Oqtay Şirəliyev iki səhiyyə müəssisəsinə yeni rəhbər təyin etdi - SƏRƏNCAM

Tibb Universiteninin Tədris Terapevtik Klinikasına isə yeni direktor gətirildi

 Azərbaycan Tibb Universiteninin Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub.

Modern.az saytı xəbər verir ki, Universitetin rektoru Gəray Gəraybəyli səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı ilə Klinikaya yeni baş direktor vəzifəsinə təyin olunmuş professor, Tədris Terapevtik Klinikanın II Pediatriya şöbəsinin müdiri Hüseyn Qabulovu kollektivə təqdim edib.

Gəray Gəraybəyli Hüseyn Qabulovu təbrik edib.

O bildirib ki, universitetin öz kadrının bu vəzifəyə təyinatı onun üçün də çox xoş olub.

“İnanıram ki, bundan sonra da Klinikanın işlərinin yaxşılaşdırılması istiqamətində uğurlu işlər görüləcək. Çünki, bu bizim əsas məqsədlərimizdən biridir”.

Hüseyn Qabulov çıxış edərək bu etimada görə səhiyyə naziri Oqtay Şirəliyevə və rektor Gəray Gəraybəyliyə öz minnətdarlığını bildirib.

Yeri gəlmişkən, bu klinikanın keçmiş baş direktoru Könül Xəlilova nazirin digər sərəncamı ilə Respublika Diaqnostika Mərkəzinə baş həkim vəzifəsinə təyin olunub.

Rektor Gəray Gəraybəyli Könül Xəlilovanın Klinikada işlədiyi bir neçə ay müddətində çox böyük işlər gördüyünü xatırladıb.

Gəray Gəraybəyli öz növbəsində Könül xanımı təbrik edərək, onun bundan sonrakı işinin daha yüksək və respublika səviyyəli tibb müəssisəsində davam etdirəcəyini bildirib.







Fikirlər