İLHAM ƏLİYEVİN telefon danışıqlarının sirri - ÜÇLÜK alyansı

“İlham Əliyevin telefon danışıqlarının sirri - Üçlük alyansı

 AzerTaym.az virtualaz.org-a istinadən xəbər verir ki, İran prezidentinin administrasiyası Həsən Ruhaninin Azərbaycan prezidenti ilə telefon danışıqlarına dair yaydığı rəsmi məlumatda iki ölkə arasında bütün istiqamətlərdə strateji tərəfdaşlıq münasibətlərinin yaradılmasının qərara alındığını açıqlayıb.

Press TV telekanalının xəbərinə əsasən İlham Əliyevlə telefon danışıqları zamanı Həsən Ruhani Azərbaycan və İran “bütün sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün” addımlar atdığını qeyd edib. “İslam Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsini alqışlayır”-Ruhani deyib.

İran prezidentinin sözlərinə görə, Azərbaycan dövlət başçısının Tehrana etdiyi son səfər zamanı əldə edilmiş razılaşmaların yerinə yetirilməsi iki ölkə arasında ikitərəfli və regional əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcək. Ruhani həmçinin ifadə edib ki, bu razılaşmalar İran, Azərbaycan və Rusiya arasında xüsusən tranzit, energetika və ticarət sahəsində birgə əməkdaşlıq üçün zəmin yaradacaq.

Telefon söhbəti zamanı Azərbaycan prezidenti deyib ki, onun Tehrana səfəri zamanı əldə edilmiş razılaşmalar iki ölkə münasibətlərində yeni səhifə açmağa imkan verir. İlham Əliyev Azərbaycan, Rusiya və İranı birləşdirəcək Şimal-Cənub dəmir yolunun tikintisinin sürətləndirilməsinin vacibliyini bildirib.

Bu nəqliyyat dəhlizi ildə 7 milyon ton yük və 1.4 milyon sərnişin daşımağa imkan verəcək. Dəhlizin açılması üçün İran tərəfi Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisini başa çatdırmalıdır. Şimal-Cənub dəhlizi barədə razılaşma Azərbaycan. İran və Rusiya arasında hələ 2005-ci ildə əldə edilib. 2009-cu ildə üç ölkə layihəni həyata keçirmək üçün birgə müəssisə yaradıb.

Azərbaycan prezidenti ilə İran prezidenti arasında telefon danışıqlarının iki gün dalbadal baş tutmuş Əliyev-Putin telefon danışıqlarının ardınca həyata keçirilməsi təsadüfi deyil. İndi İran tərəfinin yaydığı rəsmi məlumatdan çıxış edərək belə qənaətə gəlmək mümkündür ki, İlham Əliyevin İrana səfəri ilə onun Rusiya prezidenti ilə telefon danışıqları arasında birbaşa əlaqə olub. Başqa sözlə, Azərbaycan prezidenti İranda əldə edilmiş razılaşmaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin sürətləndirilməsinə və çox güman ki, energetika sahəsində birgə əməkdaşlığa dair razılaşmaları Putinlə müzakirə edib. Çünki söhbət üç ölkənin ortaq maraqlarından gedir.

Xəbər verildiyi kimi səfər zamanı İran tərəfi Azərbaycan prezidentinə Xəzərdəki bəzi neft-qaz yataqlarının birgə istismarına dair əməkdaşlıq planı təqdim edib. Söhbət çox güman ki, mübahisəli və bir vaxtlar iki ölkə arasında ciddi gərginliyin yaranmasına səbəb olmuş yataqlardan gedir. Və Xəzərdəki belə yataqların birgə istismarına Rusiyanın da cəlb olunması istisna deyil.

Digər tərəfdən Rusiyanın “Qazprom” şirkəti İranla qaz svapına (mübadilə) dair təkliflər verib. “Qazprom” İrana ildə 10 milyard kubmetrə qədər qaz verməyə, əvəzində Fars körfəzində eyni həcmdə İran qazını qəbul edib bazara çıxarmağa hazırdır. İrana bu qaz nəqli üçün yetərli infrastruktura malik ölkə Azərbaycandır. Hərçənd ki, “Qazprom”un Ermənistan üzərindən də İrana qaz nəqli imkanlarını araşdırdığı açıqlanmışdı.

Belə qənaət yaranır ki, Azərbaycan prezidenti İranla əldə edilmiş razılaşmalara dair Putinlə dalbadal telefon danışıqları apardıqdan sonra yenidən İran prezidenti ilə əlaqə saxlamaq zərurəti yaranıb. Və belə görünür ki, bölgədə İran-Azərbaycan-Rusiya üçərəfli strateji tərəfdaşlığının təməli qoyulub.

Bu, ilk növbədə Ermənistanı ciddi narahat edəcək. Çünki Ermənistan İranla birbaşa dəmir yol əlaqəsinə nail olmağa çalışırdı. İrana qarşı sanksiyaların götürülməsindən sonra İrəvan Tehranla ikitərəfli əməkdaşlığı genişləndirməyə can ataraq bunu təcrid vəziyyətindən çıxmaq üçün şans hesab edirdi. Lakin Şimal-Cənub dəhlizi işə düşəndən sonra İran dəmiryollarını Ermənistanla birləşdirməyə heç bir ehtiyac qalmayacaq. Çünki İrandan yüklərin Rusiyaya və oradan Avropaya (və geriyə) daşınması üçün Şimal-Cənub dəhlizi iqtisadi baxımdan ən sərfəli nəqliyyat dəhlizidir.

Lakin İran-Azərbaycan-Rusiya üçtərəfli strateji tərəfdaşlığının təkcə iqtisadi-ticarət sahələrini əhatə etməyəcəyi, bu tərəfdaşlığın həm də geosiyasi mahiyyət kəsb etdiyi aydındır.

Bu arada İran tərəfi İlham Əliyevin Tehrana səfəri zamanı əldə edilmiş daha bir razılaşma barədə danışıb. İranın neft nazirinin müavini Rohnəddin Cavadi Press TV telekanlına bildirib ki, İran beş illik fasilədən sonra Azərbaycanla neft svapını bərpa edir. “Biz Xəzər limanlarından Azərbaycan neftini alacağıq və əvəzində Fars körfəzində Azərbaycandan olan tərəfdaşlarımızın adından ekvivalent həcmdə İran neftini bazara çıxaracağıq”-nazir müavini bildirib. Azərbaycan İranla neft svapına 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibə ərəfəsində BTC-nin Türkiyə hissəsinin partladılmasından sonra başlamışdı. Çünki əsas ixrac neft kəmərinin işi dayandığından bu, yeganə optimal ixrac marşrutuna çevrilmişdi. Lakin daha sonra bu neft barteri dayandı. Çünki Azərbaycanın hasil etdiyi neft BTC-nin və digər iki ixrac kəmərini tam doldurmaq üçün kifayət etmirdi.

İndi tərəflərin neft svapını hansı şərtlərlə bərpa edəcəyi açıqlanmır. Bununla belə Cavadi deyib ki, Azərbaycan İranın neft-qaz potensialından istifadə etməyə hazırdır. “İranın milli neft-qaz şirkəti NİOC Bakı ilə bu sferalarda əməkdaşlıq edəcək”-o deyib






Fikirlər