“İkitərəfli əlaqələrimizin çox gözəl gələcəyi var” deyən Azərbaycan prezidentinin İran səfəri çərçivəsində 11 mühüm saziş imzalandı
Azərbaycan prezidenti İlham Əliyev dünən İrana rəsmi səfərə gedib. Prezidenti hökumət üzvlərindən ibarət böyük nümayəndə heyəti müşayiət edir. AzərTAc-ın xüsusi müxbirinin Tehrandan verdiyi xəbərə görə, prezidenti və onu müşayiət edən nümayəndə heyətini Tehranın Mehrabad hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.
Azərbaycan prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və İranın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verdikdən sonra dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.
Sonra İranın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran prezidenti Həsən Ruhaniyə təqdim olunub.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra İlham Əliyevlə Həsən Ruhaninin təkbətək görüşü keçirilib.
Təkbətək görüş başa çatdıqdan sonra prezidentlərin geniş tərkibdə danışıqları olub. Sonra prezidentlərin iştirakı ilə iki ölkə arasında iqtisadi-ticari, energetik, humanitar- mədəni, tibb sahələrini əhatə edən 11 sənədin imzalanması mərasimi olub.
İmzalanma mərasimi başa çatdıqdan sonra Həsən Ruhani və İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.
APA-nın Tehran müxbirinin verdiyi xəbərdə deyilir ki, İlham Əliyev bildirib ki, Azərbaycan həmişə İrana qarşı qoyulmuş sanksiyaların əleyhinə olub. Ölkə başçısı sanksiyaların ləğvi münasibətilə İran xalqını təbrik edib: “Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və həmişə öz sözünü bütün yüksək səviyyədə ifadə edib. Cənab prezident Həsən Ruhani, siz müzakirə etdiyimiz bütün məsələləri çox geniş mətbuat nümayəndələrinə çatdırdınız. Doğrudan da bu gün bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı və fikir birliyi ifadə olundu. Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bu möhkəm təməl üzərində münasibətlərimiz qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daima dəstəkləyirik.
Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri var. Bu gün həm beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzalkirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik".
Prezident ardınca deyib ki, İran-Azərbaycan əlaqələrinin tarixi kökləri var, bizim xalqlarımız əsrlərdir birlikdə yaşayır: “Əlaqələrimizin çox gözəl gələcəyi var. Biz beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq üçün birgə fəaliyyəti genişləndirmək barədə razılaşma əldə etmişik. Ötən gün ABŞ və Rusiyanın Suriyada atəşkəs barədə razılıq əldə etməsi barədə məlumat yayıldı. Belə bir hadisənin baş verməsindən çox şadıq. İnanırıq ki, bu hadisə Suriyada atəşkəsə, daha sonra isə sülhə gətirəcək. Suriya xalqı gələcək taleyini özü müəyyənləşdirməlidir. Ölkələr bir-birilərinin daxili işlərinə müdaxilə etməməli və hörmətlə yanaşmalıdır. Əgər ölkələr bu istiqamətdə irəliləsələr və daxili işlərə müdaxilə olmasa, regionda müharibə bitər və sülh gələr”.
İki ölkə arasında bir sıra sənədlərin imzalandığını söyləyən dövlət başçısının fikrincə, bu, onu göstərir ki, ölkələr arasında əlaqələr bundan sonra da inkişaf edəcək: “Cənub-Şərq dəhlizinin açılması ilə bağlı atılan bugünkü addım çox effektlidir. Bu ilin sonunadək Azərbaycan üzərinə düşən vəzifələri icra edəcək, öz dəmir yolumuzu İran xəttinə birləşdirəcəyik”.
Prezident Xəzər dənizinin resurslarının ümumi istifadəsi ilə bağlı da faydalı danışıqların aparıldığını vurğulayıb: “Xəzər dənizi bizim ümumi sərvətimizdir və o, bizim üçün təhlükəsizlik, sülh və sabitlik mənbəyidir. Azərbaycan enerji sahəsində yaxşı işlər görüb. Bizi parlaq gələcək gözləyir. Bu sahədəki əməkdaşlıq yalnız İran və Azərbaycanın əməkdaşlığı ilə məhdudlaşmır, qonşu ölkələr də bu layihəyə qoşula bilərlər, belə olduğu halda, bu, regional və transmilli layihəyə çeviriləcək”.
Prezident onu da deyib ki, qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var: “Hər iki ölkədə hazırda ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır, belə olduğu halda qarşılıqlı sərmayə, maliyyə, bank, sığorta, turizm və əczaçılıq sektorlarında da əməkdaşlıq üçün gözəl imkanlar var. Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Nə qədər bizim birliyimiz güclü olsa, təhlükəsizlik bir o qədər yüksək səviyyədə qorunacaq”.
“Biz regional problemlərin hərbi yolla deyil, siyasi yollarla həllinə inanırıq. Regionda sülh, stabillik və təhlükəsizliyin olmasını istəyirik. Biz gücümüzü birləşdirdikcə bir sıra regional problemlərlə daha yaxşı mübarizə apara bilərik”. Bunu isə birgə mətbuat konfransında Həsən Ruhani bildirib. O, azərbaycanlı həmkarı ilə son 2 il yarımda 5-ci dəfə görüşdüyünü xatırladaraq deyib: “Hər görüşdə iki dost, qardaş və qonşu ölkə arasında ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan irəliləyişlər müzakirə olunur”.
H.Ruhani qeyd edib ki, Azərbaycan prezidenti ilə görüş zamanı vacib siyasi məsələlər, habelə iqtisadi və mədəni sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib: “Cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizi ilə bağlı ilin sonunadək vacib irəliləyişin şahidi olacağıq”.
İran prezidenti görüşdə həmçinin energetika, neft-qaz, Xəzərin ehtiyatlarının bölünməsi və birgə istifadəsi barədə konstruktiv danışıqların aparıldığını bildirib. Görüşdə İslam dini ilə bağlı məsələlər və Suriya böhranı da müzakirə edilib.
Qeyd edək ki, prezident İlham Əliyev İrana həmkarı Həsən Ruhaninin dəvəti ilə səfər edib.