Həbsdəki MTN polkovniki Eldar Mahmudova milyonları necə gətirirmiş?- FÜZULİ ƏLİYEVİN CİNAYƏTLƏRİ
Artıq bir ildir ki, cəmiyyət Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyində yaratdığı mütəşəkkil cinayətkar dəstənin cinayətlərindən danışır. MTN-nin ləğv olunmasından 1 il keçməsinə baxmayaraq, hələ də ölkə gündəmində “MTN İşi”dir. Ancaq diqqət etsək görərik ki, bu prosedə dəstə üzvlərindən 20 nəfər həbsdə olmasına baxmayaraq, yalnız gündəmdə bir neçə nəfərin adı hallanır. Gununsesi.info Eldar Mahmudovun dəstəsinin digər üzvləri ilə bağlı araşdırmaya başlayıb. Saytımzın ilk araşdırması zamanı hazırda həbsdə olan MTN–in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Fizuli Əliyev barəsində maraqlı məlumatlar ortaya çıxıb. Cinayət Məcəlləsinin bir çox maddələri ilə ittiham olunaraq, hazırda həbsdə saxlanılan bu şəxs Eldar Mahmudun əsas adamlarından biri olub. Belə ki, MTN-də “Kilkə Akif“, cəmiyyətdə isə “Akula Akif” kimi tanınan Akif Mustafayevin Eldar Mahmudova təqdimatı ilə nazirlikdə yüksəlib. Ölkənin milli təhlükəsizliyinin qorunmasından başqa hər cür işlərlə məşğul olan Füzuli Əliyev MTN-nin Səbael Rayon İdarəsində çalışdığı müddət ərzində Eldar Mahmudova 10 milyon “qazanc” verib. Təbii ki, Mahmudov üçün qazandırılan bu pullar cinayət yolu əldə edilib. Sonradan nazirliyə gətirilən Füzuli Əliyev qızıl-zinnət əşyalarının ölkəyə gətirilməsi, pul köçürülmələri, MMC-lərin fəaliyyəti kimi sahələri kurasiya edib. Bu sahədə olduğu zaman Füzuli Əliyev yüzlərlə iş adamının müflis edilməsi ilə nəticələnən qurama əməliyyatlar təşkil edərək, vəzifə cinayətləri törədib. Bu qanunsuz əməlləri ilə Eldar Mahmudova milyonlar gətirən Füzuli Əliyevin general rütbəsi üçün artıq təqdimatı hazırlanıb. Ancaq Eldar Mahmudovun “vurulması” ilə MTN-nin dağılması onun general olmasının üstündən xətt çəkib. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ittiham olunan Füzuli Əliyevin əməllərindən onlarla zərərçəkən şəxs müəyyən olunub. İstintaqa ifadələrində və üzləşmə prosesində həmin şəxslər onu bir daha ifşa edərək, şikayətçi olduqlarını ifadə ediblər. Saytımızın araşdırması zamanı Füzuli Əliyevin “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyev və onun işçilərinə qarşı qurama əməliyyatı hazırlayan əsas şəxslərdən biri olduğu da üzə çıxıb.