Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində “ Fitnə” adlı filmin təqdimatı baş tutub.
Filmin nümayişindən əvvəl ATU–nun rektoru, professor GərayGəraybəyli qeyd edib ki, hazırda terrorçuluq nəinki Azərbaycanda, bütün regionda və dünyada aktual problemlərdən birinə çevrilib: “20 il bundan əvvəl ekstremizm və terrorizm ifadələrindən çox nadir hallarda istifadə olunurdu. Ancaq son illərdə hər gün bu sözləri eşidirik. Hətta ekstremizmin dini, siyasi və digər növləri də yaranıb. İndi dünyada elə bir ölkə yoxdur ki, özünü ekstremizmdən və terrorçuluqdan sığortalanmış hesab etsin. Təəssüf ki, Azərbaycan hələ 20 il əvvəl beynəlxalq miqyaslı terrorizmlə üzləşib”.
Rektor G.Gəraybəyli müasir dövrdə daha çox gənclərin dini ekstremizmə cəlb olunduğunu, onların müxtəlif vədlərlə aldadılıb terrorçuluğa çəkildiyini bildirib. Professor G.Gəraybəyli xüsusilə gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün “Fitnə” filminin əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, radikal dini qruplara qoşulan gənclərə yalnız maarifləndirmə yolu ilə kömək etmək mümkündür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, bu gün dünyada bir sıra maraqlı güclər öz istəklərini yerinə yetirmək üçün dindən alət kimi istifadə edirlər. Məhz bu məqsədlə radikal dini qruplar yaradılır, xüsusilə də sülh dini olan İslamın adından istifadə olunur. M.Qubranlı komitə tərəfindən radikal dini cərəyanların yaratdığı qruplaşmalara qarşı hüquqi, iqtisadi və ideoloji formada aparılan tədbirlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, xüsusilə gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə maarifləndirmənin gücləndirilməsi üçün müxtəlif tipli tədbirlərin keçirilməsi vacibdir.
Daha sonra ATU-da təhsil alan tələbələr üçün “Fitnə” filmi nümayiş olundu. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” filmi dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin həm cəmiyyət, həm də dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı.
AzerTaym.az
|