Trampın qələbəsi, erməni lobbisinin məğlubiyyətidir – işğalçı üçün şok gəlişmə!

Düşmən tərəf yeni və qəliz “tənlik” qarşısında; II dünya müharibəsindən sonra ilk dəfə “erməni faktoru”ndan uzaq şəxs ABŞ prezidenti seçilib; rusiyalı analitik: “Yeni prezident ermənilər üçün heç nə etməyəcək, çünki milyarderə onların pulu lazım deyil, ABŞ diasporunun Qarabağla bağlı mövqeyi də ciddiyə alınmayacaq...” 

ABŞ-ın yeni prezidenti qismində Donald Trampın prezident seçilməsi dünyada, xüsusən də Qərbdə siyasi zəlzələ effekti yaratdı, şok effekti doğurdu. Lakin bu şok daimi ola bilməz, istər-istəməz reallıqla barışmaq hissi gec-tez emosiyalara üstün gəlməlidir və yəqin ki, gələcək də.
Təbii ki, Azərbaycan da istisna deyil. Bizim Amerikanın yeni prezidentindən əsas gözləntimiz ilk növbədə milli təhlükəsizliyimiz, ərazi bütövlüyümüz və işğalla - Dağlıq Qarabağla bağlı ola bilər. Azərbaycan üçün əlbəttə ki, ABŞ-ın o prezidenti ən sərfəlidir ki, Amerikanın erməni lobbisinin təsirindən və “genosid” uydurmasından uzaq olsun, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin başçısı kimi Qarabağ probleminin ədalətli həllinə yardımçı olsun - hansı məramı ki, Azərbaycan prezidenti İlham Əliyev Trampa təbrik məktubunda gizlətməyib də. Bəs proqnozlar nə deyir?
***
Tanınmış rusiyalı tarixçi analitik Oleq Kuznetsova görə, Tramp özünü uğurlu biznesmen etdiyi kimi, prezident postunda da sırf öz maraqlarından çıxış edəcək. Bu barədə o, rusdilli vesti.az saytına müsahibəsində bildirib.
“Son prezident seçkilərində əsas namizədlərdən biri keçmiş dövlət katibi Hillari Klinton idi. Belə siyasətçilər isə öz əlində maksimum resurslar toplamaq üçün məcbur idilər oliqarxlarla, korporasiyalar və diasporlarla danışıqlara və kompromislərə getsin, hakimiyyətdə olanda isə öz sponsorlarının maraqlarını ya nəzərə alsınlar, ya da həmin maraqların lobbiçiliyini etsinlər. ABŞ-dakı erməni lobbisinin hakimiyyətə təsiri məhz bununla müəyyən edilirdi. Ermənilər seçki fondlarına pul ödəyir, sonra isə özləri üçün imtiyazlar tələb edirdilər” - analitik qeyd edib.
Lakin onun sözlərinə görə, Donald Trampın seçilməsi ilə situasiya kardinal şəkildə dəyişib: “Çünki Trampın özü milyarder, oliqarxdır. O, öz seçki kampaniyasını kənar ianə və sərmayə cəlb etmədən, özü maliyyələşdirib. Ona görə də heç kimə heç nə borclu deyil. Demək, kimsənin fikrinə də qulaq asmağa borclu deyil. Bu mənada o, 2-ci Dünya müharibəsindən sonra ABŞ-ın ilk prezidentidir ki, bu ölkədəki diaspora ona əsla heç bir təsirə malik deyil. Bu da öz növbəsində şəksiz ki, Amerikadakı erməni lobbisinin ciddi məğlubiyyətidir. Ona görə də əminliklə demək olar ki, yaxın dörd ildə ABŞ-ın xarici siyasətinə Amerika erməni lobbisinin təsiri sıfır olacaq. Çünki Tramp administrasiyasının onların qarşısında hər hansı korporativ öhdəliyi yoxdur. Bu mənada Trampın qələbəsi - ABŞ-dakı erməni lobbisinin məğlubiyyətidir”.
Analitikin qənaətincə, eyni səbəbdən yeni prezident “soyqırım” sözü də işlətməyəcək: “Tramp yalnız özünün dünya görüşünə uyğun siyasət aparacaq. Hər halda, onun indiyədək olan bütün hərəkətləri bunu deyir. Əgər o, bu və ya başqa subyektiv səbəbdən ”genosid" demək istəsəydi, bunu çoxdan edərdi. “Genosid” haqda bütün söhbətlər - əlbəttə ki, mifdir, arxasında erməni diasporu isteblişmentinin maliyyə qaynağı dayanan aldadıcı ideyadır. Ancaq Trampa ermənilərin pulu lazım deyil. O üzdən də vəd edilən bir neçə milyon dolların qarşılığında o, heç nə edəsi olmayacaq".
Bəs Qarabağ problemi ilə bağlı yeni administrasiyanın mövqeyi necə olacaq?
Oleq Kuznetsov: “Mən dəfələrlə bu haqda danışmışam və bir daha təkrar edim: Donald Tramp - başdan-ayağa əsl amerikalıdır, ”yanki"dir və o, öz ölkəsi və xalqına sədaqətlə və şərəflə xidmət edəcək. O üzdən də o, xarici siyasətdə ABŞ-ın bütün dünyada total dominant olmaq konsepsiyasının tərəfdarı olacaq. Bu baxımdan, Yer kürəsinin istənilən nöqtəsində istənilən konflikt ondan ötrü aktual olacaq. Məsələ başqa şeydədir: Tramp bu konfliktlərə necə yanaşacaq - onları qızışdıracaq, yoxsa həll edəcək. Bizə hələlik Tramp və ətrafının xarici siyasət strategiyası məlum deyil. İnauqurasiyaya kimi də çətin ki, bunu bilək. Yalnız bir şey aydındır: Donald Trampı erməni diasporu ilə hər hansı korporativ öhdəlik bağlamır. Odur ki, lobbinin fikri ABŞ-ın Dağlıq Qarabağ nizamlanması ilə bağlı mövqeyində nəzərə alınmayacaq".
***
Rusiyalı analitikin yuxarıdakı fikir və proqnozlarını ABŞ-dakı erməni lobbisi yetkililərinin ilkin açıqlamaları da təsdiqləyir. Məsələn, Amerika Erməni Assambleyasının regional ofisinin direktoru Arpi Vardanyan 1 in.am-ın əməkdaşı ilə söhbətində bu xüsusda öz narahatlığını gizlətməyib. Onun sözlərinə görə, erməni məsələləri ilə məşğul olan qurum istənilən halda öz fəaliyyətini davam etdirəcək.
“Biz prezident Trampla işləməkdə davam etməliyik. Prezident Obama və ondan əvvəlkilərlə gördüyümüz işlərə davam etməliyik: görüşlər olacaq, Ermənistanla, Artsaxla (Qarabağla -red.) Suriya erməniləri ilə bağlı informasiyaların təqdimatı olacaq ki, məlumatlı olsunlar. Ola bilsin, yeni prezidentlə əməkdaşlığın yeni üsullarını axtarıb tapmaq lazım olacaq, çünki Tramp - siyasət adamı deyil”.
Yada salaq ki, D.Tramp seçki təbliğatı kampaniyası zamanı Ermənistan mövzusuna, ümumiyyətlə, toxunmayıb. İronik şəkildə onu da deyirlər ki, Tramp heç Ermənistanın harda yerləşdiyini belə bilmir. Bununla bağlı Vardanyanın cavabı maraqlı olduğu qədər də bədbin olub: “Heç kim deyə bilməz ki, Tramp Ermənistanın harda yerləşdiyini bilir, ya yox. Onun seçki kampaniyasını izləyənlərin hamısı gördü ki, əsasən Amerika xalqına aid problemlər müzakirə olundu. Prezident seçiləndən sonra isə o, təkcə ermənilər yox, hamı haqda informasiya alacaq. Amma mən əminəm ki, o, ermənilər haqda bilməmiş deyil. Ermənistanın harda yerləşdiyini bilməsə, biz ona xəritə verərik”.
***
Ancaq bir var, yeni prezidentə Ermənistanın harda yerləşdiyini göstərən xəritə verəsən, bir də həmin prezidenti ermənilər qarşısında gözükölgəli edəcək - dollarlar. Fərq bundadır. Hələ onu demirik ki, xəritəni Trampa çatdıracaq kimsə tapılacaqmı, ən önəmlisi, Tramp bu xəritəyə etina edəcəkmi?(musavat.com)






Fikirlər