Rusiya ilə heç kəs vuruşmayanda yaşamaq necə də çətin olur. Ona görə bir daha vurğulayıram ki, İngiltərənin daimi müttəfiqləri və əbədi düşmənləri yoxdur. Yalnız bizim maraqlarımız dəyişməz və əbədidir”
1848-ci ilin martın 1-də İngiltərənin xarici işlər naziri lord Palmerstonun dediyi bu dahiyanə fikirlər 9 avqust 2016-cı il Rusiya-Türkiyə prezidentlərinin görüşündə bir daha öz təsdiqini tapdı desək, yanılmarıq. Ötən ilin noyabrın 24-də Rusiya təyyarəsi Türkiyə tərəfindən vurulan gündən Putin və Ərdoğan bir-birlərini nədə ittiham etmədilər? Rusiya Türkiyəni İŞİD terror təşkilatıyla neft alverində, bu ticarətin başında Ərdoğanın oğlunun olduğunda, Türkiyəni tarixən provaslav düşmənçiliyi siyasəti yürütməsində, kürdlərə, ermənilərə qarşı soyqırım törətməkdə, az qala Rusiyanın bütün bədbəxtliklərində Türkiyənin əlinin olmasında ittiham edirdi. Türkiyəyə qarşı sanksiyalar, viza rejimi və sair qadağalar tətbiq etdi. 7 ay ərzində az qala Rusiya – Türkiyə savaşı çıxacağından dünya əndişə yaşayırdı. 9 avqust görüşündə Ərdoğan Putinə 5 dəfə “əziz dostum” deyə müraciət etdi, Putin Türkiyəni dost ölkə adlandırdı. Hər iki ölkə rəhbərlərinin maraqlarına uyğun razılaşmalar, danışıqlar aparıldı.
Mətbuatda hansı sahələr üzrə əməkdaşlıq edəcəkləri detallı qeyd olduğundan məsələnin başqa bir tərəfinə diqqət yetirək. Necə oldu ki, Rusiya -Türkiyə krizisi sürətlə dəyişməyə başladı? Ərdoğanın üzr məktubu ( bu məktubun” təəssüf” deyil, məhz “üzr istənilməsi” olduğunu, məktubun dəfələrlə oxunub sonunda Rusiya tərəfilə razılaşdırıldıqdan sonra göndərilməsi və məhz “üzr" olduğu, görüş keçirilən gün Rusiya mətbuatı tərəfindən bir daha gündəmə gətirildi) ilk addım sayılsa da, Türkiyədə baş tutmayan “çevrilişə cəhd”dən sonra hakimiyyətin görünməyən repressiv tədbirlərə əl atması, edam cəzasının bərpa olacağının müzakirəyə çıxarılması Avropa Birliyi və ABŞ tərəfindən sərt etirazlarla qarşılandıqdan, Türkiyənin AB-nə üzv olacağı məsələsinin qapadılmasını bir çox Avropa ölkələri gündəmə gətirəndən sonra Ərdoğanın izolyasiya olunduğu açıq görünür. ABŞ və Avropanı ittiham edən Ərdoğan Qərbi şantaj etməklə Rusiyaya üz tutub daxili siyasətində demokratik idarəetmə prinsiplərindən imtina edib, daha çox avtoritar rejim yaratmaqda qərarlı olduğu kimi, xarici siyasətdə də Rusiyayla eyni xətt tutacağını Qərbə nümayiş etdirir.
Düzdür, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması, iqtisadi əməkdaşlığın artması hər iki ölkənin, xüsusilə Türkiyənin marağındadır. Ancaq bu yaxınlaşmanın kökündə hər iki dövlətin demokratik dünya tərəfindən-ABŞ və Avropa tərəfindən izolyasiya edilməsi faktoru dayanır. Bu izolyasiyaya daha öncə məruz qalmış Rusiyanın “cəhənnəmə gedən yolda yoldaş axtarması” prinsipi, NATO-nun güclü bir dövlətini öz tərəfinə çəkməsi, Suriya siyasətində Türkiyəni bu günə qədər apardığı anti Əsəd rejimi siyasətindən imtina etməsi, Güney Qafqazda Rusiyanın maraqlarına qarşı çıxmaması, Krım problemində Rusiyanın mövqeyini dəstəkləməsi və sairə maraqları dayanır. Türkiyə də öz növbəsində kürd problemində ərazi bütövlüyünü təhdid edən hər hansı bir addımdan Rusiyanın çəkinməsini, terror hadisələrində dolaysıyla Rusiya izinin itməsi kimi Türkiyəni çox narahat edən məsələlərin yoluna qoyulmasını istəyir. Göründüyü kimi Türkiyəni daha çox iqtisadi ilişkilərin normallaşması və daxildə separatçı hərəkatlara Rusiyanın yardım etməməsi maraqlandırırsa, Rusiyanı daha çox Türkiyəni Qərbin əlindən alması siyasəti dayanır. Ərdoğan da apardığı siyasətlə Qərbə bir növ hədə gəlir ki, məni çox sıxmayın, alternativ güc - Rusiya var.
Rusiya-Türkiyə münasibətləri sonunda böyük bir ittifaqa – uzunmüddətli strateji alyansa gətirib çıxara bilərmi?
Əminliklə demək olar ki, mümkün deyil. Qərblə Türkiyə bu günədək o qədər siyasi-iqtisadi-mədəni tellərlə bağlıdır ki, Ərdoğanın tam sürətlə geriyə atdığı addımlar belə bu bağları qıra bilməz. Türkiyəni bu siyasət daha da izolə edəcək və daxildə narazılığı bir müddətdən sonra yüksək həddə çatdıracaq. Türkiyə cəmiyyəti, hətta onun şəriət üsul-idarəsinə meylli kəsimi də Qərblə daha çox bağlıdır, nəinki Rusiya ilə. Bu bağlılığa son vermək Ərdoğanın gücündə deyil və özü də bunun fərqindədir. Rus siyasi analitiklər də bu yaxınlaşmanı qısamüddətli hesab edərək yazırlar: “biz həddən ziyadə fərqliyik, fərqli maraqlarımız, fərqli ənəvi tarixi əlaqələrimiz və meyllərimiz var, ona görə Moskva – Ankara yaxınlaşması yalnız müvəqqəti olaraq mövcud hakimiyyətlərə, xüsusilə Rusiyaya öz ənənəvi rəqibləri qarşısında siyasi xallar qazandıra bilər”.
Yazının əvvəlində lord Palmerstonun məşhur “əbədi maraqlar var” fikrinə qayıdaraq bu nəticəyə gəlmək olar ki, dünən düşmən kimi görünənlər bu gün maraqları çərçivəsində dost ola bilərlər, amma elə həmən “əbədi maraqlar” zamanla göstərəcək ki, dövlətin əsl əbədi maraqları var ki, ona fərdlər keçici olaraq əl gəzdirə bilərlər, amma dəyişə bilməzlər. Türkiyənin əbədi maraqları Atatürk tərəfindən qoyulub və ondan vaz keçmək Türkiyəni məhvə apara bilər.
“Arşın mal alan” ın Soltan bəyi demiş, “bəs bizim muzdumuz nə olacaq” bu yaxınlaşmalarda, həm də uzaqlaşmalarda? Bizim marağımız da dərdimiz də Qarabağdır. 8-10 avqust görüşləri Qarabağ məsələsinə nə gətirdi və gətirə bilər? Bu günə real olaraq yaxşı heç nə görünmür. Rusiyanın az qala Qarabağı sinidə bizə ərmağan edəcəyi təbliğatı sadəlövhlük yox, özünü aldatmaq və milləti də bu şirin yalanla ovutmaqdı. V.Putin Qarabağ məsələsində Rusiya marağını, yəni həm də Ermənistanın mövqeyini ortaya qoydu. Rusiya status-kvonu dəyişmək niyyətində deyil. Baxmayaraq ki, YAP-ın deputatı televiziyada çıxış edib 8-10 avqust görüşlərini dəyərləndirərkən deyirdi ki, “Bu görüşlərin nəticəsi olaraq Qarabağ probleminin həllinə yaxınlaşmışıq və bu Azərbaycanın qələbəsidi”. 23 ildə problemin həllinə hələ indi yaxınlaşmağı böyük qələbə hesab edən millət vəkilindən soruşmaq lazımdır ki, bu “qələbənin“ memarı Putindirsə və o “bu işdə qalib tərəf olmayacaq” deyirsə nədi bizim qələbəmiz?! Qələbə qalsın bir tərəfə, Qarabağı erməniyə verməyi rəsmiləşdirməyin, bəlkə zamanla “əbədi marağımızı” təmin edə biləcək siyasi şərait və siyasətçi oldu.
Putinin dəvətilə Moskvaya gəlmiş Sərkisyanın İrəvana dönəndə görüşlərin nəticəsi olaraq “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deyəcəyinə də şübhə etməyin. O da “qələbə” ilə dönəcək.
Moderator.az