Ekspert: “Bu iddianı məhkəmə istintaqı başlanana qədər qaldırmaq lazım idi”
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək hazırda həbsdə olan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova qarşı mülki iddia qaldırıb.
Tağı Əhmədov 2014-cü ildə A. Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəyib. İddia ərizəsi məhkəməyə daxil olub. Bununla yanaşı, məlum olduğu kimi xeyli sayda iş adamları da Akif Çovdarovun vəzifəsindən sui-istifadə edərək, onlardan külli miqdarda pul almasından şikayətlənirlər. Bu barədə mətbuat səhifələrində çoxsaylı məlumatlar da dərc olunub. Ona qarşı keçirilən məhkəmə proseslərində bu kimi məsələlərlə bağlı yeni maddə ilə ittiham aktları irəli sürülür.
Bəs, Tağı Əhmədovun hazırkı məqamda məhkəməyə müraciət etməsi hüquqi baxımdan doğrudurmu?Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Müzəffər Baxış bildirib ki, ola bilsin ki, Tağı Əhmədov zərərçəkmiş kimi tanınıb: “Akif Çovdarovun həmin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasıdır. Cinayət Məcəlləsinin 179-cu maddəsinin tələbinə görə, məhkəmə istintaqı başlanana qədər mülki iddia vermək olar. Yaxud Tağı Əhmədov ayrıca bir prosesdə mülki iddia verə bilər. Qanunvericilik buna tam imkan verir. Burada heç bir qanuni problem mövcud deyil. Digər zərərçəkmişlər də bu qayda üzrə məhkəməyə müraciət edə bilərlər. Onlara da maddi və mənəvi zərər dəyibsə, Akif Çovdarova qarşı mülki iddia verə bilərlər. Lakin bir daha da qeyd edirəm ki, bu, məhkəmə istintaqı başlanana qədər olmalıdır. Əgər məhkəmə istintaqı başlanana qədər verməsələr, cinayət işinə baxılan zaman mülki iddia verə bilməzlər. Ayrıca icraat qaydasında, Mülki Məcəllənin tələblərinə uyğun olaraq, Akif Çovdarovun qeydiyyatda olduğu yaşayış yeri üzrə birinci instansiya, rayon məhkəməsində mülki iddia qaldırmaq olar”.
Hüquqşünas, Akif Çovdarovun həbsdə olduğu zaman zərərçəkmişlərə dəymiş ziyanın necə ödənilməli olduğunu da bildirib: “Bunun bir neçə prosedur qaydaları var. Əsas odur ki, məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra o icraya yönəldiləcək. Qeyd olunur ki, Akif Çovdarovun 35 milyon manat dəyərində əmlakına həbs qoyulub. Onun barəsində hökm çıxandan sonra yəqin ki, məhkəmə əmlak məsələsinə də hüquqi qiymət verəcək. Məhkəmə əmlak məsələsinə həbs qoyarsa, həmin əmlak satıldıqdan sonra əldə edilmiş pul vəsaiti ilk növbədə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir. Qalan əmlak isə dövlətin nəzdinə keçəcək”.
Onu da qeyd edək ki, Tağı Əhmədov istintaqa ifadəsində bəhs edilən 3 milyonun 44 illik əmək haqqı olduğunu bildirib.