Ermənistan İran prezidentinin həsrətində - Bakı amili...

Ermənistan İran prezidentinin həsrətində - Bakı amili...

Düşmən ölkəyə ləngiyən ilk səfərin ilginc pərdəarxası; Prezident İlham Əliyevə minnətdarlıq göndərən Həsən Ruhani Sərkisyanla görüşə niyə tələsmir? erməni şərhçi: “Əlimizdəki qandallar qaldıqca, Tehranla əlaqələrdə uğur olmayacaq”; azərbaycanlı ekspert: “Azərbaycanın İrandan ən böyük gözləntisi odur ki...” 

 

İran prezidenti Həsən Ruhaninin ötən həftə İrəvana nəzərdə tutulan səfəri baş tutmadı. Hər halda, İranın bir sıra mötəbər KİV-ləri - o sırada “Mehr” dövlət agentliyi də var - rəsmi ziyarətlə bağlı anons etmişdi. Xatırladaq ki, Ruhani prezident postunda ikən Azərbaycana iki dəfə (2014, 2016) səfər etsə də, hələ Ermənistanda olmayıb.  Bu üzdən səfəri ən çox işğalçı ölkənin səbirsizliklə gözlədiyi şəksizdir. 
Bəs artıq iki dəfə Bakıda olan Ruhani İrəvana gedəcəkmi? Əksər müşahidəçilərə görə, yəqin ki. Sadəcə, tarix qeyri-müəyyən qalır. Belə görünür ki, İran tərəfdə, hər halda, müəyyən tərəddüdlər qalır. Bu tərəddüdləri iki qismə bölmək olar - siyasi (geosiyasi) və iqtisadi xarakterli olanlar. 
*****
Təsadüfi deyil ki, erməni tərəfi səfərin ləngiməsindən artıq narahatlıq keçirməyə başlayıb. Çünki bundan öncə, daha bir dəfə ziyarət təxirə salınmışdı. Məsələn, lragir.am saytının siyasi şərhçisi Naira Ayrumyan bu xüsusda yazır: “Ötən həftə də ötdü, amma İran prezidenti Həsən Ruhani yenə də Ermənistana təşrif buyurmadı. Halbuki təxminən on gün qabaq İran KİV-ləri anons etmişdi ki, Ruhani Ermənistana gedəcək. Anons real idi, çünki son vaxtlar Tehran-İrəvan münasibətlərində sanki bir hərəkətlilik müşahidə olunmaqda idi. Bu xüsusda keçən həftə mühüm bir xəbər o oldu ki, Avropadan ilk yük yeni tranzit dəhlizi üzrə - Qara Dənizdən, Gürcüstandan və Ermənistandan keçməklə İrana çatdırılıb. Bu barədə danışan İran rəsmisi Qulamhüseyn Əmiri deyib ki, son illər Avropadan yüklərin daşınmasında Türkiyə tərəfi ilə bağlı  problem olduğundan Tehran başqa ölkələrlə alternativ marşrutla bağlı danışıq aparmalı olub. Bu zaman Azərbaycan tərəfi də şikayətlənir ki, Tehran İrandan Gürcüstana və Rusiyaya Azərbaycandan keçməklə yüklərin tranzitini təmin edəcək dəmir yolunu tikib tamamlamağa tələsmir”.
Image result for Ruhani Sərkisyan
Erməni icmalçı ardınca yazıb: “Ruhaninin Ermənistan səfəri nəzərdə tutulurdumu, yoxsa bu, sadəcə, piar-zondaj idi? Bəlli deyil. Ola bilsin səfər bu il reallaşsın. Ancaq aydındır ki, İran-Ermənistan münasibətlərində təkamül yolu ilə uğur əldə eləmək çətin olacaq. Sıçrayış lazımdır ki, bütün baryerləri süpürüb atsın. Di gəl ki, İrəvan maneələri süpürüb atmaq əvəzinə yeni baryerlər qurur, köhnələri isə möhkəmləndirir. Hər dəfə Tehran ikitərəfli ticari-iqtisadi əlaqələri inkişaf etdirməyi təklif edəndə Ermənistan əlindəki qandalları göstərir. Yəni ki, o, Avrasiya Birliyinə bağlıdır və gömrük-ticarət sistemində müstəqil deyil. Bəzi ekspertlər də hesab edirlər ki, Ermənistan Avrasiya Birliyində olduqca, onun nə İran, nə də Gürcüstanla yaxın əlaqələri mümkün deyil”.
Image result for Ruhani Sərkisyan
***** 
Azərbaycanın isə Rusiyanın marioneti və satelliti olan işğalçı ölkədən fərqli olaraq, təbii ki, belə problemləri yoxdur. Buna növbəti sübut kimi, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətinin hazırda davam edən Bakı səfərini göstərmək olar. 
Dünən prezident İlham Əliyev Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkə başçısı Azərbaycanla İran arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edib, bu işdə Hökumətlərarası Komissiyanın həmsədri kimi Mahmud Vaezinin rolunu xüsusi vurğulayıb, ölkələrimizin həyata keçirdiyi birgə layihələrin qlobal xarakter daşıdığını deyib. Prezident ümidvar olduğunu bildirib ki, gündəlikdə hələ çox məsələlər var və onlar da öz həllini ardıcıllıqla tapacaq, ölkələrimiz istədikləri məqsədlərə nail olacaq.
Vaezi isə öncə Həsən Ruhaninin səmimi salamlarını dövlət başçısına çatdırıb. İki prezident arasında çox yaxşı qarşılıqlı etimadın yaranmasından məmnun olduğunu deyən M.Vaezi bildirib ki, “əgər bu gün iki ölkənin mənafeyinə uyğun lazım olan addımlar ata biliriksə, bu, hər iki prezidentin dəstəyi sayəsində mümkün olub”. O həmçinin komissiyanın gördüyü işlər barədə İ.Əliyevə məlumat verib. Dövlət başçısı iranlı həmkarının salamlarına görə minnətdarlıq edib, onun da salamlarını H.Ruhaniyə çatdırmağı xahiş edib.
*****
“İran-Azərbaycan regional əməkdaşlığı İran-Ermənistan əməkdaşlığını üstələyir”. 
Bunu isə politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, hazırda İranla Azərbaycan arasında bir neçə birgə layihə var ki, onların reallaşması əlaqələri daha üst səviyyəyə qaldıracaq: “Birinci layihə Astara (Azərbaycan) - Astara (İran) dəmiryol xəttidir. Bu, yeni dəhlizdir və Cənubla Şimalı birləşdirir. Astara-Astara dəmiryol xəttinin tikintisinin 2016-cı ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. İkinci layihə sonrakı mərhələdə Astara-Rəşt dəmiryol xəttinin tikintisidir. Birinci layihədən fərqli olaraq bu dəmir yolunun tikintisi bir qədər uzun çəkəcək. Çünki bu xəttin uzunluğu 160-170 km-dir. Üçüncü layihə Pirallahı qəsəbəsində dərman zavodunun tikintisidir. Bundan başqa, İran Azərbaycan ərazisində xəstəxana tikmək istəyir. Məlumdur ki, Azərbaycan vətəndaşlarının bir hissəsi müalicə üçün İrana gedirlər. İranda tibbi xidmət və dərmanlar nisbətən ucuzdur. Azərbaycanda İrana bağlı xəstəxana olarsa, iranlı həkimlər Azərbaycana gələcəklər. Dördüncü layihə isə Azərbaycanın Neftçala rayonunda İranla Azərbaycanın birgə fabrikinin işə başlamasıdır. Bu zavodda İran avtomobillərinin istehsalı nəzərdə tutulub”.
Qeyd edək ki, sözügedən layihələrin Bakıda İran-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın iclasında müzakirə olunduğu deyilir. Komissiyada habelə prezidentlərin növbəti görüşünün proqramının hazırlandığı bildirilir.
*****
Image result for Elxan Şahinoğlu
Lakin E. Şahinoğluna görə, Azərbaycanla İran arasında genişlənən əməkdaşlığa rəğmən, Tehran-İrəvan əlaqələri Azərbaycanı əvvəlki tək narahat edir: “Həsən Ruhaninin Ermənistana rəsmi səfəri gözlənilir. Orada onun keçirəcəyi görüşlər və imzalanacaq sazişlər sözsüz ki, Bakıda müzakirə predmeti olacaq. Ruhani İlham Əliyevlə görüşlərində Qarabağ münaqişəsindən danışarkən Azərbaycanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb. İran prezidentinin eyni sözləri İrəvanda təkrarlamasına ehtiyac var. Ancaq bu ifadənin əvəzinə ”biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq" sözləri işlənərsə bu rəsmi İrəvanın xeyrinə olacaq".
Politoloq hesab edir ki, bütün hallarda Azərbaycan cəmiyyətinin İrandan ən böyük gözləntisi odur ki, Tehran Ermənistan siyasətində Azərbaycanın maraqlarını ön planda tutsun. “İranla Azərbaycan arasında konkret layihələr var. İranla Ermənistan arasında isə konkret ortaq layihə azdır. Ermənistan kiçik dövlətdir, bazarı da kiçikdir, potensialı yoxdur. Yəni praqmatik baxımdan da İrana Azərbaycanla əməkdaşlığı genişləndirmək daha məqbuldur”.
***** 
Sadalananlar fonunda İran prezidentinin İrəvanda Serj Sərkisyanla görüşə can atmağa tələsməməsi haradasa anlaşılan görünür. Bu yerdə qeyd edək ki, dekabrın 13-də İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri gözlənilir. Böyük ehtimalla, bu səfər Tehranda müəyyən qıcıq yaradacaq. Ola bilsin, Ruhaninin Ermənistan ziyarətinin ləngiməsi həm də bununla bağlı olsun və ya Netanyahunun səfəri ilə eyni vaxta salınsın. Bir növ “balans” yaratmaq üçün...      

 






Fikirlər