TRAMPın Azərbaycana münasibətində ANAR MƏMMƏDOV amili varmı?

Bir çoxları inanır ki, Anar Məmmədovla Donald Trampın illərə dayanan biznes tərəfdaşlığı və şəxsi dostluğu gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək 
ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri bu gün bəlli oldu.
Nəticələrə görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp proqnozların əksinə olaraq öz demokrat rəqibi Hillari Klintona qələbə çalaraq ABŞ-ın yeni, 45-ci prezidenti seçilib.
Trampın ABŞ prezidenti seçilməsi bütün dünyada olduğu kimi Azərbaycanda da gözlənilməz siyasi hadisə kimi qəbul olundu. Özünün çılğın, enerjili, sərt və qəti hərəkətləri, çıxışları ilə publikanın rəğbətini qazanmış bu şəxs ilk görüşdən belə görünsə də, verdiyi ilk açıqlamasında dünyada sülhün və əmin-amanlığın, yoxsulluqla mübarizənin vacibliyindən danışaraq özü haqda yaranmış stereotipi alt-üst etdi.
Azərbaycan mediasında, o cümlədən internetin azərbaycandilli seqmentində Trampın Azərbaycanla və azərbaycanlılarla əlaqələri haqda informasiyalar çıxdı və hər kəs yeni ABŞ prezidenti ilə Azərbaycanın hər-hansı əlaqəsini axtarmağa başladı. Seçkilərdən əvvəl Tramp haqqında "erməni diasporunun dostu" fikirlərini səsləndirən media orqanları belə artıq ABŞ kimi supergücün başında duran, dünya siyasətinin yönümünü müəyyən edən bu şəxsin Azərbaycana bağlılığından yazmağa başladılar.
İlk ağıla gələn yeni ABŞ prezidenti ilə Azərbaycanın iş adamlarından biri, Qarant şirkətlər qrupunun rəhbəri, Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədov arasındakı yaxın münasibətlər oldu. Ona yaxın media quruluşlarının da iddia etdiyi kimi, illərdir Heydər Əliyev Fondu ilə birlikdə ABŞ-da Azərbaycanın təbliği ilə məşğul olan Anar Məmmədovun Trampla yaxın dostluq əlaqələrinin gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinə verə biləcəyi töhfə və bu sahədə oynayacağı mühüm rol ön plana çıxdı. Yenə də tərəfdar medianın iddialarına görə, ABŞ-da Azərbaycan dövlətinin siyasətinin düzgün təbliği nəticəsində son illərdir ki, erməni diasporunun ölkəmizə qarşı apardığı çirkin kampaniyanın qarşısı alınıb. Vurğulanır ki, Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə ABŞ-da keçirilən müxtəlif yüksək səviyyəli tədbirlərdə artıq bu ölkənin nüfuzlu siyasətçiləri, politoloqları, biznesmenləri və media qruplarının rəhbərləri iştirak edir, onlar Azərbaycan həqiqətləri barədə məlumatlandırılırlar.
Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədovun, Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə ABŞ-da dəfələrlə xeyriyyə kampaniyaları, Azərbaycan mədəniyyətinin, incəsənətinin, mətbəxinin nümayiş etdirildiyi sərgilər keçirilib. Sərgilər yüksək səviyyədə, tanınmış sərgi salonlarında və hotellərdə keçirilib. Qeyd olunur ki, bu tədbirlərdə həmişə ABŞ-ın yüksək səviyyəli şəxsləri iştirak ediblər. Hər dəfə belə tədbirlərin sonunda qonaqlar Azərbaycan haqqında indiyədək məlumatsız olduqlarına görə təəssüflənərək, zəngin tariximizə və mədəniyyətimizə heyran qaldıqlarını ifadə ediblər. Məhz belə tədbirlərdə ABŞ siyasətçiləri Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bəyan edərək ABŞ ictimaiyyətinin şüurunda erməni lobbisinin onilliklərdir yaratdığı mifi dağıdıblar.
Bu faktdır ki, Azərbaycanda Donald Trampın şəxsi mülkiyyəti sayılan "Trump Tower" beynəlxalq ticarət markasının adını daşıyan, yeni ABŞ prezidentinin verdiyi lisenziya əsasında tikilmiş yeganə bina məhz Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədovun şirkətinə aiddir. Bir çoxları əmindir və inanır ki, Anar Məmmədovla Donald Trampın illərə dayanan biznes tərəfdaşlığı və şəxsi dostluğu gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək və ABŞ-ın yeni xarici siyasətində Azərbaycanın əməkdaşlıq üçün daha prioritet ölkəyə çevrilməsinə gətirib çıxaracaq.(musavat.com)






Fikirlər