Heç kimə sirr deyil ki, bu gün bir sıra dövlət müəssisələri, idarə və təşkilatlar tərəfindən elan edilən tenderlərin keçirilmə mexanizmi sözdə qaydalara uyğun olsa da, əslində vəziyyət tamam başqa cürdür.
Belə ki, əksər hallarda elan edilən tenderlərin qalibi öncədən bəlli olur və bu proses sonradan gözdən pərdə asmaq üçün rəsmiləşdirilir. Mövzu ilə əlaqədar yetərincə bilgiyə sahib olan mənbənin mediada yayılan məlumatlarında bildirilir ki, hazırda müxtəlif dövlət qurumları tərəfindən elan edilən tenderlərin əksəriyyətinin qalibi olan şəxslərdən biri də Ramazan Məmmədovdur.
Adıçəkilən şəxsin özünü hər yerdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi kimi təqdim etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Ramazan Məmmədov məhz bu yolla tenderlərin çoxunun qalibidir. Bununla bağlı cumhuriyyet.az olaraq məlumatlı mənbənin mediaya ötürdüyü informasiyanı olduğu kimi diqqətinizə çatdırırıq: «Deyilənlərə görə, Ramazan Məmmədov Bakı meriyasının işçisi olduğunu bildirməklə əksər hallarda maraqlarını təmin etməyi, müxtəlif dövlət qurumları tərəfindən elan olunan tenderləri udmağı bacarır. Qeyd edim ki, əvvəllər bu işlər adını çəkmədiyim telekanallardan birinin rəhbərinin hesabına idi. Sonradan isə o, bu işləri başqa adamın əli ilə görür. Məsələnin maraqlı tərəfi ondadır ki, Ramazan Məmmədov az qala təmir-tikinti ilə bağlı bütün tenderləri ələ keçirməyi bacarır». Əksər dövlət qurumları ilə bağlı təmir-tikinti işlərinin də Ramazan Məmmədovun nəzarətində olduğunu iddia edən mənbə bildirir ki, bütün bunlara baxmayaraq onun fəaliyyəti hələ də yoxlanılmayıb: «Halbuki ortada kifayət qədər şübhəli, müəmmalı məqamlar mövcuddur. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, Ramazan Məmmədov Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevlə kifayət qədər yaxın münasibətlərə malikdir. Deyilənlərə görə, Ramazan Məmmədov tenderlərdən, təmir-tikinti işlərindən əldə olunan vəsaiti məhz onun əli ilə alır. Bundan başqa, onu da qeyd etməliyəm ki, Ramazan Məmmədov təhlükə hiss etdiyi anda dərhal bu barədə Nadir Qarayevə məlumat verir, o isə öz növbəsində əlaqələrini işə salaraq iş birliyində olduğu şəxsi sığortalayır. Maraqlıdır, görəsən maliyyə naziri Samir Şərifovun 1 saylı Xəzinədarlıq İdarəsinin rəisinin əməllərindən xəbəri varmı?..»
Bu arada, əksər dövlət qurumları ilə bağlı təmir-tikinti işlərinin də Ramazan Məmmədovun nəzarətində olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, o, kifayət qədər böyük kapitala sahibdir: «Deyilənlərə görə, Ramazan Məmmədovun Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdə nəhəng biznes obyektləri, daşınmaz əmlakları, ticarət obyektləri var. Hələ bu, harasıdır. Onun oğlanları hələ xeyli cavan olsalar da, artıq onların adına müxtəlif firmalar mövcuddur. Onlar da ataları kimi təmir-tikinti işlərilə məşğul olurlar. Ramazan Məmmədovun oğlanlarının da dəyəri milyonlarla olan bağ evləri, obyektləri, biznes strukturları var. Onu da qeyd edim ki, Ramazan Məmmədovun 3 hektarlıq ərazinin içərisində 18 villası var. Və həmin villalar qeyri-adi təmiri, xarici görkəmilə diqqət cəlb edir. Deyilənlərə görə, özünü Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi kimi təqdim edən Ramazan Məmmədov həmin villaların birinin tikintisi üçün milyonlar xərcləyir. Ortalama götürsək, həmin 18 villa və onun yerləşdiyi 3 hektarlıq ərazinin ümumi qiyməti 100-200 milyon arasında dəyişir. Bildirilir ki, o, bu boyda sərvəti məhz tenderlər zamanı layihədə qiymətlərin bir neçə dəfə şişirdilməsi nəticəsində əldə edib».