"Neft iyini hələ neft çıxmazdan əvvəl duyan Tillerson nə vaxtsa Bakıya gələcəksə..."

Image result for ilham ismayıl 

Yeni seçilmiş ABŞ prezidenti Trampın dövlət katibi vəzifəsinə Reks Tillersonu təyin etdiyi məlum olanda, az qala bütün dünya mediasının reaksiyası bu oldu ki, Amerikanın yeni xarici siyasət rəhbəri Putinin dostudur, onun yaxasında Rusiya ordeni var.

Bəzi rus və xarici siyasi analitiklər isə bu təyinatı Trampın seçkisindən sonra Putinin növbəti qələbəsi hesab etdi. Trampın seçiminə Kreml  sıcaq yanaşsa da, perspektivdə Moskvaya münasibətin necə olacağı barədə birmənalı nəticələrə gəlməyə tələsmirlər. 

Yeni dövlət katibi biznesdən diplomatiyanın başına keçənə kimi  diplomatiyadan nə dərəcə xəbərdardır? Tillersonun klassik anlamda diplomatik təcrübəsi olmasa da Exxon Mobil kimi dünya nəhəngi bir kompaniyanın başında olmaq, hərtərəfli təcrübə sayılır. Exxon Mobil mahiyyətinə görə “dövlət içində dövlət”sayılan, özünün xarici siyasəti olan, Rokfeller imperiyasının birbaşa varisidir. Təsadüfi deyil ki, 2015-ci ildə "Forbes" jurnalı dünya siyasətinə təsir edən nüfuzlu adamların siyahısında Tillersona 25-ci yeri vermişdi.
Tillersonun zamanında kompaniyaya Ağ Evin analitikləri işə qəbul olunub, onların məsləhətlərindən yararlanıblar. Tillerson üçün diktatorlarla iş görmək, kontraktlar bağlamaq daha uğurlu alınıb. Ekvatorial Qvineya, Çad, Rusiya ilə az investisiya yatırmaqla böyük gəlirlər nəzərdə tutan kontraktlar imzalanıb.
Exxon Mobil Rusiya ilə çoxdan işləyir, Tillerson isə Putinlə hələ Yeltsin dövründən tanışdır və 2013-cü ildə Qara və Karsk dənizlərində, Qərbi Sibirdə, Arktik şelfdə birgə neft yataqlarını işləməyə görə Dostluq Ordeni ilə təltif olunub. Amma, ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edəndə dövlətin marağı nəzərə alınıb, müqavilələr ləğv edilib, baxmayaraq ki, kompaniya 650 milyon dollar itirdi.
Ona görə də, "The New York Times"  yazır ki, Tillerson sanksiyanı Exxon Mobilə görə ləğv etməyəcək ki? Böyük siyasətin şərtləri daha ağır gəldiyindən ləğv edilməyəcəyini demək olar. Tillersonun namizədliyini Respublikaçılar Partiyasının nüfuzlu üzvləri Kondaliza Rays, Ceyms Beyker, keçmiş müdafiə naziri Robert Qeyts dəstəkləyiblər.
Tillersonun  neft ölkəsi Azərbaycana münasibəti necə olacaq? ABŞ-ın Respublikaçılar Partiyasından olan rəhbərlərinin Azərbaycanla əlaqələri əsasən işgüzar xarakter daşıyıb. Trampın –“ Amerika sərhədlərindən kənarda demokratiya naminə hər hansı bir hərəkata dəstək vermək niyyətində olmayacağıq” bəyanatını da nəzərə alsaq iqtidarın Obamanın prezidentliyi dövründən fərqli olaraq  yeni ABŞ administrasiyası ilə gərginlik yaşaması gözlənilən deyil.  Qarabağ münaqişəsinin nizamlanmasında da xüsusi bir yeniliyin olmayacağı, proseslərin Minsk qrupunun fəaliyəti çərçivəsində müzakirə olnacağı kimi  “növbətçi” bəyanatların veriləcəyi  real görsənir.     
Suriya, Ukrayna, Türkiyədəki mövcud vəziyyət ABŞ üçün daha prioritetdir, nəinki Rusiyanın təsir dairəsində olan Azərbaycan, ya Qarabağ konflikti. Ermənistanın Tramp administrasiyasından alacağı maddi və mənəvi dəstəyin artacağı gözlənilir.Bu həm Ermənistandakı ABŞ səfirliyinin son bir ildə daha da fəallaşmasının nəticəsi , həm də Rusiyada iqtisadi böhran dərinləşdikcə Ermənistan siyasi dairələrində Qərbə üz tutmağın tərəfdarlarının  sürətlə artması kimi dəyərləndirilməlidir. 
Perspektivdə Tillerson Bakıya səfər etsə vaxtilə Bakıda olmuş Hillari Klinton kimi ölkənin hüquq-müdafiəçiləri və ya fəal gəncləri ilə deyil, neft kompaniyalarının nümayəndələri, o cümlədən Rövnəq Abdullayevlə görüşəcəyi ehtimalı daha real görsənir. Neft iyini hələ neft çıxmazdan əvvəl duyan, hiss edən Tillersonun Bakıya nə vaxtsa səfəri gözlənəcəksə, bu Qarabağla bağlı olmayacaq. Olsa da, xeyrimizə həll olunacağına hələ ki, heç bir işartı görsənmir və burda ən günahı olmayan da, elə Tillersonun özüdür. Qarabağ bizim işimizdir, millətin işidir, dövlətin işidir. Tillersonun- yəni Amerikanın bizim tərəfimizdə olması bizdən, apardığımız siyasətdən asılıdır. Ermənistan rəhbərliyinin apreldən sonra Azərbaycana qarşı hədsiz saymazyana bəyanatları,  Sarkisyanın bu günlərdə Talış kəndinə qədər gəlməsi yenidən meydan oxumaqdır. Necə sinirmək olar bunu?! Ermənistan haqqında az qala hər gün “ölkə dağılır” təbliğatının elə təbliğatdan başqa heç nə olmadığını bilə-bilə özümüzü niyə aldadırıq? Ermənistanda bir nəfər qalsa belə biz gücümüzü göstərib torpağımızı almasaq, o tək qalan erməni tək olduğunu bilsə də Qarabağı öz xoşuna qaytarmayacaq. Bizim  generallar sabah Xankəndində bayraq assalar Tillerson nə deyəcək ki?  Uzaqbaşı deyəcək ki, gərək bu işi sülh yolu ilə həll edəydiniz. (Burda bir az siyasətdən uzaqlaşıb solaxay düşündüyümün fərqindəyəm, amma onun da fərqindəyəm ki, Qarabağ naminə hərdən belə düşünmək, solaxay “çest” verən generalların hərəkətindən yaxşıdır və solaxay generallardan da Qarabağı ummaq da mümkün deyil.)
Bu günlərdə Amerikada olan İsrail müdafiə naziri Liberman İsrail ordusunun dünyanı diz çökdürəcək silahından danışdı. Liberman dedi ki, "İsrail ordusunun ən güclü silahı xalqımızın ruhudur, bu ruhla biz istənilən düşmənə qalib gəlməyə hazırıq". İndi, Rusiya ordenli ABŞ dövlət katibindən çox bizim ümidimiz özümüzük. Bəs ruhumuz necə? Qalib gələ biləcək ruhumuz bizim silahımız olacaqmı? Ümumiyyətlə, bizim ruhumuz varmı?






Fikirlər