“Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

“Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

Komitə sədri Əli Həsənov dövlət məmuru olaraq dövlət vəsaitlərindən səmərəli istifadə olunmasında bilavasitə maraqlı olmalıdır, amma..

 

Milli Məclisdə 3 gün davam edən büdcə müzakirələri kifayət qədər şişmiş bir problemi - qaçqın və məcburi köçkünlərin sosial imtiyazlarından sui-istifadə hallarını gündəmə gətirdi. Neft gəlirlərinin güclü axını şəraitində diqqəti cəlb etməyən, bəlkə də büdcəyə o qədər də yük olmayan bu məsələ neft gəlirləri  kəskin azalandan və  “kəmərlər”in  sıxılmasından sonra aktuallaşıb. 
Halbuki Hesablama Palatasının açıqladığı audit nəticələri ilə ciddi müzakirələrə yol açan “qaçqın güzəştləri”nin ən azı optimallaşdırılmasının zamanı çoxdan yetişmişdi. Nədir bu “qaçqın güzəştləri”:   ayda adambaşına 150 kvt elektrik enerjisi, 35 kub qaz, 5 kub suyu pulsuz, yəni dövlət hesabına əldə etmək, ərzaq təminatı üçün vəsait almaq, zibil pulu, hətta evində telefonu olanlar üçün aylıq abunə haqqını ödəməmək.  Bundan əlavə, dövlət ali təhsil müəssisələrinin ödənişli bölməsinə daxil olan qaçqın övladları təhsil haqqını ödəməkdən azaddırlar və sair.
Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Əli Həsənovun dediyinə görə, hazırda bu güzəştlərdən yararlanan qaçqınların sayı 1,2 milyon nəfərə çatıb. Bu isə yalnız elektrik enerjisinə görə ayda 12,6 milyon manat (Kvt-ı 7 qəpikdən olmaqla), ildə isə 151,2 milyon manat deməkdir. Qaz güzəşti üzrə isə ayda 4,2 milyon manat (qazın indiki - artmayan qiyməti ilə), ildə isə 50,4 milyon manat büdcə xərci alınır. Yenə də Əli müəllimin məlumatına görə, ötən illər ərzində qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılmasına bütün mənbələr üzrə nə az, nə çox - 6,1 milyard manat xərclənib.
Image result for Əli Həsənov
Zamanında xüsusilə qaçqın qəsəbələrinin salınması prosesindəki qanunsuzluqlardan, mənimsəmə faktlarından yazan jurnalistləri qaçqınların bir addımlığına buraxmamaq üçün bütün vasitələrdən istifadə edən “Qaçqınkom” sədri bu dəfə sıravi jurnalist deyil, Hesablama Palatası ilə üz-üzədir. 
Və aparılan auditin nəticələrini şübhə altına almağa cəsarət etməsə də, qaçqınların sosial güzəştləri adı altında büdcədən çırpışdırılan pulların(hələlik, söhbət qaz-işıq puluna görə oğurlanan bir neçə yüz min manatdan gedir) hesabının sorulmasını əngəlləmək üçün açıq şəkildə təhdidə keçir: “Kiminsə hansı bir idarə, komitə və ya nazirə sözü varsa, öz sözün desin. Hesablama Palatasını burda qeyd etmək lazım deyil.  Hesablama Palatası şəffaf qurumdur və şəffaf da işləyir. Hesablama Palatasının rəyində yeyinti anlayışı yoxdur. Yeyinti, filan başqa şeydir.  O aktda yazılıb ki, qaçqın və məcburi köçkünlərin yemək xərci siyahısı ilə elektrik, su və qaz təchizatı sayında fərq var.” 
Əli Həsənov həmçinin qeyd edib ki, “son zamanlar  qaçqın və məcburi köçkünlərə qarşı  hücumlar artıb”: “Ölkə başçısı isə bu təbəqəyə qarşı çox həssaslıqla yanaşır”. Qaçqınların statusunun və güzəştlərin ləğvi ilə bağlı fikirlərə toxunan Ə. Həsənov deyib ki, bu Azərbaycanın daxili işidir və kimsə buna müdaxilə edə bilməz: “ Azərbaycan əhalisinin hansı təbəqəsinə güzəşt verir, hansı hissəsinə yox, bunu dövlət bilər. Bu açıqlamalar qaçqın və məcburi köçkünlərdə narazılıq yaradıb. Onları niyə görə incitməliyik?”(APA).
Göründüyü kimi, “Qaçqınkom” sədri güzəştlərin hətta çatdırılma mexanizminin dəyişməsi təkliflərindən belə ciddi şəkildə narahat olub. Öz narahatlığını isə qaçqınların adına bağlayıb, qaçqın və məcburi köçkünlərə qarşı hansısa hücumların olması, onların isə bundan narazı qalmaları şəklində təqdim edir. Bu açıqlamalardan sonra haradasa qaçqın etirazlarının təşkil olunacağını da gözləmək mümkündür.
Image result for Milli Məclis
Yuxarıda qeyd etdiyimiz  kimi, qaçqın və məcburi köçkünlərin xüsusilə enerji və qaza görə ödənişlərinin büdcə hesabına aparılması mexanizminin dəyişməsi çoxdan zərurətə çevrilib. Rayonlarda mənzillə təmin olunan, Bakı və ətraf qəsəbələrdə özlərinə güzəran qurub, mənzil alan - ev tikən qaçqınlar üçün bu güzəştlər ümumiyyətlə, ləğv olunmalıdır. Belələrinin sayı isə yüz minlərlədir. Qaçqınlar var ki, Bakı və ətraf qəsəbələrdə bir neçə evə sahibdir, onları kirayə verir və heç birinə görə qaz-işıq pulu ödəmir. Yaxud burada evi-eşiyi olub, qaçqın qəsəbəsində və ya Bakıdakı yataqxanalarda da qeydiyyatda olanlar var. Hesablama Palatasının bir qaçqının bir neçə yerdə qeydiyyatda olmasına dair aşkarladığı faktlar məhz belə hallarla bağlıdır. 
Bəs bu kimi hallardan “Qaçqınkom”un xəbəri yoxdurmu? Əlbəttə ki, var. Bu qurumun yerlərdəki nümayəndələri hər qaçqın barədə ətraflı məlumata sahibdirlər və bir qaçqının tutalım ki, enerji güzəşti üzrə 500-600 manat limitinin yığıldığını bilməmiş deyillər. Və bilə-bilə də yenidən onun kartına vəsait yükləyirlər. Halbuki 150 KVt elektrik enerjisinin pulsuz olması heç də həmin enerjinin pulunun istifadə vəziyyətinə baxmadan mütləq olaraq ödənilməsi demək deyil. Sözsüz ki, bu illər ərzində yalnız sərf olunan qaz-enerjinin pulunun ödənməsi üçün mexanizmin yaradılmamasında həm elektrik və qaz təchizatçıları, həm də və daha çox “Qaçqınkom” məsuliyyət daşıyır.
Image result for Qaçqınların
Gələn ildən büdcə xərclərini azaltmaq üçün qaçqınlara verilən qaz-enerji güzəştlərinin birbaşa onların özünə çatdırılması - “Qaçqınkom”un araçılığı olmadan əldə edilməsi təklif olunur.
“Qaçqınkom” sədrini qeyzləndirən bu təklif əslində qaçqın güzəştləri ilə bağlı sui-istifadə hallarının tam aradan qaldırılması üçün yetərli deyil. Yuxarıda da qeyd etdiyim kimi, bir kateqoriya qaçqınların bütün sosial güzəştlərinin ləğv olunması, əsl ehtiyacı olanlar üçün effektiv mexanizmin yaradılması və lazım gələrsə, onlar üçün güzəştlərdə artımların aparılması gərəkdir.
Image result for Milyon manatlarla
Eyni zamanda, büdcə xərclərini azaltmaq üçün “Qaçqınkom”un strukturunda ixtisarların edilməsi, bir çox rayonlardakı nümayəndəliyin ləğv olunması məqsədəmüvafiq olardı.
Beynəlxalq miqyasda işğal faktorunu diqqətdə saxlamaq üçün “Qaçqınkom”un statusunun saxlanması normaldır. Lakin qaçqın statusunda, xüsusilə sosial güzəştlərin tətbiqi ilə bağlı dəyişikliklərin edilməsi zərurətə çevrilib.
Sonda bir məsələni də qeyd edək ki, hörmətli Əli müəllim ilk növbədə dövlətin yüksək vəzifəli məmuru olaraq büdcə xərclərinin optimallaşdırılmasında, dövlət vəsaitlərindən səmərəli istifadə olunmasında bilavasitə maraqlı olmalı, bu istiqamətdə atılan addımların effektivliyini təmin etmək üçün çalışmalıdır, nəinki təklifləri qılıncla qarşılamalıdır. Əks halda, ortaya “maraq nədir” sualı çıxır...

 






Fikirlər