Politoloq: “Azərbaycanın İranın hansısa geosiyasi təşəbbüslərində yer alması, bu məsələlərdə ona dəstək verməsi gündəlikdə deyil”
“İran vətəndaşları üçün vizasız rejimin tətbiqi də nəzərdən keçirilməlidir”.
Bu sözləri Azərbaycan-İran strateji geosiyasi əməkdaşlıq imkanlarına münasibət bildirən politoloq Şahin Cəfərli qeyd edib.
Qeyd edək ki, İranın üzərindən sanksiyalar qalxdıqdan sonra bölgədə yeni geosiyasi situasiya yaranmaqdadır. Xüsusilə, enerji və tranzit sahəsində İran yeni faktor olaraq meydana çıxır. Bu durumda Azərbaycanın İranla strateji geosiyasi əməkdaşlığı nə qədər mümkündür? Və bu əməkdaşlıq Azərbaycanın Türkiyə və Rusiya ilə geosiyasi əməkdaşlığına necə təsir edə bilər?
Bu sualla PİA.AZ-ın əməkdaşı politoloq Şahin Cəfərliyə müraciət edib.
Şahin Cəfərli: “Rəsmi Bakı geosiyasi kontekstdə Türkiyəni, yaxud Rusiyanı qıcıqlandıracaq hansısa siyasət yürütməyəcək”.
Siyasi baxımından hazırki vəziyyətin həm Azərbaycanı, həm də İranı qane etdiyini bildirən politoloqun fikrincə, Azərbaycanın İranla geosiyasi əməkdaşlığı üçün müəyyən addımlar atması lazımdır:
“Əvvəla, qeyd etmək lazımdır ki, sanksiyalar dövründə Azərbaycanla İran arasında siyasi və iqtisadi əməkdaşlığa elə bir ciddi maneə olmayıb. Münasibətlər ötən dövrdə inkişaf edib. Sanksiyaların ləğvindən sonra isə xüsusən iqtisadi əməkdaşlığın inkişafı üçün yeni perspektivlər açılıb. İran hazırda dünyada çox ciddi investisiya imkanlarının olduğu əsas bazara çevrilib və qlobal biznesin nəzərləri bu ölkəyə yönəlib.
Tehran sanksiya dövründə inkişafdan qalan sektorların inkişafı üçün ciddi yatırımlar planlaşdırır. Xüsusən nəqliyyat, infrastruktur, enerji, neft-kimya sahələrində böyük layihələr həyata keçiriləcək. Təkcə nəqliyyat infrastrukturu sahəsində qarşıdakı 3 il ərzində ümumi dəyəri 26 milyard dollar təşkil edəcək 100-dən çox layihənin həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycan da bu nəhəng bazardan pay almağa çalışmalıdır. Qeyd olunan sahələrdə Azərbaycanın da müəyyən təcrübəsi var. Azərbaycan şirkətləri yol-körpü və yaşayış binalarının tikintisində, digər infrastruktur layihələrinin reallaşdırılmasında öz xidmətlərini təklif edə bilər. Enerji, neft-kimya sahələrində işbirliyi mümkündür. Yəqin ki, bu məsələlər Azərbaycan prezidentinin İrana qarşıdakı rəsmi səfəri zamanı müzakirə olunacaq və yəqin ki, müəyyən razılaşmalar da imzalanacaq.
Turizm sahəsi də mühüm əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycan qonşu ölkədə reklam kampaniyaları təşkil edərək ciddi miqdarda turist cəlb edə bilər. Hesab edirəm ki, bunun üçün İran vətəndaşları üçün vizasız rejimin tətbiqi də nəzərdən keçirilməlidir. Azərbaycanın turizm obyektlərində qiymətlərin optimallaşdırılması və iranlılar üçün cəlbedici hala gətirilməsi də zəruridir.
Siyasi əməkdaşlığın inkişafına gədikdə isə, düşünürəm ki, hazırkı səviyyə tərəfləri qane edir. Azərbaycanın İranın hansısa geosiyasi təşəbbüslərində yer alması, bu məsələlərdə ona dəstək verməsi gündəlikdə deyil. Rəsmi Bakı Yaxın Şərqdə getdikcə şiddətlənən mübarizədə tərəf tutmaq, iştirak etmək niyyətində deyil. Bildiyimə görə, bizim qarşımızda belə bir tələb qoyan da yoxdur. Düzdür, bir müddət əvvəl Azərbaycanın Səudiyyə Ərəbistanının liderliyi ilə yaradılmaqda olan “İslam koalisiyası”na qoşulması məsələsi gündəmə gəlmişdi. Lakin Azərbaycan belə bir addım atmağı planlaşdırmır. Heç həmin koalisiyanın da Azərbaycana ehtiyacı yoxdur. Bu baxımdan, hesab edirəm ki, rəsmi Bakı geosiyasi kontekstdə Türkiyəni, yaxud Rusiyanı qıcıqlandıracaq hansısa siyasət yürütməyəcək və neytral qalmağa üstünlük verəcək”.