ABŞ-da respublikaçıların prezidentliyə namizədi, ekstravaqant və qalmaqallı tikinti maqnatı Donald Trampın Rusiya prezidenti Vladimir Putinə şəxsi simpatiyası ona qarşı ciddi kompromat kimi istifadə olunmaqdadır.
"The Washington Post” Trampın 2013-cü ildə "Dünya gözəli” müsabiqəsini Moskvaya gətirməsi və Putinlə görüşə cəhd etməsi haqda yazır.
"Tramp "Dünya gözəli” müsabiqəsini llk dəfə Moskvaya gətirəndə o, öz xasiyyətinə sadiq qaldı - gözəlçələrin və biznes-maqnatların çevrəsinə daldı. Ancaq Tramp daha bir fəxri qonağı gözləyirdi - prezident Vladimir Putini. Tramp Putinə müsabiqəyə tamaşa etmək üçün şəxsi dəvət göndərmişdi və planlaşdırılırdı ki, onlar şouya bir gün qalmış göz-gözə görüşəcəklər. Son anda Putin görüşü ləğv etdi və hədiyyə, habelə isti sözlərlə dolu məktub göndərməklə kifayətləndi” - azərbaycanlı milyarder, o vaxt Trampla Putin arasında vasitəçilik edən Araz Ağalarov danışır./AnsPress/
Tramp Ağalarovların "Crocus Expo” sərgi kompleksində keçirilən həmin müsabiqədən 14 milyon dollar qazanıb. Azərbaycanlı biznesmen deyir ki, onlar Moskvanın mərkəzində "Tramp Tower” göydələninin tikintisi haqda razılığa gəlmişdilər. Ancaq bu layihə reallaşmamış qaldı, hərçənd Ağalarov deyir ki, onun layihəyə marağı yüksək olaraq qalır.
Kainat gözəli və Donald Tramp
Qəzet yazır ki, Trampın ruslarla yaxınlığı hələ sovet dövründən yaranıb. İndi isə onun komandasında Rusiya ilə maliyyə əlaqələri olan müşavirlər yer alır.
Araz Ağalarov və oğlu Emin Ağalarov qəzetə bildiriblər ki, həmin gözəllik müsabiqəsindən sonra onlar Trampla dostlaşdılar, Nyu Yorkdakı evində qonaq oldular. Həmin qonaqlıqda onlar Trampın Amerika-Rusiya münasibətləri haqda fikirlərini eşidiblər.
"O, həmişə deyirdi ki, hər dəfə ABŞ-la Rusiya arasında çatlar yarananda hər iki ölkə üçün pis olub. İnsanların fayda götürməsi üçün problemi həll etmək lazımdır. Deyirdi ki, biz dost olmalıyıq” - Emin Ağalarov Trampın dediklərini xatırlayır.
"Tramp həmişə qeyd edir ki, Putini güclü lider sayır. Bu, heyrətamiz dönüş olardı. Əgər o, prezident seçilsəydi və doğrudan da Putinlə dostlaşaydı biz hər il azı 10 müharibədən yayına bilərdik” - Emin əlavə edir.
Bir müddət əvvəl Emin Ağalarov öz "İnstagram" səhifəsində milyarder Donald Trampı dəstəklədiyini də şərh edib: "Mən onu tam olaraq dəstəkləyirəm. Əgər o, ABŞ-ın prezidenti seçilsə, o zaman yeganə amerikalı prezident olacaq ki, azərbaycanlının klipində çəkilib”.