`Cəbhədə əməliyyat şəraiti tam nəzarətdədir` - Zakir HƏSƏNOV

Ali Baş Komandanın Silahlı Qüvvələrdə bütün istiqamətlərdə həyata keçirdiyi islahatlar ordunun döyüş qabiliyyətini artırıb, nizam-intizamı və hərbi qulluqçuların sosial bazasını gücləndirib.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilən hərbi şəhərciyinin açılışında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Onun sözlərinə görə, yeni və müasir texnologiyaların tətbiqi ilə orduda yüksək səviyyəli idarəçilik mexanizmi yaradılıb. Birlik, birləşmə və hərbi hissələrin operativ idarə olunması məqsədilə avtomatlaşdırılmış Komanda İdarəetmə məntəqələri qurulub: “Bu iş bu gün də davam etdirilir. Ordunun yeni növ silah və döyüş texnikası ilə təmin edilməsi qoşunların manevr və zərbə qabiliyyətini artırıb. Döyüş qabiliyyətini təmin edən hərbi vəzifələr tank və döyüş maşınlarının ekipajları, artilleriya və raket qurğularının heyətləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilib”.
Z. Həsənov bildirib ki, son illər ərzində Raket və Artilleriya Qoşunlarının yeni, müasir silah və texnika, atəşi idarəetmə sistemləri ilə təminatı bu qoşun növünün zərbə gücünü kifayət qədər artıraraq, düşmənin bütün hərbi infrastruktur obyektlərini məhv etmək imkanlarını genişləndirib. Hərbi Hava Qüvvələrinin silahlanması yüksək səviyyədədir və qoşunlar qarşıda duran vəzifələri həll etmək, o cümlədən həm havadan, həm də qurudan istənilən hücumun qarşısını almaq, düşmənin ön xəttindəki və onun müdafiəsinin dərinliyindəki mövqelərinə havadan zərbə endirmək qabiliyyətinə malikdir:
“Hərbi Dəniz Qüvvələrinin infrastrukturunun inkişafında da böyük işlər görülüb. Bu qoşun növünün döyüş qabiliyyətinin artırılması üçün lazımi tədbirlər planlaşdırılıb və həyata keçirilir. Cənab Ali Baş Komandan, ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Sizin göstərişinizə əsasən, müxtəlif qoşun növlərinin iştirakı ilə döyüş atışlı irimiqyaslı təlimlərin keçirilməsi şəxsi heyətin idarəçilik və döyüş qabiliyyətinin artırılmasına, atəşin peşəkarlıqla idarə olunmasına imkan yaradıb”.
Müdafiə Naziri qeyd edib ki, 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək on minlərlə kvadratmetr torpaqlarımızı, o cümlədən strateji yüksəklikləri azad edib və hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir: Silahlı Qüvvələrimizin aprel döyüşlərində nümayiş etdirdiyi döyüş ruhu və qabiliyyəti orduda keçirilən islahatların yüksək göstəricisidir. Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır və buna qadirdir. Cənab Ali Baş Komandan, 2017-ci ildə Silahlı Qüvvələrin qarşısında duran əsas vəzifələr işğal altındakı torpaqlarımızın azad edilərək ərazi bütövlüyümüzün bərpa olunması, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, qoşunların operativ idarə olunması, silahlanmaya yeni qəbul edilmiş hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrənilməsi və tətbiqi, şəxsi-heyətin mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsindən ibarətdir.
Cənab Prezident, Sizin yüksək diqqət və qayğınız nəticəsində ordumuzun döyüş qabiliyyəti yüksəlib, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial-məişət şəraitləri yaxşılaşıb və şəxsi heyətin təminatı yüksək səviyyəyə çatdırılıb. Ölkəmizin müxtəlif bölgələrində, xüsusilə də cəbhəboyu zonada yeni inşa edilmiş müasir hərbi şəhərciklər istifadəyə verilir, hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin edilirlər. İcazə verin, bütün Silahlı Qüvvələrin şəxsi heyəti adından orduya göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirim.

AzerTaym.az






Fikirlər