Prezidentlərin üçlü BAKI zirvəsi - işğalçı ölkə təlaşda

 Prezidentlərin üçlü Bakı zirvəsi - işğalçı ölkə təlaşda

Ermənistan regionun autsayderinə çevrilir; Erməni XİN başçısının qəfil Tehran səfərinin sirri; Əliyev-Putin-Ruhani görüşünün Qarabağ məsələsində razılaşma ilə tarixə düşmə ehtimalı İrəvanı çevik addımlar atmağa sövq edir...

 

Xəbər verdiyimiz kimi,  Azərbaycan, Rusiya və İran prezidentlərinin bu ilin ikinci yarısında Bakıda üçtərəfli görüşünün olacağı barədə məlumatlar rəsmən təsdiqini tapıb. Üçtərəfli formatda və ən yüksək səviyyədə belə bir təmasın keçirilməsi, üstəlik, Bakıda keçirilməsi, sözsüz ki, mühüm əhəmiyyət daşıyır və Azərbaycanın bölgədəki artan nüfuzundan xəbər verir.
Məlumatlara görə, Bakı görüşündə ilk növbədə üçtərəfli iqtisadi əlaqələrin inkişafı, o sırada Şimal-Cənub dəhlizi (dəmir yolu) ilə bağlı layihənin reallaşmasının gedişi müzakirə olunacaq. Azərbaycanın Avropa, Rusiya və İran üçün iqtisadi-kommunikasiya əhəmiyyətini daha da gücləndirəcək bu layihə ilin sonunadək işə düşməlidir. 
Lakin şübhə yox ki, üç prezidentin görüşündə başqa ciddi regional, geosiyasi məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi diqqətdə olacaq. Bəzi siyasi müşahidəçilərə görə, Qarabağ düyününün açılması ilə bağlı prezidentlər İlham Əliyevlə Putin arasında Bakıda əhatəli müzakirələr olacaq və mümkündür ki, bu danışıqların gedişində həlledici qərarlar da verilsin, tarixi razılaşmalar əldə olunsun. 
 
*    *   *  
 
 
İstisna deyil ki, prezidentlərin Bakı zirvəsi həm də Qarabağ münaqişəsinin gərgin bir mərhələsinə, hətta hərbi əməliyyatların bərpa olunduğu dövrə təsadüf eləsin. İrəvanı ən çox narahat edən də odur ki, Bakı Qarabağla bağlı təbliğati müstəvidə də önə çıxa bilər. 
İş həm də ondadır ki, İran bölgədə Rusiyadan sonra Ermənistanın ikinci etibarlı tərəfdaşı sayılır. Amma son zamanlar İrəvanla Moskva arasında aprel olaylarına görə bir soyuqluq yaranıbsa, İran da beynəlxalq sanksiyalardan qurtulmasına rəğmən, Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə can atmır. Daha çox Azərbaycan və Türkiyə ilə əlaqələri inkişaf etdirməyə maraq göstərir. 
Bu ilin əvvəlində Gürcüstanın Ermənistan vasitəsilə İran təbii qazını almaq planlarının fiasko olması da bunu əyani nümayiş etdirdi. Səbəb bir yandan, işğalçı ölkənin Rusiyadan güclü siyasi-hərbi və iqtisadi-energetik asılılığıdırsa, o biri yandan şübhəsiz ki, Ermənistanın İran üçün sanballı iqtisadi dəyər daşımaması, o cümlədən tranzit ölkə kimi önəm kəsb etməməsi və zəngin təbii resurslardan məhrum olmasıdır. 
Bakıda prezidentlərin üçlü zirvəsinin keçiriləcəyi haqda xəbər təsdiqlənəndən sonra xarici işlər naziri Edvard Nalbəndyanın tələsik Tehrana səfər etməsi və orada prezident Həsən Ruhani ilə görüşməsini ilk növbədə bu kontekstdə, son baş verənlər fonunda izah eləmək lazım gəlir. 
Ehtimal ki, Nalbəndyan üçlü Bakı görüşü ilə bağlı, bütövlükdə Azərbaycan-Rusiya-İran üçtərəfli formatının son zamanlar güclənməsindən ölkəsinin narahatlıq keçirməsi kontekstində İrəvanın bəzi gözləntilərini rəsmi Tehrana çatdırıb. Eyni zamanda İran-Ermənistan münasibətlərinin mümkün inkişaf perspektivlərini müzakirə edib.
 
Səfərlə bağlı erməni mənbələrinin yaydığı xəbərlər qənaətimizə - düşmən ölkənin təlaş keçirdiyinə şübhə yeri qoymur. Məsələn, lragir.am saytı bununla bağlı  yazıb: “Görüşdə prezident Həsən Ruhani sanksiyalardan sonra iki ölkə arasında əməkdaşlığı genişləndirməyin vacibliyini bəyan edib. Faktiki, İran təsdiq edir ki, ikitərəfli əməkdaşlığın genişlənməsi üçün nə Ermənistan tərəfdən, nə də İran tərəfdən səylər yoxdur. Fevralda prezident Serj Sərkisyan bir sıra xarici siyasət məsləhətləşmələrinə başlamışdı və həmin çərçivədə ilk görüş İranla iqtisadi əlaqələr məsələsinə həsr olunmuşdu. Əgər üstündən bir neçə ay keçəndən sonra prezident Ruhani deyirsə ki, bu addımlar kifayət deyil, demək, Sərkisyanın təşəbbüsü kağız üzərində qalıb və ikitərəfli əlaqələrin məzmununa hər hansı əlavələr edilməyib - Azərbaycan-İran əlaqələrindən fərqli olaraq, hansı ki, üstəlik, İran-Azərbaycan-Rusiya maraqlı bir formatında təşəkkül tapmaqdadır”.
*    *   *
Qeyd edək ki, İran prezidenti ilə görüşdə Nalbəndyan aprel döyüşlərindən də danışıb. Necə deyərlər, incə şəkildə Azərbaycandan İrana şikayət edib. Ruhani isə ölkəsinin Dağlıq Qarabağ məsələsinin müstəsna olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib. “İran bütün problemlərin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin də beynəlxalq hüququn prinsipləri əsasında sülh yolu ilə nizamlanmasını dəstəkləyir”, - deyə Ruhani bildirib.
 
Eyni fikri xarici işlər naziri Məhəmməd Zərif erməni həmkarının diqqətinə çatdırıb. Bundan əlavə, Həsən Ruhaninin yaxın zamanlarda İrəvana səfər etmək istəyi bəlli olub. 
Yəqin ki, belə bir səfər reallaşacaq. İstisna deyil ki, Ruhani hətta Bakıdan İrəvana getsin. Yaxud ayrıca bir tarixdə Ermənistan səfərini reallaşdırsın. Ancaq indidən aydındır ki, bu səfər Bakı görüşü qədər önəm və diqqət kəsb eləməyəcək. Ola-olsa, güclənən İran-Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq formatı qarşısında işğalçı ölkənin təlaşını bir azca götürmək, gözdən pərdə asmaq niyyəti güdəcək. 
Sadə səbəbə, Azərbaycandan fərqli olaraq Ermənistan müstəqil dövlət statusunu itirib, regional məsələlərdə müstəqil söz sahibi deyil, Rusiyanın bir quberniyasıdır. Bunda isə İranın həqiqətən, heç bir günahı yoxdur.  
     






Fikirlər