Noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
Dövlətimizin başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verildi. Bildirildi ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.