdcəsinə ödəniləsi rüsumlardan yayınaraq, həmin vəsaitlər növbətdə başqa xərclər adından silinib. 2010-2012-cu illərdə 17 halda ayrı-ayrı xərc maddələri üzrə şişirdilmiş maliyyə məbləği ayrılıb, ƏDV və avtomobil satışından daxil olan vəsait dövlət büdcəsinə ödənilməli olduğu halda, yeni avtomobillərin alınması adı ilə mənimsənilib. Hətta əməkdaşlarının yol hərəkəti qaydalarının pozması nəticəsində yazılan cərimələr belə büdcə vəsaiti hesabına silinib. Belə ki, səfirliyə məxsus 3 avtomobilin satılaraq yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsinə yönəldiliyi göstərilib. 2011-2012-ci illərdə diplomatik korpusda çalışan əməkdaşların 2 uşağının təhsil haqlarının ödənilməsi üçün dövlət büdcəsindən vəsait ayrılsa da, bu pul valideynlərə verilməyib. 2013-cü ildə isə 6 Çin vətəndaşına dövlət rüsumu alınmadan viza rəsmiləşdirilib, 3 halda isə sənəd leqallaşdırılmasına görə dövlət rüsumu alınmayıb.
Digər diqqət çəkən məqam Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin saxlanılması üçün büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi faktları aşkar edilsə də, HP-sının korrupsiyanın məbləğini açıqlamamasıdır. Burada da ən ciddi özbaşınlıqlardan biri nümayəndəliyin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına görə tətbiq olunan cərimələrin büdcə vəsaiti hesabına ödənilməsidir.
1500 dəvətnamə çapına 11,2 min manat pul necə silinib?
Hesabatda dövründə Diasporla İş üzrə Dövlət Komitəsində də 235,3 min manatlıq yeyinti aşkarlanıb. Komitənin ötən il təkcə Novruz bayramı çərçivəsində verilən ziyafətlərdən 21 min manat yeyildiyi müəyyən edilib. Məsələn, 1500 dəvətnamənin hazırlanması adı ilə ən az, nə çox büdcədən əlavə 11,2 min manat pul silindiyi üzə çıxıb. Azərbaycanın xarici ölkələrdəki müxtəlif nümayədəliklərində müəyyən edilən bütün bu korrupsiya faktlarına görə məsuliyyətə heç bir şəxs cəlb olunmayıb.
Heydər Əliyev adına liseyin direktoru 110 min manat mənimsəyib
Yoxlamalar zamanı təhsil müəssisələrində də ciddi korrupsiya faktları aşkarlanıb. Belə ki, Dövlət Aqrar Universitetində 230-ə yaxın «ölü» ştat üçün əməkhaqqı ödənilib, məzuniyyətdə olan işçilərin adından məvacib yazılaraq mənimsənilib. İnvertarların alınmasında dövlət satınlamaları qaydalarına əməl edilməyib. 270 min manatlıq yeyinti faktı ilə əlaqədar 3 nəfərə töhmət verilməklə işi bağlayıblar.
Azərbaycan Turizm İnstitutunun rəhbərliyinin isə yeydiyi dövlət pullarından 190 min manatını Hesablama Palatası hesabatına daxil edib. Burada da pedoqoqların adına artıq əməkhaqqı yazılması, «ölü ştat»ların olması, artıq yanacaq sərfiyyatına və dəftərxana ləvazimatlarının alınmasında yeyinitilərə yol verilməsi və sair qanunsuh hallar müəyyənləşib. Bəzi tələbələrin kəsirlərinə görə yaranan kredit borclarını silmək üçün onları «axşam məktəbi»nə cəlb edilməsi prosesi həyata keçirilib.
Hesabat ilində dövlət büdcəsinin mərkəzlişdirilmiş xərclərindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ayrılmış vəsaitlərin proqnolaşdırılması və icrasının auditi aparılıb.
Xətai-Suraxanı xidmət bölməsində işçilərin adına artıq məvaciblər yazılaraq mənimsənilib. Burada bəzi fənlər üzrə müəllimlərə normadan az dərs tarifləşdirildiyi halda, həmin fənn üzrə vakant dərs saatları nəzərdə tutulur.
Səbail-Yasamal-Qaradağ xidməti bölməsində isə 1 məktəb üzrə 9 nəfər şagirdin məktəb tərəfindən evdə fərdi təhsilə noyabr ayından cəlb edilməsinə baxmayaraq sentyabr-oktyabr ayları üçün müəllimlərə əməkhaqqı ödənilib. İdman məktəbləri üzrə ibtidai hazırlıq və ya aşağı təlim-məşq qrupu hazırlıq mərhələlərini keçməmiş uşaqlardan yuxarı təlim-məşq qrupları yaradılıb.
Xəzər-Sabunçu və Nizami-Nərimanov xidmət bölmələrində də eyni vəziyyət hökm sürür.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin aparatı üzrə aparılan yoxlamalar zamanı «ölü ştatlar», artıq məzuniyyət haqqı, ezamiyyə xərci, habelə dövlət qulluqçusu olmayan işçiyə pensiyaya çıxması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi, əlavə yanacaq silgisinə yol verilməsi hallar aşkar edilib.
Müəyyən edilən korrupsiya hallarına görə isə cəmi 64,2 min manat vəsait dövlət büdcəsinə bərpa oluna bilib.
Hesabat dövründə Heydər Əliyev adına liseyin rəhbəri 110 min manata yaxın dövlət vəsaitini mənimsədiyi aşkar olunub. Direktorun saxladığı 4 «ölü ştat» hesabında ildə sildiyi pulu hesablamaq çətin deyil. Bir kiçik tədris ocağında baş verən bu qədər böyük həcmli yeyinti faktına görə məktəbin direktoruna və müavininə, habelə mühasibinə töhmət verilməklə kifayətləniblər.
Təhsil Nazirliyi ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin də balansında olan musiqi məktəblərində büdcə vəsaitlərinin isifadəsi ilə əlaqədar nöqsanlar aşkarlanıb.
Belə ki, Hesablama Palatasının apardığı audit nəticəsində Ü.Hacıbəyov adına yeddi llik Uşaq Musiqi məktəbində 93 min manatlıq korrupsiya halı müəyyən edilib. Aşkar olunan nöqsanlara görə Rayon Mədəniyyət Evinə verilən inventar və avadanlıqlar uçota alınmayıb, rəsmiləşdirilən avadanlıqlar isə podratçı təşkilatlar tərəfindən təhvil verilməyib, alınan malların qiyməti şişirdilib. Habelə müəssisədə 5 artıq ştatın saxladıldığı bəlli olub. Məktəbin direktoruna tövhmət verilməsi işin üzərindən sükutla keçiblər.
Gənclər və İdman Nazirliyinə həvalə olunan «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» dövlət proqramının icarsı zamanı isə ən az, nə də çox düz 1,2 milyon manat vəsait mənimsənilib. Bu qədər mənimməsə faktına görə isə şöbə müdirlərinə xəbərdarlıq etməklə kifayətləniblər. /”Bizim Yol” qəzeti/