Gələn həftədən dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq

ipoteka_00

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni istiqraz emissiyası ilə cəlb edəcəyi 50 mln. manat vəsait gələn həftədən fondun müvəkkil bankları arasında bölüşdürüləcək.

Bu barədə “Report”a bank dairələrindən məlumat verilib.

Mənbənin bildirdiyinə görə, bununla da Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni emissiyanın prospektinə əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda AİF-in cəmi 8 müvəkkil bankı var. Bu, “AGBank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Xalq Bank”, “Kapital Bank”, “NBC Bank” və “PAŞA Bank” ASC-lərdir. Yaxın vaxtlara qədər onların sayı 25 olub.
Bundan başqa, Fondun müvəkkil sığorta şirkətlərinin sayı da 4-5 dəfə azaldılıb. Hazırda qurum 4 sığorta şirkəti – “Qala Həyat Sığorta”, “Qala Sığorta”, “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” ASC-lərlə əməkdaşlıq edir. Yalnız bu şirkətlər borcalanın həyatını və ipoteka predmeti olan daşınmaz əmlakı sığortalaya bilər.
AİF-in müvəkkil qiymətləndirici şirkətlərinin sayı isə 8 dəfə azaldılaraq 2-yə endirilib. Hazırda müvəkkil banklar ipoteka kredirtləşməsi yolu ilə əldə edilən əmlakın qiymətləndirilməsini yalnız “Biləndər” firmasına və “MBA Ltd.” MMC-yə həvalə edə bilərlər.
Müvəkkil təşkilatların sayının azaldılmasının səbəbi açıqlanmır.

 






Fikirlər