Azərbaycanda internet informasiya məkanında dövlət başçısının - Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyəti yaradacaq.
APA xəbər verir ki, baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib.
Layihəyə əsasən, bu maddədə "və ya kütləvi informasiya vasitəsində” sözləri "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir.
Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir.
Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir. Maddədə deyilir: "323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
***11:13"Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
Deputat bildirib ki, artıq Baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub.
"Bu günə qədər sosial şəbəkələrdə saxta profillər və saxta adlarla yalan xəbərləri yayanlara, təhlükəli çağırışlar edənlərə qarşı cinayət məsuliyyəti yox idi. Bu, Azərbaycanda bir yenilikdir. Artıq bundan sonra bu məsələlərə ciddi hüquqi qiymət veriləcək.
Artıq sosial şəbəkələrdə milli, dini ədavəti qızışdıranlara, müharibə çağırışları edənlərə də cinayət işi açılacaq. Cinayət Məcəlləsinə ediləcək dəyişiklikərdə cərimədən tutmuş həbsə, azadlıqdan məhrum etməyə qədər nəzərdə tutulub”-deyə Çingiz Qənizadə bildirib.