Anar Həsənovu Polad Bülbüloğlu işdən qovdurub? — “Lider TV”-nin işdən çıxarılan əməkdaşı DANIŞDI
“Lider TV”-nin Rusiya üzrə xüsusi müxbiri Anar Həsənov bu televiziya kanalından işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. A.Həsənov “Ölkə.az”-a açıqlamasında “Lider TV”-ən işdən çıxarıldığını deyib: “Məni “Lider TV”-dən işdən çıxarıblar. Artıq bu televiziya kanalında işləmirəm. Bu barədə yayılan xəbərlər doğrudur. Mən Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm, filologiya elmləri namizədiyəm. Ancaq hələ ki, əlavə bir şərh vermək istəmirəm. Çox sağ olun ki, mənimlə maraqlanırsınız .A.Həsənov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tərəfindən işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə isə cavab vermək istəmədiyini deyib: “Jurnalist həmkarlarıma böyük hörmətim var. Üzrlü sayın, ancaq mən bu məsələyə şərh vermək istəmirəm”. Xatırladaq ki, Anar Həsənov bir neçə gün öncə Rusiyanın xarici işlər nazirinin mətbuat konfransında Sergey Lavrova “Azəbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda rəsmi Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualını verib. Sergey Lavrov isə həmin suala “Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” deyə cavab verib. Bu hadisədən az sonra isə Anar Həsənov çalışdığı “Lider TV”-dən çıxarılıb. Jurnalistin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göstərişi ilə işdən çıxarıldığı deyilir.