Bakının Lapşin mesajı: Rusiya və Ermənistana verilən böyük DƏRS
Dağlıq Qarabağa qanunsuz səfər edən və Azərbaycana dövlətinin əleyhinə çıxışlar edən Rusiya və İsrail vətəndaşı bloger Aleksandr Lapşin dünən axşam Azərbaycana ekstradisiya olundu. Azərbaycan Baş prokurorluğunun Lapşin haqqında cinayət işi açmasından sonra bloger Belarusda saxlanıldı. Rəsmi Minsk Rusiyanın bütün istəklərinin əksinə olaraq, blogeri Azərbaycana ekstradisiya etdi. İndi əsas suallardan biri budur: Rusiyanın bundan sonrakı addımı necə olacaq? Azərbaycan Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirib ki, Rusiya bu məsələ ilə razılaşmayacaq: “Çünki Rusiya Lapşinin ekstradisiyasını öz nüfuzuna zərbə hesab edir. Rusiya konstitusiyasını əsas gətirərək, məsələnin hüquqi olmadığı haqda ictimai rəy yaratmağa çalışır. Lakin rəsmi Bakı öz prinsipiallığını göstərdi. Hər kəsə bəyan etdi ki, belə məsələdə güzəşt yoxdur”. Onun sözlərinə görə, Lapşin prosesini Azərbaycan üçün bitmiş hesab etmək olar. “Bundan sonrası hüquqi prosedurdur. Rusiya Lapşini almaq üçün rəsmi müraciət edə, yaxud məxfi danışıqlar apara bilər. Azərbaycan blogeri Rusiyaya, İsrailə, yaxud üçüncü bir ölkəyə verə bilər. Bütün bunlar artıq təfərrüatdır və bunların heç bir əhəmiyyəti yoxdur. Burada əsas məsələ siyasi prinsipiallıq idi və Azərbaycan bu prosesdən qalib çıxdı. Göstərdi ki, Azərbaycan dövlətinə qarşı cinayət etmiş istənilən şəxsi ölkəyə gətirə və hüquqi çərçivədə cəzalandıra bilər. Bu, olduqca əhəmiyyətli siyasi hadisədir. Azərbaycan bununla Rusiyaya, eləcə də Ermənistana böyük dərs verdi”, - deyə o bildirib. Politoloq Qabil Hüseynli isə Publika.az-a açıqlamasında qeyd edib ki, Rusiya heç nə edə bilməyəcək: “Azərbaycan Rusiyaya qarşı heç nə etməyib. Sadəcə olaraq, ərazi bütövlüyünə qarşı atılmış addıma hüquqi cavab verib. Uzaq başı Rusiya yenə nəsə bəyanat verəcək, lakin bunların heç bir əhəmiyyəti yoxdur”. Onun fikrincə, Rusiya Lapşin məsələsində öz imicinə qarşı addım atmış oldu. “Rusiya vətəndaşı olan Dilqəm Əsgərov doğma yurduna gedəndə əsir götürüldü. Lakin Rusiya bununla bağlı Ermənistana heç nə etmədi. İndi Lapşin məsələsində yaxalarını cırmaqları ilə özlərinin imicinə zərbə vurmuş oldu”, - deyə o bildirib. Q.Hüseynli hesab edir ki, Azərbaycan Lapşinlə humanist davranacaq: “Xüsusilə İsrailin xətrinə bunu edəcək. Ola bilsin ki, Lapşin mətbuat konfransı keçirəcək və Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edəcək. Azərbaycan burada iki hədəfi vurdu. Birincisi, bu tipli adamların real faktlara söykənmədən, sadəcə olaraq pul, yaxud nəyinsə qarşılığında bəyanatlar verdiyini sübut etdi. İkincisi, Qarabağa getmək istəyənlərə cinayət məsuliyyətinə cəlb ediləcəklərini göstərdi”. Politoloq əlavə edib ki, Azərbaycan Lapşinlə humanist davranacaq, lakin bundan sonra Qarabağa səfər edənlərə qarşı daha sərt addımlar atılacaq.