“QAÇIB ABŞ-a ŞAD XƏBƏR VERƏRƏK, PUL İSTƏMİŞDİ” – Adil Əliyevdən vəkilə cavab

aslan_adil

 

Millət vəkili Adil Əliyev vəkil Aslan İsmayılovun BakiPost.az-a verdiyi müsahibədə onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. BakiPost.az-a açıqlama verən deputat əvvəlcə vəkilin parlament seçkiləri haqda dediklərinə cavab verib: “Aslan İsmayılov deyir ki: “2005-ci ildə yığılan səslər sayılanda doğrudan da birinci Adil Əliyev olub, amma məsələ burasındadır ki, o səslər nəyinsə gücünə yığılmışdı”. Ona demək istəyirəm ki, biz səsimizi gecə-gündüz çalışdığımız əməyin, zəhmətin və düzgün təbliğatın gücünə yığmışıq.

İsmayılov bildirir ki, namizədlərin imkanları bərabər deyilmiş. Əlbəttə bərabər deyildi. Mən min bir əziyyətlə küçə-küçə, ev-ev təbliğat aparanda Aslan İsmayılov Amerikaya səfər etməyi vacib bildi və ora getdi. Mən seçicilərimlə görüşüb, onlara öz platformamı, görüləcək işlərimi bildirəndə, İsmayılov okeanın o tayında hansısa danışıqlar aparırdı. Təbii ki, seçicilərə onları yarı yolda buraxıb qaçan namizəd, millət vəkili lazım deyil.

O özü çox yaxşı bilir ki, Adil Əliyev qanunun tələblərinə uyğun olaraq təbliğatını aparıb və seçicilərin rəğbətini qazanıb”.

A.Əliyev A. İsmayılovun “Mən istəsəydim parlamentdə otura bilərdim. Bununla bağlı mənə ən yuxarı səviyyədə təkliflər də gəlib” sözlərinə də reaksiya verib: “Keçmiş rəqibim cəmi iki-üç cümləylə özünü ifşa edib. Başqa misallar, sübutlar, arqumentlər lazım deyil, elə öz dedikləri ilə, aşağıda qeyd edəcəyim cümlələrə fikir verməklə bizə yönəlik ittihamların nə qədər saxta və əsassız olduğunu göstərmək olar.

Adamdan soruşarlar ki, əgər həqiqətən hökumətdən heç bir təmənnan yox idisə, mandat istəmirdinsə, o zaman nəyə görə cənab Prezidentimiz İlham Əliyevin qəbuluna getmişdin? Yaxşı getdin və qəbulda oldun. Sənə öz tərzinlə desək, “şərt qoydular”, sən də tutaq ki, özün demiş, “qəbul etmədin”. Bəs bilə-bilə ki, şərtləri qəbul etməmisən və sən seçilməyəcəksən, o zaman niyə namizədliyini irəli sürürdün? Maraqlısı odur ki, hər yerdə də deyirdin ki, qəbulda olmuşam, mən seçilmişəm. Əslində isə belə anlaşılır ki, sən gedib demisən ki, mən deputat olmaq istəyirəm, orda da sənə deyiblər ki, seçilmək üçün namizədliyini ver, seçicilərin etimadını qazan, seçkini ud, deputat seçil. Sən də namizədliyini verib, qaçdın Amerikaya şad xəbər verməyə ki, “dobro” almışam, təbliğat üçün pul verin.

Aslan İsmayılov 5 deputat seçkilərində iştirak etdiyini söyləyir. Təkcə 3 seçkini mənə məğlub olub və ya qaçıb. Aslan İsmayılov sinəsinə döyür ki, böyük vəzifələrdə işləyib. Soruşuruq ki, niyə axıra qədər həmin vəzifələrdə işləməmisən? Prokurorluqdan və Prezident Administrasiyasından qovulmusan, ən nəhayət, vəkillər kollegiyasından uzaqlaşdırılmısan. Aslan İsmayılovun “gerçək fəaliyyəti” bundan ibarətdir”.

Millət vəkili həmçinin qeyd edib ki, Aslan İsmayılovun seçkilərdə böyük hesabla məğlub olmasını ən yaxın silahdaşları da etiraf edib:“Aslan İsmayılov müsahibəsində bildirir ki, seçkidə guya onun qalib gəlməsini hamı bilir. Görəsən, “hamı” dediyi kimdir? Məncə, onun “hamı”sı boş-boş xülyalardır. Əslində Aslanın uduzduğunu, seçicilərin böyük bir qisminin etimadını qazandığımı prosesi izləyən hər kəs bilir, hətta onun ən yaxın silahdaşları da bunu etiraf edib. Məsələn, yadımdadır ki, Aslanovun həmkarı Qurban Məmmədov bu barədə hətta yazı da yazmışdı”

“O aparata qoşulu erməni (Raffi Bozaçiyan – Türkiyənin “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin hissədarı – red.) dirilib gəlsə, onu məmnuniyyətlə müdafiə edərəm” sözlərinə toxunan Adil Əliyev əlavə edib ki, Aslan İsmayılovdan bu ifadələri eşitmək təəccüblü deyil: “Bu onun gerçək simasını göstərir. Təbii ki, onu da edər. Çünki o, Sumqayıt hadisələrində də rusların və ermənilərin maraqlarını müdafiə edirdi”.






Fikirlər